Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 avqust tarixli “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, dünən AMEA Naxçıvan Bölməsində AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Naxçıvan Dövlət və Özəl universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Məhəmməd Tağı Sidqi: həyatı və mühiti” adlı elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Qeyd olunub ki, 1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə alıb, klassik Şərq poeziyasını və fəlsəfəsini öyrənib.
Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yenitipli “Əxtər” məktəbi yaradıb, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoyub. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb edib, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirib.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov “Məhəmməd Tağı Sidqinin həyatı və mühiti” mövzusunda məruzə edib.
Bildirilib ki, Məhəmməd Tağı Sidqi Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm xidmətlər göstərən görkəmli maarifçi və yaradıcı şəxsiyyət idi. Məhəmməd Tağı Sidqinin ədəbiyyata gəldiyi illərdə Azərbaycanda maarifçilik hərəkatı özünün yüksək zirvəsinə qalxmışdı. Həmin dövrdə Naxçıvan inkişaf edən mərkəzlərdən biri idi. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəlibəy Sultanov, Hacıağa Fəqir Ordubadi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əbülqasım Sultanov, Mirzə Cəlil Şürbi, Qüdsi Vənəndi və onlarla başqaları məhz həmin mühitin içərisindən çıxmış ziyalılar idilər. XIX əsrin 80-90-cı illərində Naxçıvan ədəbi mühitinin ağsaqqalı və müəllimi olmuş Məhəmməd Tağı Sidqinin çoxcəhətli fəaliyyəti klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü funksiyasını yerinə yetirib. XIX əsrin 70-80-ci illərində yetişib formalaşan yeni maarifçi nəsil 90-cı illərdən etibarən, müəyyən mənada, Məhəmməd Tağı Sidqinin əməl və ideyalarını müstəqil surətdə davam etdirməklə maarifçilik hərəkatı meydanına atılıb. Milli maarifçiliyin məktəb, dərslik, teatr, ədəbiyyat və mətbuatın inkişafı ilə bağlı ən yaxşı ənənələri bir çox görkəmli ziyalılarla yanaşı, Məhəmməd Tağı Sidqinin adı ilə bağlıdır.
“Məhəmməd Tağı Sidqi və dövri mətbuat” mövzusunda məruzə edən Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, professor Əsgər Qədimov görkəmli pedaqoqun mətbuat sahəsindəki xidmətlərindən danışıb.
“Məhəmməd Tağı Sidqinin lirikası” mövzusundakı çıxışında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, M.T.Sidqi bədii yaradıcılığa ilk gənclik illərindən başlayıb. Bu dövrdə Ordubadda Şeyxəli xan Kəngərlinin təşkil etdiyi “Əncüməni-şüəra” ədəbi məclisi Fəqir Ordubadinin rəhbərliyi ilə fəaliyyət göstərirdi. Fəqir Ordubadi dünyasını dəyişdikdən sonra ədəbi məclisə Sidqi rəhbərlik edib. O, lirik qəzəllərində bədii ifadə vasitələrindən bacarıqla istifadə edirdi. Dilin təmizliyinə, sadəliyinə ciddi diqqət yetirən Sidqi yaradıcılığına Nəsiminin, Füzulinin, Molla Pənah Vaqifin təsiri açıq-aydın görünür.
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov “Məhəmməd Tağı Sidqinin yaradıcılığında mənəvi tərbiyə məsələləri” mövzusunda məruzə edib. Bildirilib ki, insanın daxili mənəvi aləminin kamilliyinə yüksək qiymət verən Sidqi elmə, biliyə yiyələnməyi, ədəb və tərbiyəyə, dərsə düzgün münasibət formalaşdırılmasını vacib sayırdı. Təbliğ edirdi ki, uşaqlar vaxtlarını boş keçirməsinlər, ondan səmərəli istifadə edərək oxumaqla məşğul olsunlar.
“Məhəmməd Tağı Sidqinin həyat və fəaliyyətinin orta ümumtəhsil məktəblərində tədrisi” adlı məruzəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Xudiyev bildirib ki, Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafında mühüm rolu olan Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı bu gün ümumtəhsil məktəblərimizdə gənc nəslə aşılanır. Ümumtəhsil məktəblərində “ədəbiyyat” fənninin tədrisi prosesində Sidqi yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilərək bildirilir ki, Sidqinin çoxşaxəli ədəbi-pedaqoji və elmi fəaliyyəti milli maarifçilik hərəkatı tarixində Seyid Əzim Şirvani dövrünün davamı, eyni zamanda yeni inkişaf dövrünün başlanğıcıdır.
Şagirdlərimizə öyrədilir ki, Məhəmməd Tağı Sidqi ilk dəfə ana dilində milli məktəbin, Naxçıvanda qız məktəbinin əsasını qoyub, publisistik məqalələri ilə və 7 dərsliyin müəllifi kimi Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynayıb.
Naxçıvan Özəl Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” adlı məruzəsində görkəmli maarif xadiminin uşaq ədəbiyyatı sahəsindəki fəaliyyətini önə çəkib. Qeyd olunub ki, görkəmli pedaqoq və yazıçının maarifçi bədii əsərləri və pedaqoji yazıları zamanında uşaqların müxtəlif cəhətlərdən inkişafında böyük rol oynayıb və indi də öz əhəmiyyətini itirməyib. Bu əsərlər XIX yüzilliyin əvvəlindən başlanan maarifçi ideyaların həmin əsrin sonunda daha sürətlə intişar tapdığını göstərir. Məktəblərimizdə ana dilində təhsilin genişlənməsində əhəmiyyətli yeri və rolu olan Məhəmməd Tağı Sidqinin uşaq ədəbiyyatı örnəkləri daha çox maarifin, elmin, biliyin təbliği məsələlərinə yönəlib. Onun adı ilə bağlı olan “Əxtər” və “Tərbiyə” məktəblərində həmin məsələlər əyani şəkildə həyata keçirilirdi. Ədibin uşaq hekayələri bədii-pedaqoji xarakter daşıyır. O, yazdığı əsərləri təkcə yazıçı kimi deyil, həm də müəllim olaraq qələmə alıb. Ona görə də həmin əsərlərdə öz işinin ustası olan bir müəllimin şagirdlərinə qayğısı, arzuları əsas yer tutur.
Konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.
Xəbərlər şöbəsi