24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan şəhəri

15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbiri Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn Məmmədyarov açaraq bildirib ki, 2013-2014-cü tədris ilində Naxçıvan şəhərinin tam orta məktəblərində 8643 şagird oxuyub, onların təlim-tərbiyəsi ilə 1630 müəllim məşğul olub.
Bu gün Naxçıvan şəhər məktəblilərinin hər 12 nəfərinə bir kompüter dəsti düşür. Müəllim və şagirdlərin ixtiyarında 62 elektron lövhə var. Dərslərin elektronlaşdırılması, ağıllı lövhədən istifadə, müasir dərsə verilən üstünlüklərin tətbiqi şagirdlərin hərtərəfli biliklərə yiyələnməsində mühüm vasitədir. Həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas təhsili məktəblərinə qəbulun həm kəmiyyət, həm də keyfiyyət faizi ilbəil artır.
Qeyd olunub ki, 2014-cü ildə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi 17 tam orta məktəbi bitirən 704 məzunun 634 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 381 nəfəri birinci turda ali məktəblərə qəbul olunub; 42 məzun isə müxtəlif orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülüb. Ümumilikdə, sənəd verənlərin 66,7 faizi ali və orta ixtisas təhsili məktəblərinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 67-si 500-700, onlardan 50-si 500-600, 13-ü 600-650, 4-ü isə 650-700 intervalında bal toplayıb.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında təhsil sistemi dinamik inkişaf yolundadır. Son illər muxtar respublikada 56 min 926 şagird yerlik 142 orta məktəb binasının tikilməsi və ya yenidən qurulması bunun ifadəsidir. Yeni məktəb binalarından 13 min 670 şagird yerlik olmaqla, 15-i Naxçıvan şəhərinin payına düşüb.
Qeyd olunub ki, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinə 654 kompüter dəsti verilib. Kompüterlərin 80 faizdən çoxu internetə qoşulub. Şagirdlərin yüksək təhsil almaları üçün yaradılan şərait uğurları daha da artırmağa imkan verib.
Sonra məktəblilər ulu öndər Heydər Əliyevə, dövlətçiliyimizə, müstəqilliyimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

*   *   *

Şərur rayonu

15 sentyabr – Bilik Günü münasibətilə Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbiri Şərur şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səməd Əliyev açıb.
Sonra Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov çıxış edərək Bilik Günü münasibətilə pedaqoji kollektivləri və şagirdləri təbrik edib, muxtar respublikada, eləcə də Şərur rayonunda təhsilin inkişafına göstərilən qayğıdan danışıb. Bildirilib ki, təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahəyə xüsusi diqqət və qayğı göstərib, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşıb, xalqın intellektual səviyyəsinin artırılmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoyub. Ulu öndərin təhsil siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər neçə illərdir ki, öz bəhrələrini verməkdədir. Qürurverici haldır ki, bu siyasət muxtar respublikada da təhsil sahəsində böyük nailiyyətlər qazanılmasına stimul olub. Hər il Şərur rayonunda yeni məktəb binalarının tikilməsi və ya mövcud məktəb binalarının müasir arxitektura üslubunda yenidən qurulması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və digər bu kimi tədbirlər gənclərin dövlətçiliyimizə və müstəqilliyimizə sədaqət ruhunda tərbiyə olunmalarına, vətənpərvər vətəndaşlar kimi formalaşmalarına, elmlərin sirlərinə dərindən yiyələnmələrinə imkan verib.
İcra başçısı növbəti tədris ilində kollektivə uğurlar arzulayıb.
Tədbirdə valideynlər adından Məşuqə Quliyeva çıxış edərək gələcəyimiz olan uşaqların mükəmməl bilik və savad qazanmaları üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib.
Sonra məktəbə yenicə qədəm qoyan birinci sinif şagirdlərinin ifasında şeirlər səsləndirilib, ilk zəng çalınıb.

*   *   *

Babək rayonu

Dünən Babək rayonunun Çeşməbasar kənd tam orta məktəbində də Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Fariz Qasımov açıb.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək bildirib ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Bu iş muxtar respublikamızda, o cümlədən Babək rayonunda da uğurla həyata keçirilir.
Vurğulanıb ki, rayonda 34 ümumtəhsil, eyni zamanda 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu il ali məktəblərə qəbul imtahanında daha yüksək göstəricilərə nail olunub. Belə ki, orta məktəbi bitirən 785 şagirddən 592 nəfər ali və orta ixtisas təhsili məktəblərinə sənəd verib. Onlardan 278 nəfəri tələbə adını qazanıb. Bu tələbələrdən 47 nəfəri 500-700 intervalında, onlardan 14 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Həmçinin orta ixtisas məktəblərinə tam orta təhsil bazasından 41 nəfər, ümumi orta təhsil bazasından 39 nəfər qəbul olunub.
Çeşməbasar kənd tam orta məktəbinin müəllimi Gülsadə Əliyeva çıxışında məktəbin uğurlarından danışaraq qeyd edib ki, 2005-ci ildə tikilən məktəb binası ötən il əsaslı təmir olunub. 2013-2014-cü tədris ilində məktəbi 10 məzun bitirib. Onların hamısı ali və orta ixtisas məktəblərinə sənəd verib. Bunlardan 7-si ali, 2 nəfəri isə orta ixtisas təhsili məktəblərinə qəbul olunub. Həmçinin 3 şagird ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olunub. Bu il məktəbin birinci sinfində 9 nəfər oxuyacaq. Çalışacağıq ki, bizə göstərilən qayğı müqabilində hər il daha yüksək göstəricilərə imza ataq.
Valideynlərdən Nigar Sadiq­ova çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğıya görə minnətdarlığını bildirib, bu gün birinci sinfə qədəm qoyan övladının belə gözəl bir şəraitdə təhsil alacağı üçün sevincli olduğunu deyib.
Sonra zəng çalınıb, şagirdlər siniflərə daxil olublar.

*   *   *

Ordubad rayonu

Ordubad rayonu tarixən güclü təhsil ənənələrinə malik olan, bu gün də həmin ənənələri qoruyub saxlayan bölgələrimizdən biridir. Belə təhsil ocaqları sırasında Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbini xüsusi qeyd etmək lazımdır. Məktəb rayonun ən müasir təhsil ocaqlarından biridir. Bu məktəbdə dərslərin ən yüksək səviyyədə tədris olunması üçün bütün imkan və şərait təmin edilib. Ötən dərs ilində məktəbi bitirən 18 məzunun hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak edib və onlardan 9-u artıq bu gün tələbə adını daşıyır. Bu il isə internat məktəbinin birinci sinfinə 40 nəfər uşaq qəbul edilib.
Bilik Günü münasibətilə təhsil ocağında keçirilən tədbiri məktəbin direktor müavini Mehman Vəlibəyov açıb.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxışında vurğulayıb ki, son 18 il ərzində rayonda 25 tam orta məktəb, 1 məktəbəqədər və 1 məktəbdənkənar təhsil müəssisəsi üçün yeni binalar inşa olunub. Həmin binalar müasir texniki vasitələrlə təmin edilib.
Qeyd olunub ki, ötən tədris ilində Ordubad rayonunun tam orta məktəblərinin XI siniflərindən 393 şagird məzun olub. Məzunların biri “Qızıl” medala, 1 nəfəri isə “Gümüş” medala layiq görülüb. Ali məktəbə qəbul üçün sənəd verən 298 nəfər məzundan 164 nəfəri tələbə adını qazanıb. Onlardan 24 nəfəri 500-700 arası bal toplamağa müvəffəq olub. Qəbul imtahanlarında Ordubad şəhərindəki 1 və 3 nömrəli tam orta məktəbləri, eləcə də Kotam, Aşağı Əylis, Yuxarı Əylis, Xanağa, Vələver, Kələki, Düylün, Gilançay, Biləv və Nürgüt kənd tam orta məktəbləri daha yaxşı göstəricilər əldə ediblər.
İcra başçısı yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib, 2014-2015-ci tədris ilini uğurla başa vurmaq üçün onlara müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə rayon Təhsil Şöbəsi­nin əməkdaşları və valideynlər çıxış ediblər.

*   *   *

Culfa rayonu

Yeni dərs ilinin başlanması münasibətilə Culfa rayonunun ümumtəhsil müəssisələrində də ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir. 2014-2015-ci tədris ilində ümumtəhsil müəssisələrinə qədəm qoyan 5000-ə qədər şagirdin təlim-tərbiyəsi ilə 800-dən artıq müəllim məşğul olacaq.
Bu il rayonun ümumtəhsil məktəblərinin birinci sinfinə 600-ə yaxın şagird qəbul olunmuşdur; on birinci sinifdə isə 418 şagird təhsil alacaq.
Bilik Günü münasibətilə Culfa şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev çıxış etmişdir. Ş.Babayev yeni dərs ilinin başlanması münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik edərək muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, Culfa rayonunda 28 ümumtəhsil məktəbinin 20-nin binası yenidən inşa edilmiş və ya əsaslı şəkildə təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmiş, təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Vurğulanmışdır ki, 2013-2014-cü tədris ilində 497 məzundan 357-si ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, onlardan 189 nəfəri tələbə adını qazanmışdır.
Tələbə adını qazanmış həmin məzunlardan 21 nəfəri 500-600, 6 nəfəri 600-650, 6 nəfəri isə 650-700 intervalında bal toplamışlar. Bir nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevə, Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləmişlər.

*   *   *

Şahbuz rayonu

Zəngin təhsil ənənələrinə malik olan Şahbuz rayonunda da Bilik Günü qeyd olunmuşdur. Bölgənin bütün tədris ocaqlarında bu münasibətlə tədbir keçirilmiş və muxtar respublikamızda təhsilin hərtərəfli inkişafına göstərilən qayğı xüsusi vurğulanmışdır. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov açaraq məktəbliləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmişdir.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək bildirmişdir ki, respublikamız müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra islahatlar aparılmış, uğurlu nəticələr əldə olunmuşdur.
Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ölkəmizin hər yerində olduğu kimi, Şahbuz rayonunda da yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Son illər Şahbuz rayonunda məktəb tikintisi geniş vüsət almış, bu günə kimi 23 tam orta məktəbin 18-i yeni müasir bina ilə təmin edilmişdir. Yaxın günlərdə isə Şahbuz şəhər 2 nömrəli və Nursu kənd tam orta məktəbləri qapılarını şagirdlərin üzünə açacaq.
İcra başçısı demişdir ki, göstərilən dövlət qayğısı nəticəsində 2013-2014-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 211 nəfər məzundan 164 nəfəri qəbul imtahanlarında iştirak etmiş, onlardan 98 nəfəri, yəni 59,7 faizi ali məktəblərə qəbul olunmuşdur. Məktəblərimizi bitirən məzunlarımızın 4 nəfəri ali məktəblərə qəbul imtahanında 600-700 intervalında, 17 nəfər isə 500-600 intervalında bal toplamışdır.
Bu il 11 illik təhsil bazasından 19 nəfər, 9 illik təhsil bazasından 20 nəfər məzun orta ixtisas məktəblərinə, 15 nəfər şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhərrəm İsmayılov çıxış edərək məktəbin uğurlarından danışmış, gələcəkdə daha böyük nailiyyətlər qazanmaq üçün səylə çalışacaqlarını bildirmişdir.

*   *   *

Kəngərli rayonu

Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində Bilik Günü münasibətilə keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində saxlanılır. Bunu Kəngərli rayonunun timsalında da görmək olar.
Bölgədə 10 tam orta məktəb, 2 Uşaq Musiqi Məktəbi üçün yeni binalar istifadəyə verilib, hazırda rayon Təhsil Şöbəsi, 1 orta məktəb və 1 məktəbdənkənar müəssisə üçün yeni binaların inşası davam etməkdədir.
Qeyd olunub ki, 2013-2014-cü tədris ilində 102 məzun, yəni ali məktəblərə sənəd verən abituriyentlərin 41 faizdən çoxu ali məktəblərə qəbul olunub.
İcra başçısı Bilik Günü münasibətilə rayonun bütün pedaqoji kollektivlərini təbrik edərək onlara növbəti dərs ilində daha böyük uğurlar arzulayıb.
Tədbirdə gənc müəllim Nailə Niftəliyeva, valideyn Əli Vəliyev, Qıvraq qəsəbə tam orta məktəbinin direktoru Mahmud Cavadov çıxış ediblər.

*   *   *

Sədərək rayonu

Sentyabrın 15-i bütün məktəblərdə olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də unudulmaz günlərdən birinə çevrildi. Yeni dərs ilinin başlanması münasibətilə məktəbin qarşısında toplaşan şagirdləri, müəllimləri və valideynləri ilk olaraq təbrik edən məktəbin direktoru Gülnarə Hüseynova qeyd etdi ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsil, təlim-tərbiyə ocaqlarının əsaslı təmiri və onlar üçün yeni binaların tikintisi dövlətin təhsilə qayğısının bariz göstəricilərindən biridir. Dövlətin bu qayğısına bizim cavabımız müstəqilliyimizin inkişafına xidmət edəcək yüksək təhsilli layiqli gənc nəsil yetişdirməkdir.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov bildirdi ki, muxtar respublikanın bütün bölgələri kimi, Sədərək rayonunda da ildən-ilə təhsilin keyfiyyəti yüksəlmiş, ali məktəblərə qəbulda irəliləyiş əldə olunmuşdur.
Həbib İbrahimov 2013-2014-cü tədris ilinin yekunlarından bəhs edərək vurğuladı ki, rayonda təhsilini başa vuran məzunlardan 77 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və 35 nəfəri yüksək nəticə göstərərək tələbə adını qazanmışdır. Abituriyent­lərdən 2 nəfəri 500-dən, 1 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Orta ixtisas məktəblərinə 6, Heydər Əliyev adına Hərbi Liseyə isə 1 nəfər qəbul olunmuşdur.
Doğrudur, bunlar uğurlu göstəricilərdir. Ancaq dövlətin təhsilə olan diqqəti, ildən-ilə bu sahəyə artan qayğısı müəllim kollektivini və şagirdlərimizi daha səylə çalışmağa, təhsildə yüksək uğurlar qazanmağa sövq etməlidir. Tədbirdə valideyn Arzuman Abdulla­zadə çıxış edərək dedi:
– Ölkəmizin sürətli iqtisadi inkişafının davamlı olması üçün intellektual potensialımız güclü olmalıdır. O potensial burada, Azərbaycan Prezidentinin və muxtar respublika rəhbərinin prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxladıqları məktəblərdə formalaşıb inkişaf edir. Bunun üçün onların yaratdığı şərait, sözün əsl mənasında, yüksək alqışa layiqdir.
Beləcə, dəqiqələr, saatlar unudulmaz bir bayramın xoş ovqatında hiss edilmədən keçdi.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR