24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin (NDU) Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, Beynəlxalq Ekologiya, İnsan və Təbiətin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, aqrar elmləri doktoru, professor Əlövsət Quliyevin “Müstəqillik illərində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində qədim kəhrizlərin bərpası və yenilərinin layihə olunması” mövzusunda yazdığı məqalə Özbəkistan Respublikasının alimləri arasında geniş səs-səda doğurub.

Ölkələrinin ekoloji vəziyyətindən, Aral dənizi problemindən, su ehtiyatlarının azalmasından narahat olan Özbəkistan alimləri bu ölkədə keçirilən beynəlxalq tədbirə professor Əlövsət Quliyevi də dəvət ediblər.

NDU-nun professoru Əlövsət Quliyev Özbəkistan alimləri ilə birlikdə Daşkənd şəhərində adıçəkilən məsələ ilə bağlı beynəlxalq müzakirələr və ekspedisiyalarda iştirak edib. Beynəlxalq tədbirdə Özbəkistanda içməli və suvarma suyunun azalması, vaxtı ilə olan kəhrizlər, onların mövcud vəziyyəti, kəhrizbərpa işlərinin aparılma mümkünlüyü, onlardan suvarmada, məişətdə istifadə və sair bu kimi məsələlər müzakirə edilib. Vurğulanıb ki, MDB ərazisində ilk dəfə Naxçıvan Muxtar Respublikasında aparılan kəhrizbərpa işlərinin, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsinin yaradılmasının analoqu yoxdur.
Professor Əlövsət Quliyev Naxçıvan tarixinin müxtəlif dövrlərini əks etdirən sənədli filmləri, Naxçıvanın tarixinə, mədəniyyət və iqtisadiyyatına aid kitabları, CD-ləri Özbəkistan Respubikasının alimləri və beynəlxalq heyət üzvlərinə təqdim edib. Naxçıvan Muxtar Respublikası ilə qiyabi tanışlıq onlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin heyət üzvlərinə Naxçıvanda aparılan kəhrizbərpa işlərinə aid metodik vəsait, təhlükəsizlik tədbirlərinə aid tövsiyə və tədqiqat materialları təqdim edilib. Beynəlxalq tədbirdə bildirilib ki, Özbəkistanda həyata keçiriləcək kəhrizbərpa işlərində Naxçıvan təcrübəsindən istifadə olunacaq.
Məlumat üçün onu da qeyd edək ki, professor Əlövsət Quliyev bu yaxınlarda İran İslam Respublikasının Yəzd şəhərində keçirilən UNESCO-nun “Qədim hidravlik sistemlər – kəhrizlər” üzrə 6-cı dövlətlərarası İdarə Heyətinin cari toplantısında da iştirak edib. Onun “Naxçıvanda aparılan kəhrizbərpa işləri, Orta Asiya kəhrizləri və Böyük İpək Yolu” mövzusunda məruzəsi dinlənilib. Məruzə maraqla qarşılanıb, Böyük İpək Yolunun (Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Azərbaycan ölkələri olmaqla) karvan yolları, bu yollar üzərində yerləşən karvansaralar, sərdabələr, kəhrizlər, su quyuları və qədim şəhərlər barədə məlumatların toplanaraq tədqiqat işlərinin aparılması qərarına gəlinib. Həmyerlimizin məruzəsində önə çəkilən problemin elmi surətdə əsaslandırılması (dünyada içməli su problemi, iqlimin dəyişməsi, baş verən kataklizmlər) qədim İpək Yolu (4 min ilədək fəaliyyət göstərmiş) mədəniyyəti izlərinin gələcəkdə daha geniş surətdə tədqiq olunmasına zəmin yaradıb.

Mina QASIMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR