24 Dekabr 2024, Çərşənbə axşamı

 Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin I kurs tələbələrinin iştirakı ilə açıq dərs keçilib.

“Muxtariyyət ili”nə həsr olunmuş açıq dərsdə universitetin müəllimi Həbibə Allahverdiyeva “Naxçıvan milli geyimləri” mövzusunda danışıb. Bildirilib ki, milli geyimlərimiz xalqımızın maddi və mənəvi mədəniyyətinin uzun sürən inkişafı nəticəsində yaranıb. Qədim xalq sənətinin zəngin və örnək nümunələri kimi yaranan parça istehsalı və geyimlərin tikilməsi dekorativ tətbiqi sənətin mühüm bir qolunu təşkil edir. Bu sənət sahələri ilə əcdadlarımız hələ Tunc dövründən məşğul olmağa başlayıb, əyilmə və hörmə şəklində də olsa, tikmə işləri ilə sənət nümunələri yaradıblar. Dövrümüzə qədər gəlib çatmış ən qədim parça nümunələri, təxminən, eramızdan əvvəl II min­illiyin sonu və I minilliyin əvvəllərinə aiddir. Arxeoloji qazıntılar nəticəsində əldə edilən nümunələr göstərir ki, uzaq keçmişdə toxunmasına baxmayaraq, bu parçalar müxtəlif bitkilərdən və ağac köklərindən hazırlanmaqla çox əlvan rəngli boyalarla boyanıb.

Qeyd olunub ki, sonrakı dövrlərdə Naxçıvanda ticarət və mədəniyyətin inkişafı burada müxtəlif kişi və qadın geyimlərinin istehsalına imkan verib. Bu geyim nümunələri Naxçıvana yolu düşən əcnəbi səyyahların da nəzərindən qaçmayıb. Belə ki, X əsrdə yaşamış ərəb müəlliflərindən Müqəddəsi və Məsudi yazırlar ki, Azərbaycan sənətkarları satış üçün yun, pambıq, ipək parça və paltarlar hazırlayırdılar. Gəncədə hazırlanmış yun paltarlar, məşhur Naxçıvan çuxaları çox uzaqlarda şöhrət qazanıb. Məşhur türk səyyahı və diplomatı Övliya Çələbi Naxçıvanda yüksəkkeyfiyyətli basma parçaların istehsal olunduğunu və xarici ölkələrə göndərildiyini qeyd edib.
Mühazirəçinin sözlərinə görə, XIX əsrin mənbələrinə əsaslanan etnoqraflar Naxçıvanda əhalinin geyiminin fəsillərə uyğunlaşdırılması qənaətinə gəlməklə yanaşı, yayın qızmar günlərində daha çox ağ rəngli paltarlardan istifadə edildiyini bildirirlər. Bu dövrdə naxçıvanlıların ənənəvi kişi geyim kompleksini müxtəlif üst geyimləri, eyni zamanda baş və ayaq geyimləri təşkil edib. Qadın geyimləri isə, əsasən, tafta, mahud, mitqal, bez, bəyaz qanavuz, darayı, zərbaft, atlas, xara, məxmər, tirmə və sair parçalardan tikilib. Naxçıvanda qadın baş geyimləri isə çaşbənd, ləçək, rübənd, yaylıq, örpək, çalma, kəlağayı və digər növlərə ayrılırdı. Bu milli geyimlərin üzərinə salınan bəzək və naxışlar isə xalq sənətinin ən geniş yayılmış növü sayılan tikmə üsulu ilə icra olunub. Naxçıvanda ən geniş yayılmış tikmə növləri isə təkəlduz, saya, güləbətin, pilə, gülmə, muncuqlu, qurama, oturma və sair olub.
Sonra mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, həmin gün Naxçıvan Dövlət Texniki Kollecinin I kurs tələbələri “Naxçıvan müstəqillik illərində” mövzusunda keçilən açıq dərsdə iştirak edib, hər iki dərsin iştirakçıları sonda mərkəzlə yaxından tanış olublar.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR