15 sentyabr – Bilik Günü ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Bu münasibətlə Naxçıvan Dövlət Universitetində yığıncaq keçirilib. Tədbir universitetin tarixi inkişaf yolunu əks etdirən və Universitet televiziyasının hazırladığı filmin nümayişi ilə başlayıb.
Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı, Azərbaycanda aparılan təhsil islahatları Naxçıvan Dövlət Universitetində də öz real inikasını tapmaqdadır. Vurğulanıb ki, universitetin 108 hektarlıq ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə verilən tədris korpusları, Tələbə Sosial Xidmət Mərkəzi, Tələbə evi, Qonaq evi, idman meydançaları ölkədə və Naxçıvan Muxtar Respublikasında təhsilə, kadr hazırlığına göstərilən yüksək qayğının təzahürüdür.
Rektor Naxçıvan Dövlət Universitetinin tarixi inkişaf yoluna nəzər salaraq bu ali məktəbin yüksəkixtisaslı mütəxəssislər yetişdirən professor-müəllim heyətinə, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağı olduğunu bildirib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti dünyaya inteqrasiya yolu tutmaqla bir çox beynəlxalq layihələrdə uğurla iştirak edir.
Bildirilib ki, baytarlıq ixtisası üçün nəzərdə tutulan yeni tədris korpusu, Tibb fakültəsinin kliniki xəstəxanasının yeni binası tezliklə ən müasir avadanlıqlarla təchiz olunmuş şəkildə istifadəyə veriləcək. Bu, universitetin maddi-texniki bazasının gücləndirilməsinə göstərilən dövlət qayğısının bariz təzahürüdür. Ötən müddət ərzində Boloniya sisteminin tam tətbiqinə nail olunması, elektron universitet quruculuğu, distant təhsilin tətbiqi istiqamətində də əhəmiyyətli uğurlar qazanılıb. Bu uğurlar ali məktəbin reytinqinin artmasına səbəb olub. Təsadüfi deyil ki, bu il 938 tələbə, 107 magistrant, o cümlədən 35 nəfər 600-dən yuxarı bal toplayan tələbə ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetini seçib.
Rektor ali məktəbə qəbul olunan tələbələri təbrik edərək universitet kollektivinə yeni tədris ilində uğurlar arzulayıb.
Yığıncaqda Tibb fakültəsinin “müalicə işi” ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü, 677 bal toplamış Amil Qasımov, 671 balla Sosial idarəetmə və hüquq fakültəsinin “hüquqşünaslıq” ixtisasına qəbul olunmuş Aynur Cəfərova, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə I kurs tələbəsi, 615 bal toplamış Sona Səfərova, Fizika-riyaziyyat fakültəsində “fizika müəllimliyi” ixtisası üzrə ali təhsil alacaq, 606 bal toplamış Nailə Vəliyeva, İqtisad fakültəsinin “dünya iqtisadiyyatı” ixtisasına 601 balla qəbul olunmuş Aytac Yusifzadə çıxış ediblər. Çıxışlarda Azərbaycanda elmin, təhsilin inkişafından bəhs olunub, təhsilə göstərilən hərtərəfli dövlət qayğısına görə minnətdarlıq ifadə edilib.
Sonda 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş tələbələrə tələbə bileti və qiymət kitabçaları, “Naxçıvan Ensiklopediyası” kitabı təqdim olunub.
Mehriban SULTAN
* * *
Sentyabrın 15-də Naxçıvan Müəllimlər İnstitutunda da Bilik Günü və 2014-2015-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
İnstitutun rektoru, professor Oruc Həsənli çıxış edərək yeni dərs ilinin başlanmasının hər bir ailənin həyatında əlamətdar mərhələ olduğunu bildirib. Rektor qeyd edib ki, tarix boyu öyrənmək, biliklərə yiyələnmək və onu tədris etmək müqəddəs əməl hesab olunub. Xalqımız daim elm öyrənməyi, təhsil almağı, gənc nəslin savadlanması üçün məktəbin rolunu yüksək qiymətləndirib. Elə buna görədir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik təməlini qoyarkən onun əsas sütunlarından birinin təhsil olduğunu vurğulayıb, ölkəmizin milli təhsil strategiyasını yaradıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi təhsildə yeni və müasir mərhələnin başlanmasına səbəb olub.
Bildirilib ki, muxtar respublikada ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris korpuslarının tikilməsi, müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində uğurlu nəticələrin qazanılmasına, tələbələrin ixtisaslı kadr kimi yetişmələrinə imkan yaradıb. Yaradılan şəraitin nəticəsidir ki, hər il ali məktəblərə qəbul imtahanlarında muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrini seçən abituriyentlərin sayı artır. Builki qəbul imtahanlarında tələbə adını qazanmış abituriyentlərdən 262 nəfər Naxçıvan Müəllimlər İnstitutunda təhsil almağa üstünlük verib.
Bildirilib ki, bizim təhsilimizin məqsədi tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişdirməkdir. Unutmaq olmaz ki, Azərbaycanın gələcəyi bugünkü gənclərə etibar ediləcək. Odur ki, bu günün tələbələri müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməlidirlər.
Sona MİRZƏYEVA