24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Bakı Dövlət Universitetinin professoru, Əməkdar elm xadimi Şahlar Əsgərovun “Kamilləşən düşüncə” kitabının təqdimat mərasimi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq professor Şahlar Əsgərovun Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı xidmətlərindən danışıb.
Universitetin Ümumi riyaziyyat kafedrasının professoru, fəlsəfə elmləri doktoru Məhəmməd Hacıyev “Dəyərlərin qiymətləndirilməsinin elmi əsasları” adlı məruzəsində bildirib ki, professor, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, bir sıra beynəlxalq akademiyaların üzvü Şahlar Əsgərov 300-dən çox elmi, 700-ə qədər publisistik məqalənin, numizmatika, kriminalistika və tətbiqi incəsənət sahələrində ixtira və patentlərin müəllifidir. Şahlar müəllimin ictimai elmlər sahəsində apardığı axtarışların bəhrəsi olan və elmi nəticələri ilə seçilən “Keçid dövrünə fəlsəfi baxış”, “Təhsilimiz dünən, bu gün və sabah”, “Düşüncə tərzi”, “Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” adlı kitabları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Nəfis şəkildə tərtib olunmuş “Kamilləşən düşüncə” adlı kitabda isə bir sıra sosial-iqtisadi hadisələrin mahiyyətinə və inkişafına yeni meyardan yanaşılır. Kitab qloballaşma dövründə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət etməklə yanaşı, bəşəriyyətin inkişafı probleminin yeni həlli yollarını irəli sürmək baxımından da əhəmiyyətlidir.

Tədbirdə Fəlsəfə və sosial iş kafedrasının müdiri Novruzəli Rəhimov çıxış edərək kitabın elmi məziyyətlərindən, praktik tətbiq sahələrindən danışıb.
Bildirilib ki, müəllif kitabında bəzi sosial-iqtisadi göstəriciləri ilk dəfə olaraq cədvəl şəklində deyil, qrafik şəklində təqdim edir. Kitabda bəşər tarixini şərti olaraq iki dövrə bölən Ş.Əsgərov birinci tarixi dövrdə bütün tarixi proseslərə şəxsi mənafe və instinkt düşüncələrin əsas təsir göstərdiyi ideyasını irəli sürür. İkinci dövr isə ictimai mənafe və şüurun qalib gəlməsi ilə səciyyələndirilir. Kamilləşmənin yolunun məhz idrakdan, özünüdərkdən keçdiyi bildirilən kitab Allahın varlığının riyazi isbatı ilə bağlı elmi-nəzəri müddəalarla zəngindir.
Sonda müəllif çıxış edərək Naxçıvana dəvət olunmasına, kitabının təqdimatının keçirilməsinə görə minnətdarlığını bildirib, muxtar respublika, universitet haqqında yüksək təəssüratlarını bölüşüb, təhsil sahəsində əldə olunan nailiyyətlərdən, mövcud problemlərin həlli yollarından söhbət açıb.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR