24 Dekabr 2024, Çərşənbə axşamı

Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı arxeoloji abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.
Bu gün Naxçıvanda maddi və mədəniyyət abidələrimizə diqqət və qayğı yüksək səviyyədədir. Son illər arxeoloji abidələrdə, ilk insan məskənlərində aparılan arxeoloji tədqiqatlar tarixi keçmişimizin daha dərin qatlarını üzə çıxarıb. Bir neçə ildir ki, muxtar respublikanın müxtəlif ərazilərinə beynəlxalq ekspedisiyalar təşkil olunur, dəyərli maddi-mədəniyyət nümunələri əldə edilir. Bu il də muxtar respublikamızda arxeoloji qazıntılar uğurla həyata keçirilib. Həmin araşdırmalar barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bizə ətraflı məlumat verdi:

– Bu il Naxçıvan Muxtar Respublikasının bir çox abidələrində, o cümlədən Xaraba Gilan, Qızqala, Meydantəpə, Qalacıq, II Kültəpə, Şahtaxtı və digər abidələrdə araşdırmalar aparılıb, Naxçıvanın tarixi üçün maraqlı nəticələr əldə edilib. Bunlar arasında AMEA Naxçıvan Bölməsinin “Yeni yol arxeoloji ekspedisiyası”nın işi xüsusilə maraqlı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə yaradılan bu ekspedisiya “Yeni yol” yaşayış yerində tədqiqatlar aparıb. Tədqiqatlar nəticəsində Naxçıvanın qədim tarixinə aid yeni faktlar aşkar edilib. Bu ərazidə bizim qeydə aldığımız yeni abidələr Naxçıvançay və Sirabçay zonasını “Yeni Mesapotamiya” adlandırmağa elmi əsas verib. Bu abidələrin tədqiqi nəinki Naxçıvan tarixinə yeni səhifələr yazacaq, həmçinin Cənubi Qafqaz, o cümlədən Azərbaycan arxeologiyasının mühüm problemlərinin həll olunmasına imkan verəcəkdir.
Orta Tunc dövrünə aid Boyalıqablar mədəniyyəti Naxçıvanda formalaşıb
Vəli müəllim bildirdi ki, bu il Naxçıvanda iki beynəlxalq ekspedisiya tədqiqat işləri aparıb. Onlardan biri Şərur rayonunda, digəri isə Babək rayonunda işləyib. Bu il Şərurda beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası, başlıca olaraq, Qızqalada tədqiqatlar aparıb. Qızqalada aparılan tədqiqatlar Cənubi Qafqaz və Yaxın Şərq tarixinin bir sıra qaranlıq məsələlərinə aydınlıq gətirib. Keçən il aparılan araşdırmalar zamanı Qızqalada böyük çoxtəbəqəli yaşayış yerinin olduğu müəyyən edilib. Bu il yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi tədqiq olunub. Orta Tunc dövrünə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Məlum olduğu kimi, Cənubi Qafqazın bir sıra regionlarında, o cümlədən Gürcüstan və indiki Ermənistanda yaşayış yerlərində Orta Tunc dövrü təbəqəsi yoxdur. Orta Tunc dövrü təbəqəsinə Şərqi Anadolu abidələrində də rast gəlinməyib. Orta Tunc dövrünün yaşayış yerləri, başlıca olaraq, Naxçıvanda və Araz çayından cənubdakı ərazilərdədir. Bu isə Orta Tunc dövrünə aid Boyalıqablar mədəniyyətinin Naxçıvanda formalaşdığını göstərir.
Tədqiqat işləri həmçinin yaşayış yerinin yaxınlığında yerləşən nekropolda da davam etdirilməkdədir. Nekropoldakı kurqanların tədqiqi zamanı Boyalıqablar mədəniyyətinin erkən mərhələsinə aid maddi-mədəniyyət nümunələri aşkar edilib. Tədqiqat zamanı aşkar olunan maraqlı məqamlardan biri də qəbirlərdə insan skeletinin aşkar olunmasıdır. Məlum olduğu kimi, Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycanda Orta Tunc dövrü qəbirlərindən insan skeleti aşkar olunmadığından bəzi tədqiqatçılar bu mədəniyyəti hind-arilərə aid etməyə cəhd ediblər. Aşkar olunan yeni faktlar Naxçıvanda formalaşan Orta Tunc dövrü mədəniyyətləri arasındakı varislik əlaqələrini müəyyən etməyə imkan verməklə yanaşı, həm də bu nəzəriyyə tərəfdarlarının iddialarına son qoydu.
