24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində “Regionda arıçılığın inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetin müəllim və tələbələri ilə yanaşı, ölkəmizin digər universitetlərindən dəvət olunmuş mütəxəssis alimlərin, muxtar respublikanın aidiyyəti qurumlarının, arıçı sahibkarların iştirak etdiyi beynəlxalq elmi-praktik konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. Rektor Azərbaycanda qədim tarixə malik arıçılığın X-XII əsrlərdə daha da inkişaf etdiyini, halallıq və zəhmət sevən əsas aqrar sahələrdən biri olduğunu bildirib. Qeyd olunub ki, regionda kənd təsərrüfatının digər sahələri kimi, arıçılığın da inkişafı dövlət qayğısı ilə əhatə olunub. Bu sahə ilə məşğul olan sahibkarlara dövlət tərəfindən güzəştli kreditlər verilir, arıçılıq məhsullarının idxal və ixracına əlverişli şərait yaradılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri və arıçılığın inkişaf dinamikası” mövzusunda məruzə edib. Bildirilib ki, aqrar islahatların aparılması, yeni mülkiyyət münasibətlərinə əsaslanan təsərrüfat qurumlarının inkişafı istiqamətində görülmüş işlər kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyub. Naxçıvan Muxtar Respublikasında arı ailələrinin artırılması, eləcə də məhsuldarlığının yüksəldilməsi üçün davamlı tədbirlər görülür. Bütövlükdə, 2000-2014-cü illər ərzində dövlətin maliyyə dəstəyi ilə 103 arıçılıq layihəsi həyata keçirilib, Sahibkar­lığa Kömək Fondunun güzəştli kreditləri hesabına 6000-dən çox arı ailəsi alınıb. Bunun nəticəsidir ki, 1 yanvar 2014-cü il tarixə muxtar respublikada arı ailələrinin sayı 68705-ə çatıb və bir il öncəki göstəricini 5,4 faiz üstələyib. Qeyd olunub ki, ötən il 1304 ton bal istehsal edilib. Bu, 2012-ci ildəki müvafiq göstəricidən 11 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov məruzəsində arıçılığın gəlirli sahəyə çevrilməsi üçün arı ailələrinin bəslənməsi, çoxaldılması, məhsuldarlığının artırılması məqsədilə arı xəstəliklərinin vaxtında aşkarlanması, yaranma səbəblərinin aydınlaşdırılması və onlara qarşı görülməsivacib mübarizə tədbirlərindən bəhs edib. Qeyd olunub ki, arıçı sahibkarlar Dövlət Baytarlıq Xidməti tərəfindən arı xəstəliklərinin müalicəsi üçün pulsuz dərman preparatları ilə təmin olunurlar.
Elmi-praktik konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru Rauf Sultanovun, AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun məruzələri dinlənilib.
Sonra konfrans öz işini “Arıçılığın inkişaf perspektivləri”, “Ekoloji təmiz arıçılıq məhsullarının istehsalı, emalı və dövriyyəsi”, “Naxçıvan Muxtar Respublikasında ətraf regionlarda yayılan təhlükəli arı xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzularında bölmə iclasları ilə davam etdirib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR