24 Dekabr 2024, Çərşənbə axşamı

Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı, təhsilin də rolu çox böyükdür. Təhsil təkcə ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət etmir, eyni zamanda beynəlxalq aləmdə ölkənin rolunu müəyyən edən əsas amillərdən biridir. Təhsil ocaqları uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, səviyyəli mütəxəssis kimi yetişdirmək üçün mövcuddur. Bu mənada bəşəriyyət tarix boyu təhsilə özünün mənəvi təkamül gücü kimi baxmışdır.

Azərbaycanda da hələ ötən əsrin 70-ci illərindən etibarən təhsilin inkişafı ön plana çəkilmiş, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təhsilin bütün pillələri üzrə mühüm dəyişikliklər həyata keçirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda təhsil özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, dünya təhsil sisteminə inteqrasiya olunmuşdur.
Azərbaycanda təhsil sahəsində qazanılan uğurlar və əldə olunan nailiyyətlər içərisində Naxçıvan təhsilinin özünəməxsus rolu və payı vardır. Muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğı sayəsində təhsilin bütün pillələri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Naxçıvan Muxtar Respublikasında peşə təhsilinin də inkişaf strategiyası hələ müstəqil dövlət qurucu­luğunun ilk illərində ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış və həmin strategiya indi də müvəffəqiyyətlə davam etdirilir. Günü-gündən yeniləşən Naxçıvan özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. Bu illərdə uğurla həyata keçirilən dövlət pro­qramları əsasında muxtar respublikanın sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ixtisaslı kadrlara yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramlarının tələblərinin yerinə yetirilməsi və bu gün muxtar respublikamızın həyatında baş verən sosial-iqtisadi dəyişikliklər, yeni sənaye və xidmət sahələrinin yaradılması, müasir informasiya texnologiyalarının tətbiqi qədim diyarımızda peşə təhsilinin inkişafını və bu yolla ixtisaslı işçi kadrların yetişdirilməsini də zəruri etmişdir. Bu mənada peşə təhsili sisteminin genişləndirilməsi daim diqqət mərkəzində olmuş, 2009-cu ildə Naxçıvan şəhərində peşə liseyi fəaliyyətə başlamışdır. Liseydə şagirdlərin peşə hazırlığını təmin etmək üçün lazımi şərait yaradılmışdır. Həmçinin şagirdlər yataqxana və gündəlik isti yeməklə təmin olunurlar. Peşə liseyi və peşə məktəblərində yaradılan bu şərait bazar iqtisadiyyatına uyğun yeni ixtisaslar açılmasına stimul yaradır və muxtar respublikamızda ixtisaslı işçi kadrların yetişdirilməsində mühüm rol oynayır.
Sürətlə inkişaf edən qabaqcıl texnologiyalardan istifadə edə bilən, savadlı, səriştəli kadrlara, həmçinin bazar iqtisadiyyatı ilə əlaqədar sahibkarlıq, menecment, ofisiant, turizm bələdçisi, kompüter operatoru və digər ixtisaslara olan ehtiyacları ödəyə biləcək texniki peşə təhsili şəbəkəsinin genişləndirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində muxtar respublikada mühüm tədbirlər həyata keçirilir.
Görülmüş işlərin nəticəsidir ki, hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində 4 peşə məktəbi və 1 peşə liseyi fəaliyyət göstərir.