Kültəpənin tarixi ilə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilib
Vəli Baxşəliyev deyir ki, Sədərək, Kəngərli və Ordubad rayonları ərazilərində də araşdırmalar aparılaraq gələcəkdə tədqiq ediləcək abidələr müəyyənləşdirilib. Babək rayonunda beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası, başlıca olaraq, I Kültəpə abidəsini tədqiq edib. Əsas məqsəd Cənubi Qafqazın ən mühüm Neolit abidələrindən biri olan Kültəpə ilə bağlı yeni faktların aşkarlanaraq elm aləminə tanıdılmasıdır. Çünki bu abidə sovet dövründə öyrənilsə də, materialları yaxşı nəşr olunmayıb, karbon analizlərin nəticələri isə köhnəlib. Bu isə Kültəpənin tarixi ilə bağlı bir sıra məsələlərə münasibətdə beynəlxalq elmi ictimaiyyətdə şübhə yaradır. Bizim araşdırmalarımız zamanı artıq bir sıra məsələlərə aydınlıq gətirilib. Builki araşdırmalar zamanı I Kültəpənin Neolit dövrünə aid təbəqəsinin kəsiyi alınıb və onun tarixini dəqiqləşdirmək imkanı yaranıb.
Beynəlxalq ekspedisiyanın işi yalnız Kültəpə abidəsinin tədqiqi ilə məhdudlaşmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, AMEA Naxçıvan Bölməsinin apardığı araşdırmalar zamanı Naxçıvançay və Sirabçay hövzəsində yeni abidələr, o cümlədən 22 Eneolit abidəsi aşkar olunub. Bu abidələr Yaxın Şərqi obsidianla təmin edən qədim yolun Sirabçay boyunca Zəngəzur dağlarına uzandığına işarə etməkdədir. Sirabçay abidələrində həmçinin xeyli mis mineralı və metal tökmək üçün qəliblər aşkar olunduğundan bizdə bu bölgənin mühüm metallurgiya mərkəzi olması qənaəti yaratdı. Bu məqsədlə Sirabçay vadisində yerləşən Şorsu və Zirincli abidələrində də arxeoloji tədqiqatlar aparılıb.
Beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası həmçinin dünyanın ən qədim duz mədənləri olan Duzdağda araşdırmaları davam etdirib, qədim tunellərin birindən Kür-Araz mədəniyyətinə aid gil qab aşkarlayıb. Tədqiqat işləri zamanı mədənlərin birindən Erkən Dəmir dövrünə aid gil qab və həsir səndəl tapılıb ki, bu, qədim insanların hansı şəraitdə işləmələri ilə bağlı müəyyən təsəvvür yaradır. Ovçular təpəsindən aşkar edilən Kür-Araz keramikasının analizi onun Duzdağdan çıxarılan gildən hazırlandığını göstərir.
Builki tədqiqatlar zamanı Naxçıvanın qədim tarixi  coğrafiyası ilə bağlı yeni faktlar aşkar olunub
Builki ekspedisiyada mühüm elmi nəticələr əldə olunduğunu qeyd edən Vəli Baxşəliyev dedi ki, tədqiqat zamanı Naxçıvanın qədim tarixi coğrafiyası ilə bağlı yeni faktlar aşkar olunub. Builki qazıntılar Naxçıvanın Orta Tunc dövründə Yaxın Şərqin böyük bir qismində yayılan Boyalıqablar mədəniyyətinin ana vətəni olduğunu təsdiq edir. Kültəpədə aparılan araşdırmalar qədim insanların burada Neolit dövründən məskunlaşdığını sübuta yetirir. Kültəpə abidəsi ətrafında aparılan geomorfoloji araşdırmalar zamanı e.ə. IV minillikdə Naxçıvanda böyük daşqın olduğunu, bəzi yaşayış yerlərinin daşqının lili altında qaldığını ortaya çıxarır. Bu, Nuh tufanının tarixi həqiqət olduğunu təsdiq edən faktlardan biridir.
– Gələcəkdə hansı ərazilərdə arxeoloji qazıntılar aparılması nəzərdə tutulub? sualımızı Vəli müəllim belə cavablandırdı:
– Aparılan hər yeni arxeoloji qazıntı zamanı Naxçıvan diyarının qədimliyi ilə bağlı yeni-yeni maddi-mədəniyyət nümunələri aşkarlanır. Bunlar doğma diyarımızın ulu tarixindən xəbər verir. Yuxarıda qeyd etdiyimiz kimi, bir çox yeni abidələr aşkar olunub. Gələcəkdə bu abidələrin bir neçəsində arxeoloji qazıntıların aparılması, Naxçıvanın qədim tarixi ilə bağlı yeni faktların elmi dövriyyəyə buraxılması planlaşdırılır.
Dünənə ehtiram sabaha yol açan işıqdır
Naxçıvan Muxtar Respublikasının ərazisindəki abidələrimizin hər birində zəngin mədəniyyətimiz yaşayır. Bu gün abidələrimizə böyük uzaqgörənliklə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar əsaslı təmir və bərpa olunur. Mədəniyyətimizi, abidələrimizi qoruyub saxlamaq şəhər mədəniyyətinin yaradıcıları olmuş əcdadlarımızın xələfləri kimi müasir nəslin qarşısında duran ən müqəddəs vəzifələrdəndir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında Sərəncam imzalamışam... Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.
Bu gün muxtar respublikamızın bir çox ərazilərində aparılan tədqiqatlar, əldə olunan elmi nəticələr, mühüm elmi nəşrlər ulu öndərin Naxçıvanın qədim tarixinin öyrənilməsi sahəsində qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinin göstəricisidir.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR