24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter almaqdadır. Bu il sentyabrın 15-də – “Bilik Günü”ndə Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksinin istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu barədə demişdir: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir”.

 Məktəbdə 11 ixtisas – “elektrik montyoru”, “bərbər”, “qadın bərbəri”, qaz avadanlıqlarının təmiri və istismarı üzrə “çilingər”, “kompüter istifadəçisi”, “xalçaçı”, “traktorçu-maşinist”, “qazanxana maşinisti”, “aşpaz köməkçisi”, “ofisiant”, “avtomobil sürücüsü” ixtisasları üzrə tədris aparılır. Bu il həmin ixtisaslar üzrə, ümumilikdə, 200-dən çox müdavim məktəbə qəbul olunmuşdur. Əmək bazarındakı tələb nəzərə alınaraq artıq qazanxana maşinisti kursunun ilk müdavimləri təhsillərini başa vuraraq işə göndərilmişlər. Şərur Texniki-Peşə və Sürücülük Məktəbində müdavimlərin buraxılışı və istehsalata yola salınmasına həsr olunmuş tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin yeni tədris və yataqxana binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Tədris korpusunda dərslərin səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. 360 yerlik binada 17 sinif otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat və kompüter otaqları, müəllimlər otağı, hərbi kabinə, tibb məntəqəsi, idman zalı və digər yardımçı otaqlar vardır. Peşə hazırlığı ilə bağlı təlim prosesində və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığında informasiya texnologiyalarının imkanlarından istifadə mühüm əhəmiyyət daşıyır. Məktəbdə 11 elektron lövhəli sinif və kompüter otağı vardır. Kompüter otağındakı 21 kompüterin hər biri internetə qoşulmuşdur. Elektron tədris proqramları biliklərin daha səmərəli mənimsənilməsinə imkan verir. Xüsusilə müdavimlər internet şəbəkəsi vasitəsilə təhsil aldıqları peşələr üzrə ətraflı məlumatlar toplaya bilirlər. Bu da mütərəqqi texnologiyalarla işləməyi, kompüter texnikasından sərbəst istifadə etməyi bacaran kadrların hazırlanmasına zəmin yaradır.
Sonda peşə təhsilini uğurla başa vuran 18 nəfər qazanxana maşinistinə şəhadətnamə təqdim edilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR