24 Dekabr 2024, Çərşənbə axşamı

Dünyaya inteqrasiya yolunu tutan, tərəqqi əsrinin tələblərinə cavab verməyə çalışan Naxçıvan Dövlət Universitetində son 19 ildə tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olmaqla, bu sahədə atılan mühüm addımdır. 2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-Sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetində olub. Layihənin təqdimatı keçirilib, müzakirələr aparılıb, yerli mütəxəssislər məlumatlandırılıblar. Layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılıb.

 Bu ilin may ayında universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyidin rəhbərliyi ilə bir qrup nümayəndə heyəti on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunub, layihə ilə bağlı təlim keçiblər. Bu günlərdə isə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ovun rəhbərliyi ilə nümayəndə heyəti Cənubi Koreyada olub.

Birhəftəlik səfər çərçivəsində KOICA-nın baş ofisində KOICA ilə bağlı təqdimat keçirilib. Qeyd edək ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirməkdədir. Azərbaycan Texniki Universitetində həyata keçirilən informasiya texnologiyaları ilə bağlı layihə təhsil sahəsindəki uğurlu layihələrdəndir. Görüş zamanı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, Azərbaycanda milli təhsilin inkişafı, müasir texnologiyaların tədrisdə və təhsildə tətbiqi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Rektor əlavə edib ki, adıçəkilən layihə ilə bağlı həyata keçirilən işlər universitetdə uğurla yekunlaşmaq üzrədir. Hazırda Naxçıvanda olan koreyalı mütəxəssislər portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi ilə məşğuldurlar.
Layihənin icraçı şirkəti “Donqvon CNS”-nin rəhbəri Mun-Seo Park Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsinin qurulmasının onlayn təhsilin təşkili baxımından faydalı olacağını bildirib.
Nümayəndə heyəti Cənubi Koreyanın ali təhsil müəssisələrini ziyarət edib, buradakı ali təhsil sistemi, tədris prosesi ilə yaxından tanış olub. Səfər Kimçonq Universiteti ilə əməkdaşlığın möhkəmlənməsi baxımından da faydalı olub. Xatırladaq ki, Kimçonq Universiteti ilə əlaqələr 2010-cu ildə yaradılıb, 2011-ci ildə qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu gün hər iki universitet arasında aparılan elmi təcrübə və tələbə mübadiləsi, qarşılıqlı səfərlər əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır. Rektor xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat verərək qeyd edib ki, bu ali məktəbdə 20-dən artıq fakültə fəaliyyət göstərir. Universitetdə ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət sahəsi üzrə tədris yüksək səviyyədədir. “Dünyanı sevgi yolu ilə qazanaq!” ideyasını rəhbər tutan bu ali məktəbdə planeti­mizin dörd qitəsindən təhsil alan tələbələr var. Naxçıvan Dövlət Universitetindən “tərcümə (ingilis dili -Azərbaycan dili”), “hüquqşünaslıq” “stomatologiya” ixtisasları üzrə 3 nəfər birinci kurs tələbəsi 2012-2013-cü tədris ilinin ikinci semestrində tələbə mobilliyinə əsasən, ali təhsillərini Koreyanın Kimçonq Universitetində davam etdirib.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışıb, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində dost, tərəfdaş universitet olan Kimçonq Universiteti ilə əməkdaşlığın bundan sonra da davamlı olmasını arzulayıb.
Naxçıvanlı qonaqlar universitetdə müasir texnologiyalarla təchiz edilmiş auditoriyalarda olub, koreyalı tələbələrlə görüşüblər. Kimçonq Universitetindəki Hava yolları, otel­çilik və turizm fakültəsində restoran və hava yolları xidmətinin öyrədilməsi, praktikası, stomatoloq və diş texniki ali təhsilli tibb bacıları hazır­lanan fakültələrdə auditoriyalardakı müasir tibb avadanlıqları, xüsusi stomatoloji kabinələr, laboratoriyalar, qida sənayesinin tədris olunduğu fakültədə şərabçılıq, meyvələrin çeşidlənib xüsusi soyuducu anbarda saxlanılması, şərab istehsalı prosesi, burada hazırlanan keyfiyyətli, müxtəlif çeşidli şərabların sərgisi maraq doğurub.
Koreya Kiber Universitetində keçirilən görüşdə ali məktəbin rektoru, professor Çonq Soon Kim dünyada ilk kiber universitet olan bu ali təhsil ocağının Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirib. Bir çox xarici universitetlə əməkdaşlığa malik olan bu ali təhsil ocağı Koreya tarixinin və mədəniyyətinin təbliği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya Fondu ilə əlaqəli fəaliyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin pulsuz və sürətli onlayn tədrisini həyata keçirən “Korean Quick” pro­qramını uğurla həyata keçirir.
Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Yekun tədbirdə KOICA şirkətinin sertifikatları təqdim olunub, layihənin uğurla gerçəkləşməsi, əməkdaşlığın davamlı olması ilə bağlı fikirlər səsləndirilib.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR