24 Dekabr 2024, Çərşənbə axşamı

Bir neçə gün bundan əvvəl ölkəmizin hər yerində yeni dərs ilinin başlandığını bildirən zənglər çalındı, yeniyetmə və uşaqlar onlar üçün uğurlu gələcəyin yollarını düzgün müəyyənləşdirməkdə ən böyük yardımçıları olan məktəb qapılarından içəri daxil olaraq siniflərdə öz yerlərini tutdular. Bir sözlə, üçaylıq sükutdan sonra sevimli təhsil ocaqları yenidən səsli-küylü günlərinə qovuşdu. Hər təzə dərs ili yeni-yeni arzuların başlanğıcıdır. Məktəb isə gələcəklə bağlı müxtəlif arzuları ürəyində yaşadan yüz minlərlə insanı – şagirdləri və müəllimləri özündə cəmləşdirən müqəddəs bir məkandır. Bu məkana ehtiramla yanaşmaq hər kəsin vətəndaşlıq borcudur.

Ötən dərs ilinin yekunlarına və qazanılmış nailiyyətlərə nəzər salanda aşkar görünür ki, Sədərək Rayon Təhsil Şöbəsində də bu məsələyə, doğrudan da, məhz vətəndaşlıq yanğısı ilə yanaşılır. Necə deyərlər, yekunlar barədə danışmağa fakt da var, ortaya çıxarılası uğurlu nəticələr də.­
Təhsil Şöbəsindən aldığımız məlumata görə, rayonda 4 tam orta məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində 1234 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 116 müəllim məşğul olur.

Məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi təlim metodlarından istifadəyə, qabaqcıl təcrübənin tətbiqinə üstünlük verilir. Fənlər üzrə yeniliklərin tətbiqi, nöqsanların aradan qaldırılması yolları müəllimlərin müzakirə mövzusu olmuşdur.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinin qarşıya qoyulan səviyyədə qurulması üçün ixtisaslı mütəxəssislərin iştirakı ilə reydlər keçirilir, təhsil şurasının iclaslarında bu məsələ məktəb rəhbərlərinin iştirakı ilə müzakirə edilir. Fiziki tərbiyə dərslərinə diqqət yetirilməsinin nəticəsidir ki, bu ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol üzrə məktəblilərin muxtar respublika turnirində Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası çempion olmuşdur.
Sərhəd bölgəsi Sədərəkdə məktəb tikintisi də diqqət mərkəzində saxlanılır. Yeni inşa olunan Sədərək kənd 2 nömrəli tam orta məktəbin binası son illərin ərməğanlarındandır. Bu il isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası əsaslı təmir və yenidənqurmadan sonra müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Hazırda isə Heydər­abad qəsəbəsində rayon Təhsil Şöbəsi üçün yeni bina tikilir. Rayonun təhsil ocaqlarında lazımi avadanlıqlarla təmin olunmuş laboratoriyalar, kompüter otaqları və elektron lövhəli siniflər, kifayət qədər dərslik və bədii ədəbiyyatları olan kitabxanalar, idman zalları və sair fəaliyyət göstərir. Bütün bunlar şagirdlərin mükəmməl bilik qazanmasına xidmət edir.
Sədərəkdə informasiya və kommunikasiya texnologiyalarının tədris müəssisələrində tətbiqi ilə bağlı kifayət qədər iş görülmüşdür. Rayonun ümumtəhsil müəssisələrində 151 dəst kompüter vardır ki, bu da 8 şagirdə 1 kompüter düşməsi deməkdir. Bundan başqa, təhsil ocaqlarında şagirdlər 16 elektron lövhəli sinifdən istifadə edirlər. Məktəb kitabxanalarında isə 27 min 685 nüsxə dərslik və bədii ədəbiyyat mövcuddur.
Ötən tədris ili ərzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri muxtar respublika səviyyəsində keçirilən bir sıra müsabiqələrdə fəal iştirak etmişlər. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş müsabiqə aprelin 30-da keçirilmişdir. Həmin müsabiqəyə Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Abbas Abbaslı da qatılmış, onun “Naxçıvan doğma diyardır” mövzusunda yazdığı inşa-yazı işi ikinci yerə layiq görülmüşdür.
Rayonun ayrı-ayrı məktəblərində müxtəlif tədris fənləri üzrə açıq dərslər təşkil olunur, digər məktəblərin ixtisas müəllimlərinin orada iştirakı təmin edilir. Ümumiyyətlə, müəllimlərin elmi-nəzəri və peşəkar­lıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl iş aparılır. Fəal təlim metodlarının tətbiqi ilə bağlı daim qabaqcıl müəllimlərin iş təcrübəsi öyrənilir, fikir mübadilələrinə geniş yer verilir. Müəllimlərə elmi-metodik köməklik göstərilməsində, yeni fənn kurikulumlarının tətbiqində metodkabinetin fəaliyyəti daha da gücləndirilmişdir. Müəllimlərin nəzəri və təcrübi biliklərini artırmaq məqsədilə keçirilən seminarların da əhəmiyyəti böyükdür. 2014-2015-ci dərs ilində rayonun ümumtəhsil məktəblərinin VII siniflərində dərs deyəcək 30 müəllim kurikulum təliminə hazırlıqla bağlı seminara cəlb edilmiş, onlara yeni təlim metodlarından istifadə yolları aşılanmışdır.
Bəs bu il Sədərəkdə ali məktəblərə qəbulun nəticəsi necə olmuşdur? Sualımızı rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov cavablandırdı:
– Cəmiyyətdə belə bir fikir formalaşıb ki, təhsil ocaqlarında görülmüş işlərin səviyyəsi ali məktəblərə qəbul zamanı məlum olur. Əgər bu fikir həqiqəti özündə əks etdirirsə, onda biz tam orta məktəblərimizin illik fəaliyyətindən məmnunluqla danışa bilərik. Çünki sonuncu dərs ilində attestat almış sədərəkli məzunların ali məktəblərə qəbul göstəricisi pis deyil. 2014-cü ildə 77 nəfər orta məktəb məzunu ali məktəblərə sənəd vermişdir ki, onların da 35 nəfəri tələbə adını qazanmışdır. Məzunlardan 2 nəfəri 500-dən, 1 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. 6 məzunumuz orta ixtisas məktəblərinə, 1 şagirdimiz isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Əlbəttə, yeni tədris ilində daha böyük nəticələr gözlənilir.
Təhsil Şöbəsinin müdiri onu da xüsusi vurğuladı ki, Azərbaycanda, eləcə də muxtar respublikamızda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə, dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Dövlət başçısı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qeyd edirlər ki, hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyanın yeganə yolu məhz təhsilin inkişafından keçir. Biz, Sədərək rayonunun təhsil ictimaiyyətinin bütün nümayəndələri həmin çağırışı əsas tutaraq, təmsil etdiyimiz sahənin daha da inkişaf etməsi üçün yeni dərs ilində və qarşıdakı bütün illərdə daha böyük səy və əzmkarlıqla çalışacağıq. Məqsədimiz bilikli, vətənpərvər övladlar yetişdirməkdir. Bunu zaman tələb edir, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın daha firavan yaşaması üçün düşünülmüş siyasət tələb edir.

 Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR