Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma kursuna cəlb edilən məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçi-müəllimləri üçün təşkil olunmuş 10 günlük ixtisasartırma kursu başa çatıb.
Kurs iştirakçılarına sertifikatların verilməsi münasibətilə keçirilən tədbiri institutun rektoru, professor Oruc Həsənli açaraq bu gün Azərbaycan təhsil sistemində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirildiyini bildirib.
Vurğulanıb ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətlərinin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətlərinin formalaşmasını təmin edir. Danılmaz həqiqətdir ki, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Orxan Məhərrəmov, institutun müəllimi Mənsim Tarverdiyev və Naxçıvan şəhərindəki 4 nömrəli uşaq bağçasının müəllimi Ulduz Kərimova çıxış edərək məktəbəqədər müəssisələrdə çalışan metodist və tərbiyəçi-müəllimlər üçün təşkil edilən belə kursların əhəmiyyətindən danışıblar.
Sonda kursda iştirak edən tərbiyəçi-müəllimlərə sertifikat və institutun kurikulum mərkəzində elektron formada hazırlanmış metodik vəsaitlər təqdim edilib.
Xəbərlər şöbəsi