Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblər sırasında builki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdən yazı hazırlamaq üçün həmin təhsil ocağına gedərkən yol boyu 19 il bundan əvvəl muxtar respublikadakı məktəblərin vəziyyətini gözlərim önündə canlandırdım. O məktəbləri ki, yaşlı və orta nəsil yaxşı xatırlayar: minimum tələblərə cavab verməyən soyuq sinif otaqları, köhnəlmiş tədris avadanlıqları təhsil ocaqlarında tədrisin səviyyəsini yüksəltməyə qəti imkan vermirdi. Ümumilikdə, muxtar respublikada müasir tələblərə cavab verən məktəb binaları barmaqla sayılacaq qədər az idi. İndi isə təkcə Naxçıvan şəhərində deyil, ən ucqar dağ kəndlərində belə, ən müasir məktəb binaları tikilir, onların maddi-texniki bazaları gücləndirilir, yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. Məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar. Tədris ocaqlarında fəaliyyət göstərən kitabxanalar da eləcə.
Görülən bütün bu işlərdə əsas məqsəd gələcəyimiz olan uşaqların savadlı, bilikli, vətənpərvər gənclər kimi yetişdirilməsindən ibarətdir. Çünki hər bir ölkənin gələcəyi onun hazırladığı gənclərdən asılıdır. Yaradılmış şərait hesabına isə təhsildə keyfiyyət dəyişiklikləri ildən-ilə artır. Belə ki, hər il qəbul imtahanlarında məktəblərimiz uğurlu nəticələr əldə edirlər. Belə məktəblərimizdən biri də Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdir.
Qeyd edək ki, məktəb binası 1963-cü ildə inşa edilib. Yararsız hala düşdüyündən 2006-cı ilin mart ayında sökülərək yerində müasir məktəb binası tikilib. Bu, məktəb kollektivinin, bu məktəbdə təhsil alan şagirdlərin ürəyincə olub. Onların uzun müddət yaddaşlarında yaşayacaq hadisə isə məktəbin binasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri zamanı istifadəyə verilməsi olub. Açılış mərasimində iştirak edən ölkə başçısı məktəbin müəllim kollektivi və şagirdləri ilə görüşüb, onlara uğurlar arzulayıb.
Yeni təhsil ocağı istifadəyə verildikdən sonra məktəbin fəaliyyətində mühüm dönüş yaranıb. Bu səbəbdən məktəbin ali məktəblərə qəbulunun nəticələri yüksələn xətlə artmaqdadır. Son iki ilə nəzər yetirək. 2012-2013-cü tədris ilində məktəbin məzunlarının 82 faizi ali məktəblərə qəbul olmuşdusa, 2013-2014-cü tədris ilində bu rəqəm 91,75 faiz təşkil edib. Bu il məktəbin məzunlarından 35 nəfər ali məktəbə sənəd verib, onlardan 33 nəfəri tələbə adını qazanıb. Tələbə adını qazananlardan 7 nəfər 500-700 intervalında bal toplayıb. Məzunlardan “Gümüş” medala layiq görülmüş Vilayət Seyidov 632 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisasına qəbul olunub. Abituriyentlərdən 18 nəfər ali məktəb seçimində Naxçıvan Dövlət Universitetinə üstünlük verib.
Hazırda məktəbdə 541 nəfər şagirdin təlim-tərbiyəsi ilə 125 müəllim məşğul olur. Təhsil elə bir sahədir ki, burada dövlətin qayğısı və əməli fəaliyyət mühüm rol oynayır, müəllim əməyi, müəllim biliyi, pedaqoji ustalıq tələb olunur. Məhz qazanılan uğurlarda müəllimlərin də əməyi danılmazdır. Məktəbdə dərsdən sonra da şagirdlərin hazırlığı ilə məşğul olmaq üçün onları fakültativ məşğələlərə cəlb etmək diqqətdə saxlanılır. Təhsil ocağının pedaqoji kollektivi şagirdlərin adlarının tələbələr sırasında olması üçün var qüvvəsi ilə çalışır. Bir məsələni də xüsusi qeyd edək ki, müəllimlər şagirdlərin milli dəyərlərə, yaradıcı təfəkkür və məntiqi yanaşmaya malik, dünyagörüşlü gənclər kimi yetişmələrinə ciddi önəm verirlər.
Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Aygün Hüseynova deyir ki, dünyanın heç bir ölkəsində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqlarla təchiz edilmir. Təhsilin inkişafı gənclərin gələcəyə hazırlanması deməkdir. Əgər muxtar respublikamızda təhsilin inkişafı üçün bu qədər tədbirlər görülürsə, yeni məktəb binaları tikilirsə, məktəblərin maddi-texniki bazası möhkəmləndirilirsə, biz müəllimlər də yaradılan şərait müqabilində vətənpərvər, təhsilli, yüksək intellektual səviyyəyə malik gənclər yetişdirməliyik.
O, rəhbərlik etdiyi məktəbdə qazanılan uğurların səbəblərinin həm də məktəb kollektivinin işinə məsuliyyəti ilə izah edir. Bildirir ki, dövlət qayğısı, yaradılan şərait və tədris işinə məsuliyyət hissi məktəbdə vəhdət təşkil edir. Əldə edilən nəticələrin artırılmasında məktəbdənkənar tədbirlərin, xüsusilə test-sınaq imtahanlarının obyektiv formada keçirilməsinin böyük əhəmiyyəti var. Hər sınaq imtahanının nəticələri valideyn və müəllimlərlə birgə müzakirə olunur.
Yuxarıda da qeyd etdiyimiz kimi, məktəbdə şagirdlərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Məktəbin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilib, təhsil ocağında 2 kompüter sinfi yaradılıb. Kompüter siniflərində internetə qoşulmuş 23 dəst kompüter quraşdırılıb və onların internetə çıxışı təmin edilib. Təhsil ocağında həm də 4 elektron lövhəli sinif var. Elektron lövhədə şagirdlər müxtəlif fənlərə aid dərsləri əyani şəkildə öyrənirlər. Kompüterdən istifadə edərək müxtəlif test tapşırıqları elektron lövhə vasitəsilə şagirdlərə mənimsədilir. Elektron lövhədə mətnlərlə yanaşı, şəkillərin və videomaterialların da göstərilməsi şagirdlərin keçilən dərsi daha yaxşı qavramalarına imkan verir. Təhsil ocağının laboratoriyaları zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Dəqiq elmlərin tədrisi zamanı müasir laboratoriyaların imkanlarından istifadə olunması nəzəri biliklərin praktik vərdişlərlə möhkəmləndirilməsinə geniş imkanlar açır.
Məktəbdə yaradılan şəraitdən lazımınca bəhrələnib qazanılan uğurları son hədd hesab etməyən pedaqoji kollektiv daha yüksək nailiyyətlərə imza atmaq əzmi ilə çalışır.
Sara ƏZİMOVA