Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu fəaliyyətə başladığı ilk illərdən muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə yeni sortların alınmasına çalışıb. Bu məqsədlə 2004-2005-ci illərdə İCARDA-dan introduksiya məqsədilə Flip 03-115C genetik mənbələrindən alınmış noxud və IB-CB-WT pitomnikindən olan entry 119/N-H arpa nümunələri əldə edilib. Həmin nümunələrdən institutun Babək rayonunun Hacıvar kəndi yaxınlığında yerləşən təcrübə sahəsində kütləvi, Nəbatat bağının təcrübə sahəsində isə fərdi seçmə yolu ilə yeni sortların alınmasına nail olunub. Yaradılmış noxud və arpa sortları nümunələri Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr edilərək “Qaraca-85” (noxud) və “Qılçıqlı-85” (arpa) sortları adı altında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdi. Uzun müddət respublikanın 8 rayonunda sınaqdan keçirilən bu nümunələr, nəhayət, bu il yüksək göstəricilərinə görə sort adını doğruldub, muxtar respublikada dənli taxıl və paxlalı bitkilər üzrə yeni sortların alınmasına patent və sertifikatlar verilib.
Hazırda sortların artırılması üçün təcrübə sahələrində əkinləri planlaşdırılıb, eyni zamanda nümunələri Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.
Xəbərlər şöbəsi