24 Dekabr 2024, Çərşənbə axşamı

YUNESKO-nun qərarına əsasən, 1966-cı ildən etibarən hər il oktyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi, bilavasitə, təhsilin inkişafından asılı olmuşdur. İnsan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi müasir dünyamızda təhsilin rolu hər keçən gün daha da artmaqdadır.Təhsilin inkişafı isə yüksəkixtisaslı, peşəkar və təcrübəli müəllimlər ordusunun formalaşmasından asılıdır. Müəllim gənc nəslin mənəvi inkişafının memarıdır. Cəmiyyət ən qiymətli sərvəti olan uşaqları müəllimə etibar edir. Xalqın, dövlətin gələcəyini yetişdirmək kimi ali vəzifə müəllimlərin əsas fəaliyyət istiqamətini təşkil edir.
Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti bu gün də ölkə­mizdə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir. Ölkə başçısının imzaladığı sərəncama əsasən, hər il ölkəmizdə “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir, təhsilin inkişafında xidmətləri olan müəllimlər müxtəlif fəxri adlara layiq görülürlər.

Bu gün muxtar respublika müəllimləri də ölkəmizin inkişafına öz töhfələrini verirlər. Muxtar respublikada gənclərin maariflənməsi üçün yorulmadan çalışan müəllimlərin əməyinin qiymətləndirilməsi, onların hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzindədir. Müəllim əməyinə verilən əsas qiymət həm də yüksək tədris şəraitinin yaradılması ilə ölçülür. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmiş, son 10 ildə şəhər, rayon və kəndlərimizdə 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binası tikilib istifadəyə verilmiş, maddi-texniki baza xeyli gücləndirilmişdir. Hər il olduğu kimi, 2014-cü ildə də məktəb binalarının tikintisi, tədris şəraitinin müasir tələblər səviyyəsində qurulması diqqət mərkəzində saxlanılmışdır. Yeni dərs ilinin başlanması ərəfəsində Şərur şəhərində Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin, Babək rayonunda Qahab, Ordubad rayonunda Aşağı Əylis kənd tam orta məktəblərinin müasir binaları istifadəyə verilmişdir. Hazırda inşası davam etdirilən onlarla yeni məktəb binaları, eyni zamanda Kəngərli və Sədərək Rayon Təhsil şöbələri, eləcə də Kəngərli Rayon Şahmat Məktəbi üçün binalar “Muxtariyyət ili”nin qurucu­luq töhfələri kimi təhsil kollektivinin ixtiyarına veriləcəkdir.
Muxtar respublikada təhsil sahəsinə göstərilən qayğı təkcə infrastruktur yönümlü deyil. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, məktəblərin dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması da daim diqqətdə saxlanılır. Belə ki, son 9 ildə muxtar respublikanın təhsil müəssisələrinə 2 milyon 7 min 482 nüsxə dərslik, 620 min 117 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat verilmişdir. İnformasiya texnologiyalarının tədrisdə tətbiqi məqsədilə muxtar respublika üzrə hər 12 şagirdə 1 kompüter düşməklə ümumtəhsil məktəblərində 3 min 409 kompüter dəsti quraşdırılmış, onların 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Bununla yanaşı, elektron təhsilin formalaşması və şagirdlərin informasiya cəmiyyətinə uyğunlaşması məqsədilə ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmışdır.
Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğı, tədrisin keyfiyyətinin yüksəldilməsi, ilk növbədə, ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələrin qazanılmasını şərtləndirmişdir. 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərini 3 min 993 şagird bitirmişdir. Məzunlardan 3 min 115 nəfəri ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş, onlardan 1725-i tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 347-si imtahanlarda 500-700 intervalında bal toplamışdır. Təbii ki, bu nailiyyətlərin qazanılmasında müəllimlərin əvəzsiz zəhməti və qayğıkeş əməyi də əsas rol oynamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlər gələcəyimiz olan gənclərin təhsil almasında, tərbiyə olunmasında xüsusi rol oynayır. Gələcəyimizin təməli müəllimlər tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm qoyulsa, gələcəyimiz bir o qədər möhkəm qurulacaq, uğurlu olacaqdır”. Bu gün muxtar respublikamızın təhsil ocaqlarında çalışan hər bir müəllim qarşısında vətənpərvər, təhsilli gənc­lər yetişdirmək və cəmiyyət üçün faydalı fərdlər hazırlamaq prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Pedaqoji kollektivlərin əsas fəaliyyət istiqamətini təşkil edən bu vəzifələrin icrası muxtar respublikada layiqincə yerinə yetirilir, müəllimlər tədris prosesini günün tələbləri səviyyəsində qururlar. Hər bir müəllim elmi-nəzəri hazırlığı, pedaqoji ustalığı, metodik cəhətdən kamilliyi, vətənpərvərliyi ilə seçilir, dövlətinə və xalqına sədaqətlə xidmət edir.
Muxtar respublikamızda pedaqoji kadrlara olan ehtiyacın ödənilməsi daim diqqət mərkəzində saxlanılır. 2005-ci ildən etibarən keçirilən təhsil yarmarkaları ümumtəhsil məktəblərində təhsilin keyfiyyət və kəmiyyətcə yaxşılaşmasına müsbət təsir göstərmişdir. Məktəblərin pedaqoji kadrlarla təminatının həyata keçirilməsinə xidmət edən təhsil yarmarkalarının təşkili sahəsində artıq xeyli təcrübə əldə olunmuşdur. 2014-cü il sentyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında 108 gənc müəllimə muxtar respublikanın müxtəlif məktəblərində işləmək üçün göndərişlər verilmişdir. Bu, bir tərəfdən ucqar dağ kəndlərində məktəblərin ixtisaslı kadrlarla təminatı baxımından əhəmiyyətlidirsə, digər tərəfdən gənc müəllimlərin işlə təmin olunmasında mühüm amildir.
Bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirmək kimi şərəfli işin öhdəsindən layiqincə gələn müəllimlərin əməyi muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir, onlar fəxri adlar, orden və medallarla təltif olunurlar. Belə ki, son illər muxtar respublikamızın təhsil müəssisələrində çalışan müəllimlərdən 61-i “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 83-ü isə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 56 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərinə görə məhz müəllimə borcludur. Müdriklərin fikrinə görə, “hər bir millətin tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. Ona görə də əsl müəllim bilik və bacarığını, qəlbinin hərarətini daim dövlətin və xalqın sabahı naminə ərməğan etməli, şagirdlərin vətənpərvər, intellektli gənclər kimi yetişməsi üçün səylə çalışmalıdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR