24 Dekabr 2024, Çərşənbə axşamı

Müəllimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir

Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirmək kimi şərəfli işin öhdəsindən layiqincə gələn müəllimlərin əməyi ölkəmizdə hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlara layiq görülür, orden və medallarla təltif olunurlar. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə muxtar respublikada fəaliyyət göstərən 4 müəllim “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 4 nəfər müəllim isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə bir qrup təhsil işçisi “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülmüşdür. Həmin müəllimlərdən bir neçəsini redaksiyamıza dəvət edib onlarla həmsöhbət olduq:

Rzaqulu HƏSƏNOV – Azərbaycan Respublikasının əməkdar müəllimi: – Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə “tarix” fənnini tədris edirəm. Mən də fəxri ada layiq görülən digər müəllimlər kimi sevinirəm. “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmək sıravi bir müəllim üçün böyük xoşbəxtlikdir. Bu günün müəllimləri xoşbəxtdirlər ki, belə bir qayğı ilə əhatə olunan təhsil sahəsində fəaliyyət göstərirlər. Muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğı çox yüksək səviyyədədir. Son illər muxtar respublikamızın müxtəlif ünvanlarında yeni məktəb binalarının tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi təhsilə göstərilən xüsusi diqqətin ifadəsidir. Bu da məktəbdə aparıcı sima olan müəllimləri öz vəzifə borclarına məsuliyyətlə yanaşmağa, elmin sirlərini öyrətdikləri şagirdləri həm də dövlətçiliyimizə, müstəqilliyimizə məhəbbət ruhunda tərbiyələndirməyə səfərbər edir. Müəllimlərimiz yaradılmış şəraitdən səmərəli istifadə etməyə səy göstərir, ildən-ilə uğurlarını artırırlar. Onların çəkdikləri zəhmət də əvəzsiz qalmır.


Əzim HACIYEV – Azərbaycan Respublikasının əməkdar müəllimi: – Bu gün ölkə­mizdə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi yüksək qiymətləndirilir. Bu insanlar arasında olmağım bir müəllim kimi məni dünyanın ən xoşbəxt insanı etdi. Dərs dediyim Culfa rayon Bənəniyar kənd tam orta məktəbinin pedaqoji kollektivi də mənim qədər sevinc hissi keçirir. Çünki bu təkcə mənim əməyimə deyil, həm də məktəbimizin pedaqoji kollektivinin əməyinə verilən yüksək qiymətdir. Çalışacağam ki, bundan sonra da bilik və bacarığımı gənc­lərin yaxşı təhsil almalarına sərf edim. Mən fəxr edirəm ki, bir vaxtlar dərs dediyim şagirdlərin çoxu ali təhsil almış və bu gün müxtəlif idarə və müəssisələrdə fəaliyyətlərini davam etdirirlər. Hələ qarşımızda uzun yol var: vətənpərvər, təhsilli gənclər yetişdirmək və cəmiyyət üçün faydalı fərdlər hazırlamaq. Bu, müəllimlər üçün prioritet vəzifə kimi müəyyənləşdirilib.