2014-2015-ci tədris ili üçün həmin peşə təhsili müəssisələrinə 500 nəfər şagird qəbulu həyata keçirilmişdir. Ümumilikdə, peşə təhsili müəssisələrində 19 ixtisas üzrə 650 nəfər təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 72 nəfər müəllim və istehsalat təlimi ustası məşğul olur. Məlumat üçün qeyd edək ki, ötən tədris ilində muxtar respublikanın peşə təhsili müəssisələrini 382 məzun bitirmiş və onların əksəriyyəti istehsalatın müxtəlif sahələrində ixtisaslı kadr kimi əmək fəaliyyətinə başlamışdır.­
İqtisadiyyatın inkişafı ilə əlaqədar ən müasir elektron texnologiyalarla təchiz olunmuş maşın və mexanizmlərin muxtar respublikamıza gətirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilməsi onların təhsilli və ixtisaslı kadrlar tərəfindən idarə olunmasını tələb edir. Bu məqsədlə Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu da məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, təlimlərin səmərəli təşkili və müdavimlərin yüksək səviyyədə hazır­lanmasına geniş imkanlar açmışdır. Məktəbdə nəzəri və təcrübi təlimlər keçilir. Bunun üçün 8 avtotrenajordan istifadə olunur. Təlim kursu başa çatdıqdan sonra müdavimlərin bilik, bacarıq və vərdişlərinin, eləcə də sürücülük hazırlıqlarının səviyyəsini müəyyən etmək üçün imtahan keçirilir. 2014-cü ilin üçüncü rübündə məktəbdə 28 qrup açılmış, qruplarda 740 müdavim təhsil almışdır.
Xalqımıza məxsus milli sərvətlərimizdən olan xalçaçılıq sənətinin qorunub saxlanması və müasir dövrdə gənclərimizə aşılanması üçün bu sahə üzrə mütəxəssislərin hazırlanmasının vacibliyi, bununla yanaşı, ən müasir rabitə, informasiya texnologiyaları və xidmət sahələrinə artan tələbat yeni-yeni peşə ixtisaslarının yaradılmasını tələb edir. Bu tələbatın zəruriliyini nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri ilə Şərur Texniki-Peşə və Sürücülük Məktəbi fəaliyyətə başlamışdır. Şərur şəhərində dünya standartlarına cavab verən, yüksək maddi-texniki baza ilə təchiz olunan və gələcəkdə muxtar respublikanın müxtəlif sahələrini əhatə edə biləcək ixtisaslı kadrların hazırlanması üçün yeni inşa olunmuş 360 şagird yerlik məktəbdə 11 elektron lövhəli sinif, 21 kompüter qoyulan kompüter sinfi, 4 ən müasir emalatxana, 83 yerlik yataqxana, yeməkxana, sürücü təlimi üçün məşq meydançası, mini-futbol meydançası və idman zalı yerləşir. İlkin mərhələdə 11 ixtisas üzrə 220 nəfər şagird qəbul edilmişdir. Real bazarın tələbləri nəzərə alınaraq qəbul qadın bərbəri, bərbər, qaz təsərrüfatı avadanlıqlarının təmiri üzrə çilingər, kompüter istifadəçisi, traktorçu-maşinist, xalçaçı, elektrik mon­tyoru, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant və sürücülük peşələri üzrə aparılmışdır. Muxtar respublikada fəaliyyət göstərən peşə təhsili müəssisələrində oxuyan şagirdlərin nəzəri biliklərinin praktik bacarıqları ilə əlaqəli şəkildə inkişaf etdirilməsi məqsədilə hər bir ixtisasa uyğun istehsalat sahəsi ilə təhsil müəssisələri arasında müqavilələr bağlanılır. Həmin müqavilələrə uyğun olaraq, şagirdlər istehsalat təlimi ustalarının nəzarəti altında ixtisaslarına uyğun sahələr üzrə istehsalat təcrübəsi keçirlər. Nəzəri biliklərin praktikada möhkəmləndirilməsini təmin edən istehsalat təcrübəsinin sonunda hər bir şagird üçün istehsalat xasiyyətnaməsi verilir ki, bu da onların buraxılış imtahanlarında iştirakına zəmanət verir. Həyata keçirilən bu proses isə əmək bazarı ilə əlaqənin daha da sıx qurulmasına və azad iqtisadi münasibətlər şəraitində müxtəlif sahələrdə ixtisaslı işçi qüvvəsinə yaranan tələbatın çevik şəkildə ödənilməsinə şərait yaradır.
Bütün bu sadalananlar muxtar respublika rəhbərinin həyata keçirdiyi uğurlu təhsil siyasətinin, təhsilimizə göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR