Muxtar respublikamızda iqtisadiyyatın dinamik inkişafı, istehsalatda müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələrin icrası nəticəsində ixtisaslı kadrlara olan tələbat ildən-ilə artmaqdadır. Buna görə də təhsilin bütün pillələri kimi, peşə təhsilinin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu baxımdan muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır. Dövlət proqramının icrası ilə əlaqədar rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə köməklik məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Dövlət proqramına əsasən, 2014-cü ilin 10 ayı ərzində aid təşkilatlar qarşısında qoyulmuş vəzifələr uğurla icra edilmişdir. Belə ki, peşə hazırlığının səmərəliliyini yüksəltmək, peşə sahələrinə uyğun tələbatın müəyyənləşdirilməsi məqsədilə rübdə bir dəfə olmaqla, ümumilikdə, 332 dövlət və özəl müəssisədə sorğular keçirilmiş, işaxtaranlar əvvəlki peşə, ixtisas və iş təcrübəsi, peşə meyilləri, bacarıq və vərdişləri nəzərə alınmaqla kurslara cəlb olunmuşlar. Dövlət Məşğulluq Xidmətinin internet saytında, eləcə də kütləvi informasiya vasitələrində əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları haqqında məlumatlar təqdim olunmuşdur.
Ötən müddət ərzində şəhər və rayon məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümlü məşğələlər təşkil edilmişdir. Məşğələlərdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar, onların gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilmiş və sorğular keçirilmişdir. 2014-2015-ci tədris ilində 4 peşə təhsili müəssisəsi üzrə 444 şagird qəbulu həyata keçirilmişdir. Bu tədris ilində peşə təhsili müəssisələrində, ümumilikdə, 19 ixtisas üzrə 534 müdavim təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 53 müəllim və istehsalat təlimi ustası məşğul olur. Eyni zamanda bu il Naxçıvan Şəhər Peşə Liseyində yeni “arıçı” peşə kursu da açılmış və 12 müdavim həmin kursa qəbul edilmişdir. Qeyd olunan dövr ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində “bərbər”, “qadın bərbəri”, “ofisiant”, “aşpaz köməkçisi”, “dərzi”, “qazanxana maşinisti”, “traktorçu-maşınçı”, “elektrik montyoru”, “kabel lehimləyicisi və elektrik montyoru”, “qaz təsərrüfatının istismarı və təmiri üzrə nəzarətçi-çilingər”, kütləvi informasiya vasitələrində çalışan kadrların təcrübə və peşəkarlıqlarının artırılması məqsədilə “kinooperator”, “televiziya rejissorluğu”, “teleaparıcı” peşələri üzrə təlim kursları təşkil edilmiş, kursları müvəffəqiyyətlə başa vuran müdavimlərin müvafiq peşə sahələri üzrə işlə təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Həmçinin bu dövr ərzində sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial reabilitasiyası məqsədilə də kurslar təşkil edilmiş, 21 nəfər peşə kurslarına cəlb edilmişdir.
Muxtar respublikada milli dəyərlərimizin qorunması və yaşadılmasına böyük diqqət və qayğı göstərilir. Xalq sənətkarlığı nümunələrinin incəliklərini öyrənmək və yaşatmaq məqsədilə “xalçaçı”, “misgər” və “ağac üzərində oyma” peşələri üzrə kursların təşkil olunması qeyd olunanların əyani ifadəsidir.
İqtisadiyyatın müxtəlif sahələrində istifadə edilən müasir maşın-mexanizmlərin təhsilli və ixtisaslı kadrlar tərəfindən idarə olunması məqsədilə ötən dövr ərzində müvafiq işlər görülmüş, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlimlərin səmərəli təşkili və yüksəkixtisaslı kadrların hazırlanmasına geniş imkanlar açmışdır. 2014-cü ilin 10 ayı ərzində Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbində “sürücülük” peşəsi üzrə 2100 müdavim kurslara qəbul edilmiş, onlardan 2074 nəfəri şəhadətnamə almışdır. Hazırda məktəbdə 390 müdavim təhsilini davam etdirir.
Bu il “Bilik Günü”ndə Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin istifadəyə verilməsi tələbata uyğun kadr hazırlığı imkanlarının daha da genişləndirilməsinə səbəb olmuşdur. İlk mərhələdə məktəbdə 11 ixtisas üzrə 220 müdavim kurslara cəlb olunmuşdur. Oktyabr ayında Şərur Texniki-Peşə və Sürücülük Məktəbində “qazanxana maşinisti” ixtisası üzrə təhsil alan 20 müdavimdən 18-i şəhadətnamə alaraq iş yerlərinə göndərilmişdir. Bundan başqa, məktəbdə “qazanxana maşinisti” və “sürücülük” ixtisasları üzrə yeni peşə kursları açılmış və 35 müdavim həmin kurslara cəlb olunmuşdur.
Sürətlə inkişaf edən qabaqcıl texnologiyalardan istifadə, həmçinin bazar iqtisadiyyatı ilə əlaqədar “kommersiya agenti”, “menecment”, “ofisiant”, “turizm bələdçisi”, “kompüter operatoru” və sair ixtisaslara uyğun texniki-peşə təhsili şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Peşə tədrisi məktəblərində təhsil alan müdavimlərin nəzəri biliklərinin praktika yolu ilə inkişaf etdirilməsi də vacib şərtdir. Bu məqsədlə hər bir ixtisasa uyğun istehsalat sahəsi ilə təhsil müəssisələri arasında müqavilələr bağlanılmış, müdavimlər istehsalat təlimi ustalarının nəzarəti altında təcrübə keçmişlər.
Yeni inkişaf mərhələsini yaşayan muxtar respublikamızın bütün sahələrində müxtəlif peşə ixtisaslı kadrlara olan tələbatın təmin edilməsi, həmçinin işaxtaran vətəndaşların iqtisadi fəallığını yüksəltmək məqsədilə peşə hazırlığı istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti