Azərbaycan qadını iti zəkası, uzaqgörənliyi və qəhrəmanlığı ilə tariximizdə iz qoyub: Azərbaycan Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldənizin xanımı Möminə xatın, Gəncədə yaşayıb-yaradan Məhsəti Gəncəvi, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara xatın, Quba xanı Fətəli xanın həyat yoldaşı Tutubikə, Heyran xanım, Qönçəbəyim, Nazlı xanım Nəcəfova və daha neçələri …
Qadın anadır. Ana isə gələcəyimiz olan körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Bu səbəbdən qadınlarımızın savadlanması hər zaman çox vacib məsələlərdən biri olub; bu mənada maarifçi-ziyalılarımız Azərbaycan qadınının da təhsil almasına çalışıb və bu uğurda mübarizə aparıblar. Azərbaycan qadınının fəaliyyəti xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılması və zənginləşməsinə xidmət edib. Fədakar, mərd Azərbaycan qadınlarının qəhrəmanlıq xatirələri tariximizin şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək əxlaqi və mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir.
Hal-hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Naxçıvan Qızlar Liseyi bu baxımdan qızlarımızın gələcəyə hazırlanmasında böyük rola malikdir. Lisey son illər yeni binaya köçürülüb. Burada təhsil alan 335 şagirdin təlim-tərbiyəsi ilə 68 müəllim və tərbiyəçi məşğul olur.
Məktəblə daha yaxından tanış olmaq üçün Naxçıvan Qızlar Liseyini ziyarət etdik. Oranın səliqə-sahmanı diqqətimizi çəkən ilkin faktorlardan oldu. Liseydəki şagirdlərin səliqəli məktəbli geyimlərinə baxa-baxa və hansısa sinif otağından gələn həzin musiqiyə qulaq asa-asa qeyri-ixtiyari Hüseyn Cavidin bu misralarını söyləməyə başladım:
– Quzum, yavrum! Adın nədir?
– Gülbahar.
– Pəki, sənin anan, baban varmı?
– Var.
– Nasıl, zənginmidir baban?
– Əvət, zəngin, bəyzadə...
– Öylə isə geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
– Var əfəndim, var,.. lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti…
İlk olaraq bizi bu gözəl tədris ocağının uğurları maraqlandırdı. Bunun üçün məktəbin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Aidə Allahverdiyeva ilə söhbətləşməyi qərara aldıq. O, son uğurları sadalayarkən qeyd etdi ki, məktəbi 26 şagird bitirib. Onlardan 24-ü ali, 2-si isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məzunlarımızın əksəriyyəti universitetlərə yüksək balla qəbul olunublar.
Liseydə diqqətimizi çəkən digər təqdirəlayiq hal isə burada fəaliyyət göstərən dərnəklər oldu. Bu dərnəklərdə şagirdlər öz estetik zövqlərinə uyğun fəaliyyətlərlə məşğul olmaq imkanı qazanırlar. Dərnəklərdən əlavə, mənəviyyat, kulinariya, tikiş, toxuculuq, xalçaçılıq kimi əlavə fəaliyyət sahələri və şagird elmi cəmiyyəti fəaliyyət göstərir. Şagirdlər bu yolla biliklər axtarışında olur, gələcəyə hazırlanırlar. Bu, şagirdlərin müşahidə qabiliyyətini təkmilləşdirir. Aidə xanımdan şagirdlərə verilən axtarış mövzuları haqqında xəbər aldıq. Mövzular belə idi: “Naxçıvanın 5 minillik şəhər tarixi və Naxçıvan ekologiyası”, “Məhəmməd Tağı Sidqi: həyat və yaradıcılığı” və sair.
Məktəbdə şagirdlər üçün maraqlı layihələr həyata keçirilir, onların muzeylərə və digər maraqlı məkanlara ekskursiyaları təşkil edilir. Məktəbdə olduğumuz zaman IX sinif şagirdlərinin Hüseyn Cavidin ev-muzeyində açıq dərsdə iştirak etdiklərini dedilər. Dahi dramaturqun yaşadığı evdə məktəbli qızlara onun irsi və həyat yolundan danışılacaq, onun yaşadığı mühitdən bəhs ediləcək.
Liseyin Naxçıvan Muxtar Respublikası Film Fondu ilə müqaviləsi var. Aidə xanım dedi ki, biz hər həftə şagirdlərimizə bir Azərbaycan filmi izlədirik, məsələn, keçən həftə şagirdlərimiz “Koroğlu” bədii filmini izləyiblər.
Qeyd edə bilərik ki, bu cür təşəbbüslər şagirdlərə maraqlı təhsil imkanı yaradır. Onlar həm də vizual bilik əldə edirlər.
Burada həm də diskussiyalar təşkil edilir. Bu diskussiyalar yarış xarakterlidir və uşaqların nitq qabiliyyətinin inkişafına güclü təsir edir. Bu diskussiyalara ziyalılar dəvət edilir, şagirdlər maraqlandıqları mövzuları birbaşa mütəxəssislərin dilindən eşitmək imkanı qazanırlar. Liseydə qrafik üzrə müəllimlərin şagirdlərlə söhbətləri təşkil olunur, bu söhbətlərin məğzi belədir: milli-mənəvi dəyərlərə hörmət edən, milli adət-ənənələri qoruyan, vətənpərvər, intellektual səviyyəli Azərbaycan xanımları hazırlamaq.
Biz məktəbin yaradıcılıq otaqlarında şagirdlərin əl işləri ilə tanış olduq. Divarlardan asılmış bədii tikmə sənətinin nümunələri, milli dəyərlərimizin əks olunduğu rəsmlər, xalça nümunələri gözümüzü və könlümüzü oxşadı. Liseydə milli dəyərlərimiz təbliğ olunur. Biz əminik ki, bu reallığı düzgün dərk edib dəyərləndirən Azərbaycan qadını gələcək analıq missiyasını şərəflə həyata keçirərək vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar tərbiyə edəcək. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına əsaslı zəmin yaradıb. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan dəyərlərimizin bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edib.
Gənc nəslin Azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilib. Gənclərimizin düzgün təlim-tərbiyəsinə, fiziki və mənəvi inkişafına töhfəsini vermək Azərbaycan qadınının ən böyük nailiyyətidir ki, Qızlar Liseyində biz bu nailiyyətin şahidi olduq. Bu gün qadının sosial vəziyyətinin yüksəlməsi daha parlaq surətdə cəmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir. Bu proses hər bir ölkədə özünəməxsus şəkildə həyata keçirilir. Qadın cəmiyyətin əsas dayaqlarından biridir desək, səhv etmiş olmarıq. Yazını böyük dramaturqumuz Hüseyn Cavidin misraları ilə tamamlamaq istərdik:
Qadın gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
Nərgiz İSMAYILOVA