Aidə ALLAHVERDİYEVA – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi: – 1998-ci ildən pedaqoji fəaliyyətə başlamışam. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə fəxri ada layiq görülməyimə görə qürur hissi duyuram. Bu gün ölkəmizin inkişafında öz fəaliyyəti ilə fərqlənənlərin, Vətəninə və xalqına xidmətdə nümunə göstərənlərin əməyinə dövlətimiz tərəfindən daim yüksək qiymət verilir. Əməyimizə verilən bu qiymət bizdə böyük ruh yüksəkliyi yaradır, qurub-yaratmaq əzmimizi artırır, bizi gələcəkdə daha məhsuldar fəaliyyət göstərməyə sövq edir. Direktoru olduğum Naxçıvan Qızlar Liseyində bundan sonra da hərtərəfli biliyə malik gənclərin yetişməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Məktəbimizdə təhsil alan naxçıvanlı qızlar elm, bilik almaqla yanaşı, onlara milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz daha dərindən öyrədilir. Onu da qeyd edim ki, liseyin pedaqoji kollektivi qazanılan uğurları son hədd hesab etmir. Daha böyük nailiyyətlər əldə etmək üçün pedaqogikanın son nailiyyətlərindən istifadəyə üstünlük verilir, dünya təhsil sistemindəki yeniliklərin tədris prosesində tətbiqinə səy göstərilir. Ən önəmlisi isə kollektiv gələcək Azərbaycan xanımlarına Möminə xatın ucalığını, Nigar, Həcər qeyrətini aşılamaq, onları bu keyfiyyətlərə sahib xanımlar kimi yetişdirmək üçün bütün imkanlarından istifadə edir. Çünki liseyin müəllimləri yaxşı bilirlər ki, bu günün qızları gələcəyin analarıdır. Bu gün yüksək insani keyfiyyətləri özündə cəmləşdirmiş qızlarımız, gələcək analarımız övladlarını belə tərbiyə edəcəklər.


Fatma ALLAHVERDİYEVA – Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi: – İlk əmək fəaliyyətimə 1974-cü ildə Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə başlamışam. 1985-ci ildən isə 12 nömrəli tam orta məktəbdə “kimya” fənnini tədris edirəm. Bu illər ərzində tədris etdiyim ixtisasın sirlərini şagirdlərimə mənimsətmək üçün əlimdən gələni əsirgəməmişəm. Sevinirəm ki, zəhmətim hədər getməyib. Bu gün muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərinə görə məhz müəllimə borcludur. Müdriklərin fikrinə görə, “hər bir millətin tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülməyimi həyatımın ən yüksək mükafatı hesab edirəm. Mənə göstərilən bu diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, göstərilən bu etimadı doğruldacaq, əməyimə verilən bu yüksək qiymətə əməli işimlə cavab verəcək, fəaliyyət göstərdiyim təhsil ocağında əsl vətənpərvər, dövlətini, xalqını, torpağını sevən savadlı, intellektli gəncliyin yetişməsində savadımı, bacarığımı və var qüvvəmi əsirgəməyəcəyəm.


Xalidə SADİQOVA – “Tərəqqi” medallı: – Bu gün ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sabitlik və sosial-iqtisadi yüksəliş təmin edilmişdir. Bu yüksəliş bütün sahələrlə yanaşı, təhsilin də hərtərəfli inkişafına səbəb olmuşdur. Strateji sahə olan təhsil bu gün Azərbaycan dövlətinin sosial inkişaf xəttində mühüm yer tutur. Ona görə ki, təhsilə qoyulan sərmayə, göstərilən qayğı təkcə ölkəmizin bu gününə deyil, eyni zamanda gələcəyinə xidmət edir, yüksək intellektual potensialın formalaşmasını şərtləndirir. Bu gün müəllimi olduğum Babək rayon Nehrəm kənd 2 nömrəli tam orta məktəb də hərtərəfli qayğı ilə əhatə olunub. Sabahımız, gələcəyimiz bu gün məktəblərdə yetişdirilən gənclərdən asılıdır. Bu işdə biz müəllimlərin rolu böyükdür. Müəllim kimi hər zaman vətənpərvər və savadlı gənclər yetişdirməyi fəaliyyətimdə əsas tutmuşam. Bu gün zəhmətimin hədər getmədiyini görmək mənim üçün böyük xoşbəxtlikdir. “Tərəqqi” medalı ilə təltif olundum. Heç kimin əməyi diqqətdən yayınmır. Dövlətimizin əməyimə verdiyi bu qiymət mənim bayram sevincimi ikiqat artırdı. Biz müəllimlər gərək elə çalışaq ki, ümummilli liderimiz Heydər Əliyevin bizə ərməğan qoyduğu, onun vətəndaşları olduğumuz üçün fəxr etdiyimiz Azərbaycanımızı hər zaman zirvələrdə tutacaq sağlam, vətənpərvər gənclik yetişdirək.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR