Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il avqustun 21-də “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planı təsdiq edilib.Tədbirlər Planına əsasən, oktyabrın 22-də Heydər Əliyev adına tam orta məktəbin 10 illik yubileyi geniş şəkildə qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 21 oktyabr tarixli Sərəncamı ilə Heydər Əliyev adına tam orta məktəbin 2 müəllimi “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Fəxri ada layiq görülən müəllimlərin ürək sözlərini oxucularımıza təqdim edirik:
Ruqiyyə ZEYNALOVA: – Müxtəlif təhsil ocaqlarında çalışmışam. 2004-cü ildən Heydər Əliyev adına tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirirəm. Bu məktəbdə işləmək mənim üçün həm qürurverici, həm də məsuliyyətlidir. Məktəbimiz əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikanın digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatıb. Bu nailiyyətdə mənim də payım olduğu üçün çox sevinirəm. Yubiley ərəfəsində “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” adına layiq görülməyimi məktəbin fəaliyyətinə verilən yüksək mükafat kimi dəyərləndirirəm. Gəncləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət ruhunda yetişdirmək şərəfli vəzifədir.
Məktəbimizin ilbəil artan uğurları ölkə Prezidentinin tövsiyələrinə əməl edilməklə qazanılır, yeni təhsil ənənələri yaradılır. Keçilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Bu gün məktəbimizdə fiziki cəhətdən hazırlıqlı, bilikli, eyni zamanda Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Təhsil ocağımızın yubileyinin keçirilməsinə və muxtar respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram.
Səfa ƏLİYEV: – Heydər Əliyev adına tam orta məktəbdə “riyaziyyat” fənnini tədris edirəm. Bir müəllim kimi bu günlərdə ikiqat sevinc yaşadım. Həm məktəbimizdə yenidənqurma işləri aparıldı, həm də təhsil ocağımızın yubileyi geniş şəkildə qeyd olundu. Bu tədbirlər sırasında fəxri ada layiq görülməyim sevincimi daha da artırdı. Heydər Əliyev adına tam orta məktəbdə dərs demək, pedaqoji fəaliyyət göstərmək hər bir müəllim üçün böyük etimaddır. Və hər bir müəllim bu etimadı doğrultmağa çalışır. Odur ki, uğurlarımız getdikcə artır. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına layiq olmalıdır. Məktəbimizin 10 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ölkənin tərəqqisi təhsildən, təhsilin inkişafı isə müəllimlərin fəaliyyətindən asılıdır. Bu məktəbdə də əldə olunan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Heydər Əliyev adına tam orta məktəb muxtar respublikanın qabaqcıl təhsil mərkəzi kimi bundan sonra da öz fəaliyyətini genişləndirməlidir”.
Məktəbimiz bundan sonra da ölkəmizin qabaqcıl məktəbləri sırasında olacaq, bilikli və vətənpərvər gəncliyin yetişdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hazırladı: Sara ƏZİMOVA