24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında yeni təhsil müəssisələrinin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı işlər görülür.
Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Hazırda ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmış, 3409 kompüter verilmiş və onların 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda ümumtəhsil məktəblərində təhsil alan əlaçı şagirdlərdən 773 nəfərinə Ali Məclisin Sədri tərəfindən kompüter dəstləri və noutbuklar hədiyyə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası nəticəsində Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr yaradılır ki, bu da şagirdlərin biliklərinin və milli-mənəvi irsimizə marağının artırılmasında mühüm rol oynayır. Sentyabr ayından Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə ümumtəhsil məktəbləri arasında canlı bağlantı yaradılaraq dərslər keçilmişdir.
Muxtar respublikada həyata keçirilən təhsil islahatı, keyfiyyət dəyişiklikləri, məktəblərin müasir elektron tədris avadanlıqları ilə təmin olunması son illər ərzində şagirdlərin təhsilə marağını daha da artırmışdır. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2014-cü ildə məktəbi bitirən məzunlardan 14-ü “Qızıl”, 13-ü isə “Gümüş” medala layiq görülmüşdür. Həmin məzunlar onlara göstərilən etimadı doğrultmuş, 3-ü 500-600, 12-si 600-650, 12-si isə 650-700 intervalında nəticə göstərmişdir. Məzunlardan 2-si Prezident təqaüdünə layiq görülmüşdür.

Ali təhsil müəssisələrinə qəbul barədə

Muxtar respublikada ali və orta ixtisas məktəblərinə sənədvermə və qəbulun nəticələri ilbəil həm keyfiyyətcə, həm də kəmiyyətcə artır. 2014-cü ildə XI sinfi bitirən 3993 məzundan 3115-i, yəni məzunların 78 faizi ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Sənəd verənlərdən 1557-si və ya 50 faizi oğlan, 1558-i və ya 50 faizi isə qızlar olmuşdur. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfərə çatmışdır.
Ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i, yəni sənəd verənlərin 55,4 faizi tələbə adını qazanmışdır. Onlardan 797-si və ya 46,2 faizi oğlanlar, 928-i və ya 53,8 faizi isə qızlardır. Ali məktəblərə qəbul olan məzunların 347-si imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamışdır. Bu da ali məktəblərə qəbul olanların 20,1 faizini təşkil edir.
Qəbulda yüksək bal toplayanların içərisində qızların sayı ilbəil artır. Belə ki, yüksək nəticə göstərən qızların sayı 2013-cü ildə 183, 2014-cü ildə isə 194 nəfər olmuşdur.
Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük vermişlər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 156-sı Naxçıvan Dövlət Universitetinə, 33-ü Azərbaycan İqtisad Universitetinə, 33-ü Bakı Dövlət Universitetinə, 26-sı Azərbaycan Tibb Universitetinə, 21-i Azərbaycan Dillər Universitetinə, 16-sı Azərbaycan Diplomatik Akademiyasına, 16-sı Qafqaz Universitetinə, 11-i Polis Akademiyasına, 9-u Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 8-i Azərbaycan Dövlət Neft Akademiyasına, 7-si Milli Aviasiya Akademiyasına, 4-ü Azərbaycan Texniki Universitetinə, 2-si Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, 1-i Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, 1-i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına, 1-i Bakı Slavyan Universitetinə, 1-i Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 1-i Bakı Ali Neft Məktəbinə, 21-i isə Türkiyə Respublikasının müxtəlif universitetlərinə qəbul olmuşlar.
Muxtar respublikanın ümumtəhsil məktəblərindən ayrı-ayrı ali təhsil müəssisələrinə şəhər və rayonlar üzrə qəbul aşağıdakı kimi olmuşdur:

2014-2015-ci tədris ili üçün muxtar respublikanın şəhər və rayonlarından, eləcə də Təhsil Nazirliyinə birbaşa tabe olan ümumtəhsil məktəblərindən ali məktəblərə qəbulun statistik göstəriciləri

Yaradılmış şəraitin və bu sahədə aparılan əməli tədbirlərin nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universiteti Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyənləşdirilən ali təhsil müəssisələrinin reytinq cədvəlinə əsasən, göstəricilərini ilbəil yüksəldirlər. Belə ki, reytinq cədvəlinə görə, Naxçıvan Dövlət Universiteti 2014-cü ildə ötən ilə nisbətən 9-cu yerdən 7-ci yerə, Naxçıvan Müəllimlər İnstitutu 23-cü yerdən 20-ci yerə, Naxçıvan Özəl Universiteti isə 30-cu yerdən 28-ci yerə yüksəlmişdir.

Orta ixtisas təhsili müəssisələrinə qəbul barədə

Ümumtəhsil məktəbləri ilə yanaşı, orta ixtisas məktəblərində də təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Texniki Kollecinə 20, Naxçıvan Musiqi Kollecinə 15, Naxçıvan Tibb Kollecinə isə 33 kompüter verilmişdir. Verilmiş kompüterlərin hamısı internet şəbəkəsinə qoşulmuşdur. Eyni zamanda Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kollecinin hər birində 5, Naxçıvan Tibb Kollecində isə 6 elektron lövhə quraşdırılmışdır.
Muxtar respublikada orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qəbul planının artırılması, yeni ixtisasların yaradılması şagirdlərdə bu sahəyə marağı xeyli artırmışdır. Belə ki, 2014-2015-ci tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə muxtar respublika üzrə sənəd verən 1760 nəfərdən 909-u 2014-cü ildə IX sinfi bitirənlərdir.
2014-cü ildə 519 nəfər orta ixtisas məktəblərinə qəbul olunmuşdur ki, bunun da 255-i ümumi orta təhsil bazasından, 264-ü isə tam orta təhsil bazasından olan məzunlardır. Məzunların orta ixtisas təhsili müəssisələri üzrə qəbulu aşağıdakı kimi olmuşdur:

2014-2015-ci tədris ili üçün şəhər və rayonlardan, eləcə də Təhsil Nazirliyinə birbaşa tabe olan
ümumtəhsil məktəblərindən orta ixtisas məktəblərinə qəbulun statistik göstəriciləri
(IX sinif bazasından)

 

2014-2015-ci tədris ili üçün şəhər və rayonlardan, eləcə də Təhsil Nazirliyinə
birbaşa tabe olan ümumtəhsil məktəblərindən orta ixtisas məktəblərinə qəbulun statistik göstəriciləri
(XI sinif bazasından)

 

Hərbi təhsil barədə

Naxçıvan Muxtar Respublikasında məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində saxlanmışdır. Belə ki, muxtar respublikada Heydər Əliyev adına Hərbi Liseyin yaradılması, təhsil müəssisələrində hərbi kabinələrin fəaliyyət göstərməsi, onlara lazımi avadanlıqların verilməsi, hər il hərbi rəhbərlərin toplantısının keçirilməsi, onların xüsusi hərbi geyim forması ilə təmin olunması, eyni zamanda bu sahə üzrə həyata keçirilən müxtəlif tədbirlər, yarış və müsabiqələr məktəbli gənclərin ibtidai hərbi hazırlığına, vətənpərvərlik hissinin gücləndirilməsinə müsbət təsir göstərmiş, hərbi təhsilə marağı xeyli artırmışdır. Nəticədə, 2014-cü ildə məzunlardan 174-ü xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd vermiş, onlardan 40-ı tələbə adını qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyə isə qəbul üçün sənəd vermiş 1020 məzundan 255-i liseyin kursantı olmuşdur.
Hərbi Liseyə muxtar respublikanın şə­hər və rayonlarından qəbul aşağıdakı kimi olmuşdur:

2014-2015-ci tədris ili üçün şəhər və rayonlar üzrə ümumtəhsil məktəblərindən
Heydər Əliyev adına Hərbi Liseyə qəbulun statistik göstəriciləri

 

2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 218 nəfəri ölkəmizin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur. Onlardan 190-ı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 10-u Daxili Qoşunların Ali Hərbi Məktəbində, 15-i isə Dövlət Sərhəd Akademiyasında təhsillərini davam etdirirlər. 

Yekun

2014-cü ildə məzunlardan 1685-i ali təhsil müəssisələrinə, 258-i müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, 264-ü isə tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Tam orta təhsil bazasından ali və orta ixtisas məktəblərinə qəbul olan məzunların sayı 2207 olmuşdur ki, bu da sənəd verənlərin 66 faizini təşkil edir. Ötən illə müqayisədə ali və orta ixtisas məktəblərinə qəbulda 6 faiz artım olmuşdur.
Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Aparatı

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR