24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim uyğur türkləri Mərkəzi Asiyanın özünəməxsus zəngin onomastikaya malik xalqlarından biridir. Bu onomastik vahidlər mürəkkəb, eyni zamanda mütəşəkkil bir sistemə malikdir. Qeyd edək ki, uyğur türklərinin onomastikası dedikdə VIII yüzilliyə qədər Çin mənbələrinə qədərki lüğətlərdə və digər yazılı mənbələrdə öz əksini tapmış bütün xüsusi adların toplusu başa düşülür. Bu məsələ türkologiyada ciddi əhəmiyyət kəsb etdiyindən və aktual olduğundan həmin dövrün onomastikasının formalaşması prinsiplərinin və işlənməsi xüsusiyyətlərinin sistemli tədqiqi vacib məsələdir. 

 AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin işıq üzü görən “Qədim uyğur türklərinin onomastikası” adlı mono­qrafiyası mühüm türkoloji mənbə olmaqla yanaşı, həm də dilçilik elminə layiqli töhfədir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov, rəyçiləri akademik Tofiq Hacıyev və filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəbovdur. Professor Əbülfəz Quliyevin gərgin zəhməti və çoxillik tədqiqatları sayəsində ərsəyə gəlmiş bu monoqrafiyada ilk dəfə qədim uyğur türklərinin onomastikası leksik-semantik baxımdan sistem halında tədqiq edilmişdir. 

Monoqrafiyanın girişində müəllif qeyd edir ki, qədim uyğur türkləri göytürklərin davamçıları olduğu kimi, özlərinə məxsus mənəvi-mədəni irslərini, ənənələrini, o cümlədən yazı ənənələrini də qoruyub saxlamışlar. Buna görə əsərdə qədim uyğur onomastikası üç bölmə – “Ötükən uyğurlarının (745-840) onomastikası”, “Turfan uyğurlarının onomastikası (840-1206)” və “Kutadqu bilig”in onomastikası” bölmələri üzrə araşdırılmışdır. Kitabda həmçinin qədim uyğur onomastik vahidlərində özünü göstərən göytürk onomastikası ilə oxşar və fərqli xüsusiyyətlər də təhlil edilmişdir.
Müasir türkologiya üçün dəyərli mənbə olan bu monoqrafiya giriş, səkkiz bölmə, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Müəllif zəngin dil faktları ilə yanaşı, son illərin nəşri olan 200-ə yaxın elmi ədəbiyyatdan da istifadə etmişdir. Əsərdə qədim uyğur türklərinin onomastikası təsviri şəkildə və ümumtürk dillərinin onomastikası ilə müqayisəli planda tədqiq edilmişdir. Burada müəllif indiyə qədər uyğur türklərinin onomastikasının tədqiqolunma arealına da öz münasibətini bildirmişdir.
Professor Əbülfəz Quliyevin “Uyğur türklərinin onomastikası” adlı monoqrafiyasının əhəmiyyət kəsb edən cəhətlərindən biri də V-XI əsrlərdə yazılmış qədim türk abidələri onomastikasının sistemli şəkildə araşdırılmasının nəticəsi olaraq əsərin sonunda 19 ümumiləşdirilmiş nəticə verməsidir. Əsərin “Nəticə” adlanan hissəsində kitabı oxumadan belə, qeyd edilən ümumiləşmiş, yığcam qənaətlər hesabına bəhs edilən mövzu haqqında konkret məlumat, bilik əldə etmək mümkündür. Müxtəlif dövrlərdə yaranıb dilin tarixinə daxil olmuş xüsusi adlar – onomastik vahidlər o dövr cəmiyyətinin vəziyyəti, ictimai quruluşu haqqında müəyyən informasiyanı özündə əks etdirir.
Qədim onomastik layın tarixi-etimoloji tədqiqi XI yüzillikdə türk dillərindəki leksik prosesləri izləməyə, bu prosesin etnolinqvistik xüsusiyyətlərini aşkarlamağa, tarixi fonetika, leksikologiya, morfologiya, etnonimika, etnotoponimika məsələlərinə işıq tutmağa, həmçinin qədim uyğur türklərinin dövrü və mühitinin, onların etnik tarixinin, etnogenezinin ətraflı elmi şərhini verməyə imkan verir. Tarixi onomastik layın tarixi-etimoloji tədqiqi həm də qədim türk tayfalarının ərazicə yayılma arealının və onların dil xüsusiyyətlərinin dəqiq təyin edilməsinə imkan yaradır. Məhz bu məziyyət monoqrafiyanın mövzusunun aktuallığını və əhəmiyyətini şərtləndirməkdədir.
Beləliklə, adıçəkilən əsər türk dillərinin onomastik layının üzə çıxarılması və öyrənilməsində, tətbiqi baxımdan tarixi onomastik (antroponimik və toponimik) lüğətlərin hazırlanmasında faydalı elmi mənbə hesab oluna bilər. Ümumiyyətlə, monoqrafiya öz elmi dəyərinə görə tarixi onomastikadan xüsusi kursların tədrisində, proqram, dərslik və dərs vəsaitlərinin yazılmasında, həmçinin onomologiya sahəsi üçün, türk dillərinin dialektologiyası, lüğətçilik, bütünlükdə türk xalqlarının soykökü, etnoqrafiyası, tarixi, coğrafiyası üçün xüsusilə faydalı əsərdir.

Zülfiyyə İSMAYIL
filologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR