Naxçıvan Dövlət Universitetində ali məktəbin beynəlxalq layihələrdə iştirakının prioritet istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil almaları, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Naxçıvan Dövlət Universitetində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi, Naxçıvan Dövlət Universitetinin Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısı olması, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində 8 nəfər tələbənin Türkiyədə tibb təhsilini davam etdirməsi barədə ətraflı məlumat verib. Bildirilib ki, Avstriyanın “Əldə etmək və saxlamaq” (“gain&sustain”) təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev çıxış edərək Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin (MUMEENA) tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, MUMEENA Avropada tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunurlar. Naxçıvan Dövlət Universiteti 2012-ci ildən bu proqrama qoşulub.
Erasmus-Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus-Mundus (HUMERİA) proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edərək vurğulayıb ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Bildirilib ki, layihə çərçivəsində universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Ağalar Məmmədov Çexiya Respublikasının Masarik Universitetində, tərcümə ixtisası üzrə (ingiliscə-Azərbaycanca) III kurs tələbəsi Güllü Rəhimova Rumıniyanın Babeş-Bolyai Universitetində iki semestr, simli alətlər ixtisası üzrə III kurs tələbəsi Dilarəxanım Məmmədli Rumıniyanın George Enesku Universitetində bir semestr ərzində təhsillərini davam etdirəcəklər. Çexiya Respublikasının Masarik Universitetindən, Polşa Respublikasının Vroslav Universitetindən olan iki doktorant isə təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcək.
Mehriban SULTAN