24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il ölkəmizdə sen­tyabrın 15-i “Bilik Günü” kimi qeyd olunur.
Gənclərə göstərilən qayğı, onların təhsili üçün yaradılan şərait hər bir ölkənin gələcəyinə xidmət edir. “Müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır”, – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın dövlətçilik təməlini qoyarkən onun əsas sütunlarından birinin təhsil olduğunu vurğulamış, bu sahənin inkişafını dövlətin əsas vəzifəsi sırasına çəkmişdir. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində xalqımızın təhsillənməsi, gənc kadrların formalaşması, təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində taleyüklü tədbirlər görülmüşdür. Azərbaycan müstəqillik qazandıqdan sonra isə təhsil sistemi milli mənafelər əsasında qurulmağa başlanmış, bu sahədə ardıcıl islahatlar həyata keçirilmişdir.
Bu gün ümummilli liderimiz tərəfindən əsası qoyulan təhsil strategiyasını inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə milli intellektual potensialın formalaşdırılması, elmin, təhsilin sürətli inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” konsepsiyasını əsas istiqamət kimi götürən dövlət başçısı tərəfindən Azərbaycanda insan kapitalının formalaşdırılması sahəsində köklü islahatlar aparılır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsi təhsildə yeni və müasir mərhələnin başlanmasına səbəb olmuşdur. Muxtariyyət tarixinin inkişaf və tərəqqi cəhətdən daha məhsuldar dövrü olan son 10 ildə muxtar respublikamızda 56 min 926 şagird yerlik 150-yə yaxın orta məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, muxtar respublikamızın ən ucqar dağ kəndlərini belə əhatə etmişdir.
Hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Naxçıvan şəhərində 9 nömrəli, Şərur rayonunda Püsyan, Dizə, Kürkənd, Axura, Diyadin, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Qahab, Naxışnərgiz, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəblərin, eyni zamanda Kəngərli və Sədərək Rayon Təhsil şöbələri üçün inzibati binaların, Kəngərli rayonunda Şahmat Məktəbi üçün binanın tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Eyni zamanda Şərur rayonunda Cəlilkənd, Babək rayonunda Qoşadizə, Güznüt, Ordubad rayonunda internat, Culfa rayonunda Şurud, Şahbuz rayonunda Güney Qışlaq və Gömür kənd tam orta məktəblərində isə əsaslı təmir işləri həyata keçirilir.
İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tədrisdə tətbiqi muxtar respublikada həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir. Müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infra­strukturunun, o cümlədən elektron tədrisin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Son illər ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə, hər 12 şagirdə 1 kompüter düşməklə, 3409 kompüter quraşdırılmışdır. Kompüterlərdən 84 faizi internet şəbəkəsinə qoşulmuşdur. Bu tədbirlərin davamı olaraq, elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyinin və səmərliliyinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il iyunun 20-də “Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama əsasən, interaktiv tədris yeni inkişaf mərhələsinə yüksəlmişdir.
Ümumtəhsil məktəblərinin dərslik və dərs ləvazimatları ilə təminatı təhsilin inkişafında başlıca amildir. Son doqquz ildə muxtar respublikanın təhsil müəssisələrinə 2 milyondan artıq dərslik, 620 min 117 nüsxə bədii ədəbiyyat, 16 min 720 ədəd xəritə, müxtəlif fənlərə dair 86 min 750 ədəd plakat, şahmatın tədrisi üçün 325, ayrı-ayrı fənlərin tədrisi üçün 2 min 140 ədəd elektron tədris vəsaiti verilmişdir.
