24 Dekabr 2024, Çərşənbə axşamı

Ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində biliklərə, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması prioritet məsələlərdən biridır. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarının (İKT) daha çox tətbiq olunduğu təhsil sisteminin yaradılması və onun məzmun və texnoloji baxımından daim təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyatın müxtəlif sahələrinin tədrisi zamanı tələbələrin yeni innovativ bacarıqlarının yüksəldilməsi məqsədilə fənlərin interaktiv metodlarla tədris olunması onların mənimsənilməsində mühüm rol oynayır.

 Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanovanın yeni nəşr olunmuş “Mühasibat uçotunda interaktivlik” adlı dərs vəsaiti də Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatların nəticəsində mühasibat uçotunun mahiyyəti və funksiyaları, müəssisələrdə onun yerinə yetirdiyi vəzifələrin öyrənilməsi baxımından əhəmiyyətlidir. Belə ki, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq dövlət mühasibat uçotunun ciddi tənzimlənməsindən çoxvariantlı yanaşmaya keçmişdir. İqtisadi sistemin transformasiyası və bazar münasibətləri əsasında Milli Mühasibat Uçotu Standartlarına keçid qarşıya bir çox vəzifələr qoymuş, bunların həlli üçün “mühasibat uçotu” fənninin müasir üsullarla tədrisinin əhəmiyyətini son dərəcə aktuallaşdırmışdır. Artıq müasir dövrdə müəssisələrin təsərrüfat fəaliyyətinin uçotda düzgün əks etdirilməsi mühasibat uçotunun iqtisadçı kadrlar tərəfindən hərtərəfli mənimsənilməsini, onlarda bazar iqtisadiyyatına xas olan iqtisadi təfəkkürün formalaşmasını tələb edir. Ona görə də “mühasibat uçotu” fənni üzrə dərslərin tədrisi zamanı interaktiv metodların qarşılıqlı şəkildə əlaqələndirilməsi tələb olunur və bu, mühasibat uçotunun mənimsənilməsində əyaniliyin təmin olunmasına imkan verir. Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdığı bir dövrdə adıçəkilən fənn üzrə dərs vəsaitinin bu standartlara uyğun şəkildə interaktiv qaydada yazılması xüsusilə əhəmiyyət kəsb edir. 

Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş yeni dərs vəsaiti “mühasibat uçotu” fənni üzrə təsdiq edilmiş proqrama uyğun olaraq hazırlanmış, ali təhsilin bakalavr və magistr pillələrində təhsil alanlar, dissertantlar, müəllimlər, həmçinin mühasibat uçotu ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur. Dərs vəsaitində verilmiş 257 slayd fənnin interaktiv qaydada tədrisində istifadə oluna bilər.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR