24 Dekabr 2024, Çərşənbə axşamı

Bu fikirdə böyük məna yükü var. Əməli fəaliyyətində təhsilin inkişafı  naminə çalışan hər kəs bu sahədə yaradılan sağlam körpünün “mühəndisi” kimi tanınır. Naxçıvan Muxtar Respublikasının timsalında bu həqiqəti bütün dolğunluğu ilə görmək mümkündür. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət ilə yanaşı, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalığı da mühüm rol oynayır.  Ulu diyarımızdakı təhsil ocaqları iki amilin vəhdətində ilbəil uğurlarının sayını artırmaqla təhsilin inkişafına öz töhfələrini verirlər. Bu yazımızda təhsil sahəsində yüksək uğurlar qazanan Culfa rayonunun təhsilindən bəhs etməyə çalışacağıq.

Son 19 ildə Culfa rayonunda 24 məktəb binası tikilib və ya əsaslı təmir olunub

Belə bir fikir var: “Planın bir illikdirsə, taxıl ək, on illikdirsə, ağac ək, yüz illikdirsə, məktəb tik”. Bu gün muxtar respublikamızın gələcəyi təhsil üzərində qurulmuşdur. Muxtar respublikanın hər yerində olduğu kimi, Culfa rayonunda da məktəb tikintisi diqqət mərkəzində saxlanılır. Son illər rayonda 20 yeni məktəb binası, Şahmat Məktəbi, məktəbdənkənar müəssisələr üçün yeni binalar tikilib istifadəyə verilmiş, 4 məktəbin binasında isə əsaslı təmir işləri aparılmışdır. Hal-hazırda Bənəniyar kənd tam orta məktəbi üçün yeni bina inşa olunur, Şurud kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurulur. Təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilir, müasir informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Təhsilin informasiyalaşdırılması sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu gün rayonun ümumtəhsil məktəblərində 352 ədəd kompüterdən istifadə olunur, 37 kompüter sinfi fəaliyyət göstərir. 26 məktəb internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün məktəblərə 67 ədəd elektron lövhə verilmişdir və tədris prosesində həmin lövhələrdən səmərəli istifadə diqqət mərkəzində saxlanılır.

Məktəbin uğurları qəbul imtahanlarında qazanılan nəticələrlə ölçülür

Culfa rayonunun pedaqoji kollektivləri təhsil işçiləri qarşısında qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün bütün imkanlardan səmərəli istifadə etməyə səy göstərirlər. Çəkilən zəhmət isə hədər getmir. 2013-2014-cü tədris ilində ali məktəblərə qəbul olmaq üçün ərizə vermiş 357 nəfərdən 189 nəfəri ali məktəblərə, IX sinif bazasından isə 26 nəfər orta ixtisas məktəblərinə, tam orta təhsil bazasından 39 nəfər kolleclərə qəbul olunmuşdur. Qeyd edək ki, ali məktəblərə qəbul olunan məzunlardan 21 nəfəri 500-600, 12 nəfəri 600-700 arasında bal toplamışlar. Bu sahədə Culfa şəhər 3 nömrəli, Saltaq, Şurud, Əbrəqunus, Kırna, Əlincə, Milax kənd tam orta məktəblərində ciddi irəliləyişlər müşahidə edilir. Şurud kənd tam orta məktəbində XI sinfi bitirən 5 şagirdin hamısı tələbə adına layiq görülmüşdür. Əlincə kənd tam orta məktəbində bu göstərici 88, Gülüstan kənd tam orta məktəbində 100, Milax kənd tam orta məktəbində isə 77 faiz təşkil etmişdir.

Bu il rayonun 6 məzunu Azərbaycan Tibb Universitetinin tələbəsi olub

Son illər Culfa rayonunda dəqiq elmlərə maraq getdikcə artır. Çünki yeni istifadəyə verilən təhsil ocaqlarında laboratoriyalardan, əyani vəsaitlərdən səmərəli istifadə olunur. Məhz bunun nəticəsidir ki, builki məzunlardan 6-sı Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasına qəbul olunmuşdur. Bir nəfər isə Naxçıvan Dövlət Universitetinin “tibbi profilaktika” ixtisasının tələbəsidir. Bakı Dövlət Universitetinin “kompüter elmləri” ixtisasının iki nəfər tələbəsi də Culfa məktəblərinin məzunudur.
Onu da vurğulayaq ki, bu il muxtar respublikadan Prezident təqaüdünə layiq görülən iki nəfər gəncdən biri Culfa rayonunun Yaycı kənd 1 nömrəli tam orta məktəbinin məzunu Faiq Həşimli olmuşdur.