Muxtar respublikamızda peşə təhsilinin də yeni inkişaf mexanizmi hazırlanmış, peşə təhsili müəssisələrinin səmərəli fəaliyyəti üçün mühüm tədbirlər görülmüşdür. Bu tədbirlər çərçivəsində Şərur Texniki-Peşə və Sürücülük Məktəbi üçün müasir şərait yaradılmış, yeni tədris korpusu və yataqxana binasının tikintisi başa çatdırılmışdır. Bu da, öz növbəsində, muxtar respublikamızın əmək bazarında kadra olan ehtiyacın ödənilməsində mühüm rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramı valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədrisə cəlb edilmiş aztəminatlı, sağlamlıq imkanları məhdud uşaqların pulsuz məktəbli geyimləri və ləvazimatları ilə təminatına, bütün kateqoriyadan olan uşaqların təhsil almalarına əlverişli şərait yaratmışdır. Həmçinin məhdud fiziki imkanlıların distant təhsilə cəlbi də təmin olunmuşdur. Bu kateqoriyadan olan 19 uşaq kompüter dəsti, məktəbli geyimi və ləvazimatları ilə təmin olunmuş, Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzində Distant Təhsil Mərkəzi yaradılmışdır.
Təhsilə göstərilən dövlət qayğısı ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna da öz müsbət təsirini göstərmiş, bu prosesdə ilbəil artım tempi qeydə alınmışdır. 2013-2014-cü tədris ili üzrə məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 14-ü “Qızıl”, 13-ü isə ”Gümüş” medala layiq görülmüş, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmiş məzunlardan 1725 nəfəri tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunan məzunların 347 nəfəri imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 intervalında bal toplamışdır. Hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüşmüş, yeni cəmiyyət quruculuğunda gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayaraq demişdir: “Yaxşı təhsil almadan intellektual səviyyəni yüksəltmək, kamil mütəxəssis və əsl vətəndaş kimi yetişmək mümkün deyil. Öz üzərinizdə daim işləməli, mütaliə etməlisiniz. İnformasiya texnologiyalarının sirlərinə dərindən bələd olmalı, müasir elmi-texniki yenilikləri öyrənməlisiniz. Bu gün gəncliyin təhsildə əsas missiyası istənilən sahə üzrə mütəxəssis kimi yetişmək, Vətən üçün, xalq üçün faydalı olmaqdır. Çalışmaq lazımdır ki, verilən təhsil yalnız qazanılmış biliklə məhdudlaşmasın. Gənclər öz dünyagörüşlərini inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlidirlər. Müasir həyat insanlardan daha çox bilik və təcrübə tələb edir. Ona görə də siz təhsil almaqla yanaşı, həm də seçdiyiniz sahə üzrə yaxşı mütəxəssis kimi yetişməli, özünüzü cəmiyyət üçün hazırlamalısınız”.
Vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsində hərbi təhsilin özünəməxsus yeri vardır. Bu sahədə gənclərin yüksək səviyyədə təhsil alması və gələcəkdə ixtisaslı kadr kimi formalaşması üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Bunu Heydər Əliyev adına Hərbi Liseyə qəbulun nəticələri də sübut edir. 2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə 255 nəfər qəbul olunmuşdur. Liseyi bitirən məzunlar isə ölkəmizin müxtəlif ali hərbi məktəblərində təhsillərini davam etdirirlər.
Muxtar respublikada təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı da daim diqqət mərkəzində saxlanılır. Hər il təşkil olunan təhsil yarmarkalarında onlarla gənc müəllim ixtisasına uyğun işlə təmin olunur. Təhsil yarmarkaları ucqar kənd məktəblərində pedaqoji kadrlara olan tələbatın ödənilməsi baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də gənc müəllimlərin işlə təminatına şərait yaradır. Bu il sen­tyabrın 4-də keçirilən növbəti təhsil yarmarkasında 108 gənc kadra müxtəlif məktəblərdə işləmək üçün göndərişlər verilmişdir.
Təhsil sistemində aparıcı sima olan müəllimlərin əməyi də muxtar respublikamızda hər zaman yüksək qiymətləndirilir. Bu günə qədər 57 müəllim “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 72 nəfər “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 60-a yaxın müəllim isə müxtəlif medallarla təltif olunmuşdur.

Əldə olunmuş bu uğurlar muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bu isə intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əsl bayram əhval-ruhiyyəsi ilə qeyd olunmasına əsas verir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR