Mövzu haqqında danışmazdan əvvəl yaşlı qohumlarımdan eşitdiklərimi xatırlamaq istəyirəm: kəndimizdə məktəbə gedən şagirdlərin ən böyük çətinliklərindən biri dərslik problemi olurdu. Elə ailələr var idi ki, kitab almağa imkanı yox idi. Yuxarı siniflərdə isə bu problem daha da böyüyürdü. Elə dərslik olurdu ki, bir kitabdan şagirdlərin hamısı istifadə edirdi. Bir sözlə, çox çətin idi oxumaq. Ancaq indi nə var ki oxumağa? Nəvəmin kitablarına baxıram; hamısını məktəb verib, özü də pulsuz...
Artıq neçə illərdir ki, ümumtəhsil məktəblərinin şagirdləri pulsuz dərsliklərlə təmin olunurlar. Dərsliklərdən əlavə, latın qrafikası ilə çap olunan bədii ədəbiyyatlar da məktəb kitabxanalarına verilib və bu proses indi də davam etdirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında hansı məktəb kitabxanasına üz tutsaq, orada zəngin kitabxana ilə rastlaşarıq. Yəni indi heç bir Naxçıvan məktəblisi dərslik problemi yaşamır.
Bəs bu dərsliklər necə qorunur? Onlardan necə istifadə olunur? Etiraf edək ki, bu gün muxtar respublikanın əksər məktəblərində dərsliklərimiz lazımi səviyyədə qorunmur. Hətta məktəbdən alınan bu dərsliklər bəzən geri qaytarılmır. Qaytarılanda isə kitab yararsız halda olur. Kitabları bu vəziyyətə salmamaq üçün həm məktəb kollektivi, həm də valideynlər diqqətli olmalıdırlar. Çünki həmin dərsliklər birillik deyil. Hansı kitab olursa-olsun, şagirdlərə ona hörmətlə yanaşmağı aşılamalıyıq.
Tarixən Azərbaycan xalqı həmişə kitabı müqəddəs hesab etmişdir. Unutmaq olmaz ki, biliyin təməl daşlarını məhz kitablar qoyur. Bəs onda bu qiymətli sərvətimizə niyə belə münasibət göstəririk? Bir dəfə şahidi olduğum bir hadisəni oxuculara çatdırmaq istəyirəm. Məktəbdə kitabların qorunması ilə bağlı yoxlama var idi. Direktor başda olmaqla, məktəbin pedaqoji kollektivi kitabların cildlərini qaydaya salmağa başladılar. Anlamaq çətindir ki, məhz yoxlamadan yoxlamaya bunu etməliyik? Və ya kitabların o vəziyyətə düşməsinə nə üçün yol veririk? Özümüzün şəxsi vəsaitimizlə aldıqlarımıza beləmi yanaşırıq? Açıq etiraf etmək lazımdır ki, bu gün əksər məktəblərimizdə kitablar lazımi səviyyədə qorunmur, bu işə ciddi diqqət yetirilmir. Bu məsələdə məsuliyyət həm kitabxanaçının, həm sinif rəhbərinin, həm də fənn müəlliminin, valideynin və başlıca olaraq, şagirdin üzərinə düşür. Əgər onlar bu məsuliyyəti dərk etsələr, dərsliklərdən uzun illər istifadə etmək olar. Adını çəkdiklərimiz, ən azından, həftədə bir dəfə kitabların saxlanılma vəziyyətinə diqqət etməlidirlər. Şagird isə gündəlik olaraq dərslikdən istifadə etdiyi üçün səliqəli olmalıdır. Dərs ilinin sonunda sinif rəhbəri kitabları şagirdlərdən təhvil alanda onların hansı vəziyyətdə olduğuna ciddi diqqət yetirməlidir. Əgər kitab yararsız hala salınıbsa, valideynə bildirilməlidir.
Qarşıdan yeni dərs ili gəlir. Yeni dərs ilində və ümumilikdə, bu məsələ heç vaxt diqqətdən kənarda qalmamalıdır. Dövlətimizin külli vəsait hesabına nəşr etdirdiyi bu kitablar uşaqlarımız və gələcəyimiz üçündür. Ona görə onları qorumaq hər birimizin borcudur.
Sara ƏZİMOVA