Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 21 avqust 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” çərçivəsində oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Özəl Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev adına tam orta məktəb: uğurlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev bildirib ki, ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə təhsilə, təhsil işçilərinə yüksək diqqətlə yanaşıb, Azərbaycan təhsilinin inkişafı və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə bir çox mühüm layihələr həyata keçirib. Bu uzaqgörən siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
“Böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı prioritet sahə kimi önə çəkilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir”, – deyən Piri Nağıyev əlavə edib ki, Naxçıvanda aparılan tikinti-quruculuq işlərinin önündə təhsil işçilərinin fəaliyyəti üçün yüksək təhsil şəraitinin yaradılmasına xidmət edən təhsil quruculuğu dayanır. Naxçıvanın ən ucqar dağ kəndlərini də əhatə edən 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binasının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Qeyd olunub ki, həmin məktəblərdən biri də 2004-cü il sentyabrın 2-də Naxçıvan şəhərinin Babək məhəlləsində istifadəyə verilən və ümummilli liderimizin adını daşıyan nümunəvi tam orta məktəbdir. Hər cür maddi-texniki baza ilə təchiz olunmuş məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Açılış mərasimində təhsil və tədrisin təşkili ilə bağlı məktəbin pedaqoji kollektivi qarşısında mühüm vəzifələr qoyulub. Ötən müddət ərzində geniş tədbirlər həyata keçirilib və nəticədə, məktəb ulu öndərimizin adına layiq yol keçərək respublikamızın qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri deyib ki, ümummilli liderimizin adını daşıyan tam orta məktəbin pedaqoji kollektivinə həmişə yüksək qayğı və diqqət göstərilir. Yaradılan şəraitin nəticəsidir ki, 2007-2008-ci tədris ilinin yekunlarına əsasən, təhsil ocağı “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və 10 min manat pulla mükafatlandırılıb. Bununla yanaşı, məktəbin müəllimlərindən 4 nəfəri “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 2 nəfəri “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 nəfər isə medallarla mükafatlandırılıb.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sözlərini xatırladıb və bildirib ki, bu sözlər Heydər Əliyev adına tam orta məktəbin pedaqoji kollektivinin devizinə çevrilib. Ali Məclisin Sədri deyib: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.
Bildirilib ki, təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Hər il keçirilən müsabiqələrdə məktəb yeni uğurlara imza atır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin bir nəfər şagirdi birinci yerin sahibi olubdur.
Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev ölkəmizdə həyata keçirilən təhsil islahatlarından ətraflı söhbət açıb. Bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir.
İsmayıl Əliyev Heydər Əliyev adına tam orta məktəblə Naxçıvan Özəl Universiteti arasındakı əməkdaşlıqdan da söhbət açaraq deyib ki, universitet tələbələrinin bütün pedaqoji təcrübələrinin planlaşdırılması bu məktəblə birlikdə aparılır. “Universitetimizlə olan əlaqələrin nəticəsidir ki, hər il bu məktəbdən universitetimizə qəbul olan tələbələrin sayı artmaqdadır”, – deyən rektor əlavə edib ki, hazırda ali təhsil ocağının İdarəetmə, Xarici dillər, Pedoqoji və İqtisad fakültələrində bu məktəbdən məzun olan 15 tələbə təhsil alır. Eyni zamanda universitet məzunlarından olan 6 nəfər hazırda bu məktəbdə müəllim kimi fəaliyyətlərini davam etdirir.
Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Gülşən Fətullayeva qeyd edib ki, göstərilən diqqət və qayğının nəticəsində 10 il ərzində təhsil ocağını bitirən 362 məzundan 300-ü ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb. Həmin məzunlardan 39 nəfəri 2013/2014-cü tədris ilində məktəbi bitirənlərdir. Bu günədək ali məktəblərə qəbul olunan məzunlardan 68 nəfəri imtahanlarda daha yüksək nəticələrə nail olaraq 500-700 intervalında bal toplayıblar ki, onların da 14 nəfəri 2014-cü ilin məzunlarıdır. 10 il ərzində məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 12 nəfər fərqlənmə attestatına, 3 nəfər “Qızıl” medala, 1 nəfər isə “Gümüş” medala layiq görülüb. Ötən dövr ərzində məktəbin məzunlarından 11 nəfəri xüsusitəyinatlı ali təhsil müəssisələrinə qəbul olunub. Məktəbdə hərbi təhsil sahəsinə maraq xeyli artıb, bu günə qədər şagirdlərdən 31 nəfəri Heydər Əliyev adına Hərbi Liseyə daxil olaraq kursant adını qazanıb.
Gülşən Fətullayeva məktəbin pedaqoji kollektivinin ulu öndərin adını daşıyan bu təhsil ocağında çalışmağın nə demək olduğunu yaxşı bildiyini vurğulayıb və əlavə edib ki, təhsil ocağının müəllim və şagird kollektivi bundan sonra da respublika səviyyəli uğurlar qazanmaq üçün daim inamla çalışacaqdır.
Konfransa təhsil naziri Piri Nağıyev yekun vurub.
Xəbərlər şöbəsi