Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikintisi, ümumtəhsil məktəblərinin ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər tədrisin yeni metodlarla tətbiqinə geniş imkanlar açmışdır. Təhsil infrastrukturunun müasirləşdirilməsi sahəsində görülən işlər Heydər Əliyev adına tam orta məktəbi də əhatə etmişdir. Məktəb ötən dövrdə muxtar respublikada təhsilin inkişafına mühüm töhfələr vermiş, ali və orta ixtisas məktəblərinə, hərbi təhsil müəssisələrinə qəbul zamanı uğurlu nəticələr qazanılmışdır.
Bu il məktəbin yaranmasından 10 il ötür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalamış və yubileylə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər planına əsasən, bu il Heydər Əliyev adına tam orta məktəbin binasında yenidənqurma işləri aparılmışdır. Təhsil ocağında 60 sinif otağı, 5 elektron lövhəli sinif, 3 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, hərbi kabinə, 2 şahmat sinfi və müəllimlər otaqları, emalatxana və idman zalı vardır.
Hazırda 1110 şagirdin təhsil aldığı məktəbdə gənclərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbin kompüter otaqlarında 57 kompüter dəsti quraşdırılmış, internetə çıxış təmin olunmuşdur. Həmçinin elektron lövhəli siniflərdə və laboratoriyalarda da müasir tədris imkanları yaradılmış, elektron dərsliklər və əyani vəsaitlərlə təminat yüksək səviyyədə təşkil olunmuşdur. Məktəbin kitabxana fondunda isə 16 mindən çox dərslik və bədii ədəbiyyat müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Yaradılan şəraitin nəticəsidir ki, Heydər Əliyev adına tam orta məktəbdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrində ilbəil artım müşahidə olunur. 2014-cü ildə məktəbi bitirən məzunlardan 1-i “Qızıl” medala layiq görülmüşdür. Ötən tədris ilində XI sinfi bitirən 48 məzundan 46-sı ali və orta ixtisas məktəblərinə sənəd vermiş, onlardan 45-i tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olan məzunların 14-ü imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamışdır.
Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, Heydər Əliyev adına tam orta məktəbi bitirən abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük verirlər. Belə ki, ötən tədris ilində tələbə adını qazanan məzunlardan 18-i Naxçıvan Dövlət Universitetinə, 3-ü Naxçıvan Müəllimlər İnstitutuna, 1-i Naxçıvan Özəl Universitetinə, 1-i Azərbaycan İqtisad Universitetinə, 1-i Bakı Dövlət Universitetinə, 2-si Azərbaycan Tibb Universitetinə, 1-i Azərbaycan Dillər Universitetinə, 1-i Azərbaycan Dövlət Aqrar Universitetinə, 1-i Azərbaycan Diplomatik Akademiyasına, 1-i Polis Akademiyasına, 2-si Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 1-i Azərbaycan Dövlət Neft Akademiyasına, 2-si Milli Aviasiya Akademiyasına, 3-ü Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 1-i Ukraynanın Xarkov Universitetinə, 3-ü isə Türkiyə Respublikasının müxtəlif universitetlərinə qəbul olmuşdur.
Muxtar respublikada orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qəbul planının artırılması, yeni ixtisasların yaradılması şagirdlərdə bu sahəyə marağı xeyli artırmışdır. Belə ki, ötən tədris ilində Heydər Əliyev adına tam orta məktəbin 2 məzunu da Naxçıvan Tibb Kollecinə qəbul olmuşdur.
Naxçıvan Muxtar Respublikasında məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikada Heydər Əliyev adına Hərbi Liseyin yaradılması, təhsil müəssisələrində hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, hər il hərbi rəhbərlərin toplantısının keçirilməsi, onların xüsusi hərbi geyim forması ilə təmin olunması, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmiş, hərbi təhsilə marağı xeyli artırmışdır. Heydər Əliyev adına tam orta məktəbdə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ilkin hərbi vərdişlərə yiyələnməsi diqqət mərkəzindədir. Məktəbin hərbi kabinəsində “çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün lazımi şərait yaradılmış, elektron lövhə quraşdırılmışdır. Bu sahədə həyata keçirilən tədbirlər öz bəhrəsini vermiş, 2014-cü ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ümummilli liderimizin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmin sirlərini öyrətmək isə bununla yanaşı, həm də böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Məktəbdə milli dəyərlərimiz, adət-ənənələrimiz, tariximiz gənclərə dərindən öyrədilməlidir. Təlim-tərbiyə və tədris prosesi bu günə qədər olduğu kimi, bundan sonra da müasir metodlarla qurulmalıdır”.
Heydər Əliyev adına tam orta məktəbin kollektivi Ali Məclisin Sədri tərəfindən müəyyənləşdirilən bu vəzifələri əsas fəaliyyət istiqaməti kimi götürəcək, gələcək illərdə də uğurlu nəticələrin qazanılması üçün səylə çalışacaqdır.
“Şərq qapısı”