Rayonda hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

Bu gün Culfa rayonunda, sözün əsl mənasında, vətənpərvər gənclik formalaşır. Hər il rayonda hərbi məktəblərə sənəd verən gənclərin sayı artmaqdadır. “Vətənin müdafiəsinə hazıram”, “Şahin”, “Sərhəd”, “Cəsurlar” hərbi-idman və turizm oyunlarının keçirilməsi də məktəblilərin doğma torpağa məhəbbət ruhunda tərbiyə olunmasında, hərb sənətinə maraq və meyillərinin gücləndirilməsində mühüm rol oynayır. Culfa Rayon Təhsil Şöbəsi bu oyunların keçirilməsinə xüsusi diqqət yetirir. Məhz bunun nəticəsidir ki, Saltaq kənd tam orta məktəbinin “Cəsurlar” komandası muxtar respublika birinciliyində ikinci, Əbrəqunus kənd tam orta məktəbinin “Şahin” komandası dördüncü, Culfa şəhər 1 nömrəli tam orta məktəbin “Sərhəd” komandası ikinci yerlərə layiq görülmüşlər. Məktəblilərin fəal iştirak etdiyi bu yarışlar Azərbaycan gənc­liyinin Vətənə daha möhkəm tellərlə bağlılığına, onların işğal olunmuş torpaqlarımızın xilası naminə vahid ideya mərkəzində birləşmələrinə öz müsbət təsirini göstərir. Onu da qeyd edək ki, bu il rayonun ümumtəhsil məktəblərinin 2 məzunu Sərhəd Qoşunları Akademiyasına, 5 məzunu Polis Akademiyasına, 40 şagirdi isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
Rayonda şagirdlərin fiziki hazır­lığına da ciddi önəm verilir. Müasir standartlara uyğun şəkildə hazır­lanan idman zalı və mini-futbol meydançalarında məktəblilər idmanın müxtəlif növləri ilə məşğul olurlar. Bu da bəhrəsiz qalmır, şagirdlər respublika əhəmiyyətli idman yarışlarında və olimpiadalarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanırlar. Bu ilin mart ayında keçirilən cüdo üzrə muxtar respublika birinciliyində Culfa Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Elsevər Məmmədov 38, Ələkbər Cəfərov 50, Adəm Cəfərli 55 kiloqram çəki dərəcələrində yarışın birinciləri olmuşlar.

Ulu öndərin yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq gənclər yetişir

Yuxarıda da qeyd etdiyimiz kimi, rayondakı təhsil müəssisələrində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsin­lər. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin respublika mərhələsində Culfa şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nuray Nağıyeva fərqlənmişdir. Ulu öndərə həsr olunmuş şeir müsabiqəsində isə Culfa şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Şəbnəm Rəhimli muxtar respublika mərhələsində ikinci yerə layiq görülmüşdür. Bu il muxtar respublika ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında “Naxçıvan: doğma diyar” mövzusunda keçirilən inşa-yazı müsabiqəsində Dizə kənd tam orta məktəbinin şagirdi muxtar respublika mərhələsində üçüncü yerin sahibi olmuşdur.

Gələcəyimizin sağlam bünövrəsinin qurulmasında müəllim əməyi mühüm rol oynayır

Təhsilin keyfiyyəti, ilk növbədə, müəllimin elmi-nəzəri və metodik hazırlığından, onun təhsildə gedən müasir proseslərə qoşulmasından, zamanla ayaqlaşmaq üçün özünü təkmilləşdirməyə nə dərəcədə çalışmasından asılıdır. Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almalarında, milli ruhda tərbiyə olunmalarında xüsusi rol oynayırlar. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyularsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaqdır. Bu gün Culfa rayonunun müəllimləri üzərlərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda təhsilin uğurlu inkişafına özünün gərgin əməyini sərf edən, pedaqoji səriştəsi, təcrübə və bacarığı ilə seçilən onlarla müəllimin adını qürurla çəkə bilərik. Onların əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir.

Son söz yerinə…

Görkəmli diplomat və ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinski yazırdı: “Yüksək təhsilə, mədəniyyətə və elmi gücə malik olanlar həmişə qalib gəlirlər”. Culfa rayonunun təhsil müəssisələrinin fəaliyyəti barədə kiçik qeydlərimizi qələmə alarkən bir anlığa muxtar respublikada bu strateji sahənin inkişafına göstərilən qayğını göz önünə gətirdim. Hamımız təsdiq edərik ki, belə qayğı paytaxt şəhərimizlə yanaşı, regionun ən ucqar dağ kəndlərini də əhatə edir. Qalır ki, bu qayğıdan yetərincə bəhrələnəsən. Yüksək uğurlara məhz onda nail olmaq mümkündür. Bunun bariz nümunəsi Culfa rayonudur.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR