Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Universitet kollektivinin, Təhsil Nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin iştirak etdiyi konfransı universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid açaraq pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər haqqında danışıb. Bildirilib ki, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından pedaqoji təcrübənin əhəmiyyəti böyükdür. 2014-2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 272 tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr Naxçıvan şəhər tam orta məktəbləri ilə yanaşı, Naxçıvan Qızlar Liseyində, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də təcrübədə olacaqlar. Surə Seyid həmçinin pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən də danışıb.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxışında muxtar respublikada orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətlərinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərinə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Konfransda universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı Qurban Qurbanlı “Pedaqoji təcrübə dövründə qarşıda duran vəzifələr”, Azərbaycan dilçiliyi kafedrasının dosenti, metodist Arifə Zeynalova “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər haqqında məlumat”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzularında çıxışlar ediblər. Konfrans iştirakçılarına pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumat verilib.
Mehriban SULTAN