24 Dekabr 2024, Çərşənbə axşamı

Sentyabrın 10-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikanın təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev 2013-2014-cü tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir. Hazırda Naxçıvan şəhərində 9 nömrəli, Şərur rayonunda Püsyan, Dizə, Kürkənd, Axura, Diyadin, Babək rayonunda Nehrəm kənd 2 nömrəli, Qahab, Naxışnərgiz, Ordubad rayonunda Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Culfa rayonunda Bənəniyar, Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli, Nursu, Kəngərli rayonunda Qarabağlar kənd 1 nömrəli tam orta məktəbləri, eyni zamanda Sədərək və Kəngərli Rayon Təhsil şöbələri üçün binalarda, Kəngərli rayonundakı Şahmat Məktəbinin binasında tikinti və ya əsaslı yenidənqurma işləri aparılır. Bunlarla yanaşı, Şərur rayonunda Cəlilkənd, Babək rayonunda Qoşadizə, Güznüt, Culfa rayonunda Şurud, Ordubad rayonunda internat və Şahbuz rayonunda Gömür, Güney Qışlaq kənd tam orta məktəb binaları əsaslı təmir olunur.

2013-2014-cü tədris ilində ali məktəblərə qəbul göstəriciləri haqqında məlumat verən Piri Nağıyev bildirmişdir ki, bu il məktəbi bitirən 3993 nəfərdən 3115-i ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfər olmuşdur. Məzunlar arasında xüsusitəyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 174 nəfər təşkil etmişdir. Muxtar respublikamızda həm orta ixtisas təhsili müəssisələrinə, həm də hərbi təhsil sahəsinə maraq xeyli artmışdır. 2014-2015-ci tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə muxtar respublika üzrə sənəd verən 1760 nəfərdən 909-u cari ildə IX sinfi bitirənlər, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd verən 1020 nəfərdən isə 990-ı muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləridir.
Qeyd olunmuşdur ki, bu il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i tələbə adını qazanmışdır. Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük vermişlər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 156 nəfəri Naxçıvan Dövlət Universitetinə qəbul olunmuşdur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 14-ü “Qızıl”, 13-ü isə ”Gümüş” medala layiq görülmüşdür.
Sonra şəhər və rayon təhsil şöbələrinin müdirlərinin çıxışları dinlənilmişdir.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Son 10 ildə 150-yə yaxın məktəb binası tikilib istifadəyə verilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir. Təhsil müəssisələrinə 3409 dəst kompüter verilmiş, onların 84 faizi internetə qoşulmuş, 600-ə yaxın elektron lövhə quraşdırılmışdır.
Bildirilmişdir ki, muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması diqqətdə saxlanılır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə muzeylərlə təhsil müəssisələri arasında inter­aktiv əlaqə yaradılır. Hazırda bununla bağlı test yoxlama işləri görülür. Bu işlərin sentyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulur.
Rəhman Məmmədov təhsil müəssisələrinin fəaliyyətində bir sıra nöqsanların da mövcud olduğunu bildirərək demişdir ki, 2014-cü il iyulun 18-də “Təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsil müəssisələrinin yaradılmış şəraitdən lazımi səviyyədə istifadə edə bilməməsini və işdə bir sıra nöqsanlara yol verdiklərini xüsusi vurğulamışdır.
“2013-cü ilin yekunları və qarşıda duran vəzifələr”lə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə təhsil müəssisələrinə tədrisin keyfiyyətinə nəzarətin gücləndirilməsi, dərslərin tədrisində əyaniliyin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni təmin etmək məqsədilə müəllimlərlə sistemli işin aparılması, onların hazırlıq səviyyəsinin artırılmasının nəzarətə götürülməsi tapşırılmışdır. Buna baxmayaraq, yoxlamalar zamanı bəzi təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının qorunmaması, onların işlək vəziyyətdə saxlanılmaması hallarına rast gəlinmişdir. Təhsil müəssisələrinin bəzilərində informasiya-kommunikasiya sistemlərinin qorunması məqsədilə otaqlar bağlı saxlanılır, şagirdlər həmin otaqlara buraxılmır. Bu hallar muxtar respublikada aparılan təhsil siyasəti ilə tamamilə ziddiyyət təşkil edir.
Qeyd olunmuşdur ki, təhsil müəssisələrində müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından, xüsusən də elektron lövhələrdən istifadəsi də tələb olunan səviyyədə deyil. Öz üzərində işləməyən, dərs üçün əlavə materiallar axtarmayan, ümumiyyətlə, dərsə hazırlıqsız gələn müəllimlər hələ də mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası təhsil müəssisələrində müəllimlərin elektron lövhələrdən istifadə bacarığını və internet xətlərinin işlək vəziyyətdə saxlanılmasını aktuallaşdırır. Pedaqoji işçilər informasiya-kommunikasiya texnologiyalarından, internet resursları və onların tədrisdə tətbiqi imkanlarından daha da səmərəli istifadə etməli, tədris proqramlarına interaktiv təhsillə bağlı mövzular salınmalıdır. Qeyd olunanlar məktəb direktorlarını düşündürməli, zəruri tədbirlər görülməlidir.
Müəllimlərin vəzifəsi dərs deməklə bitmə­məlidir. Müəllim daim iş yerində, yəni məktəbdə olmalıdır. Təhsil müəssisələrində iş rejimi ikinövbəli təşkil edilməlidir. Birinci növbə dərslərin keçilməsini, ikinci növbə isə dərsdən sonrakı hazırlıq və dərnək məşğələlərini əhatə etməlidir. Buna xüsusi diqqət yetirilməli, şagirdlər dərsdən sonrakı məşğələlərə cəlb edilməlidirlər.
Bədən tərbiyəsi və hərbi hazırlıq dərslərinin təşkilindəki nöqsanlardan da danışan Rəhman Məmmədov bildirmişdir ki, bədən tərbiyəsi dərslərində idman formalarından, hərbi hazırlıq dərslərində isə əyani vəsaitlərdən istifadə düzgün təşkil olunmur. Müəllim və şagirdlərin dərsə davamiyyətində də nöqsanlara yol verilir. Təhsil müəssisələrində vahid geyim forması tətbiq olunur. Təəssüf ki, aparılan yoxlamalar zamanı bəzi təhsil müəssisələrində həm müəllimlərin, həm də şagirdlərin geyim formasına əməl etməmələri aşkar olunmuşdur. Müəyyən olunmuş geyim formasından düzgün istifadə mütəmadi nəzarətdə saxlanılmalıdır.
Sonda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri göstərilən qayğının müqabilində daha səylə çalışmalı, öz işlərini şagirdlərin bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi istiqamətində qurmalıdırlar.
Konfransa təhsil naziri Piri Nağıyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR