Xalqımızın ümummilli lideri Heydər Əliyev xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə heç nəyi əsirgəmirdi. “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ulu öndər Azərbaycanın qloballaşan dünyada layiqli yer tutması, xalqın xoş və firavan gələcəyi üçün yeniyetmə və gənclərin təhsilinə böyük önəm verirdi. Onların hərtərəfli biliyə, dünyagörüşə malik vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradırdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada təhsil ocaqları üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yenilənmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. O illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məsələnin həllinə nail olmaq məqsədilə ulu öndər Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Həmin dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı gənc göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır.
Müstəqillik illərində də Azərbaycanda təhsilin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildən sonra təhsil sahəsində uğurlu islahatlar aparılmış, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirilmiş, müasir tələblərə cavab verən təhsil ocaqları tikilib istifadəyə verilmişdir.
Ölkəmizdə Təhsil İslahatı Proqramının hazırlanması və uğurla reallaşması istiqamətində dahi rəhbərin həyata keçirdiyi tədbirlər ümummilli liderin müəyyənləşdirdiyi təhsil siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə həmin proqrama uyğun olaraq, müstəqil Azərbaycanın təhsil sisteminin normativ-hüquqi bazasının yaradılması, təhsilin məzmununun yenilənməsi və təkmilləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində çox böyük işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılması ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük səyləri sayəsində bu gün təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Ölkə başçısının təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul olunması, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin yüksəldilməsi bu sahənin inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə yüksəlməsinə imkan vermişdir.
Muxtar respublikamızda da bu istiqamətdə görülən işlər, həyata keçirilən təqdirəlayiq tədbirlər hər birimizdə fəxarət hissi yaşadır. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Diqqətçəkən vacib məqamlardan biri də məktəb tikintisinin təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmamasıdır. Regionumuzun ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab verən, perspektivə hesablanmış yeni məktəb binaları tikilmiş və bu quruculuq prosesi bu gün də uğurla davam etdirilməkdədir. İstifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılmış, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılmış, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Konkret olaraq, son 10 ildə muxtar respublikada 56 min 926 şagird yerlik 142 orta məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərinə 3500-ə yaxın kompüter dəsti verilmiş, hər 12 şagird bir kompüterlə təmin olunmuşdur. Təhsil müəssisələrindəki kompüterlərin 84 faizi internetə qoşulmuş, siniflərdə 600-ə yaxın elektron lövhə quraşdırılmışdır. Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır. Ali məktəblərə qəbul nəticəsinin təhlilindən görürük ki, yüksək bal toplayanların sayı bu il də artmışdır. Əgər 2013-cü ildə tələbə adını qazananların 312-si 500-dən yuxarı bal toplamışdısa, 2014-cü ildə 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərmişdir. Qeyd edək ki, bu il məktəbi bitirən 3993 nəfərdən 3115-i ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfər olmuşdur. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 174 nəfər təşkil etmişdir. Bu il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i tələbə adını qazanmışdır.
Hər il yüksək bal toplayan məzunlarla Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ənənəyə çevrilən görüşü muxtar respublikada təhsilə göstərilən böyük qayğı kimi gənclərin də məsuliyyət hissini artırır, onları ölkəmizin inkişafı naminə təhsildə böyük uğurlar qazanmağa səsləyir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri avqust ayının 11-də tələbələrlə keçirdiyi görüşdə onlara xitabən demişdir: “Yeni cəmiyyət quruculuğunda sizin üzərinizə mühüm vəzifələr düşür. Daim bu vəzifələri düşünməli, onun icrasına çalışmalısınız. Vəzifə, birinci növbədə, yaxşı təhsil almaqdan ibarətdir. Yaxşı təhsil almadan intellektual səviyyəni yüksəltmək, kamil mütəxəssis və əsl vətəndaş kimi yetişmək mümkün deyil. Öz üzərinizdə daim işləməli, mütaliə etməlisiniz. İnformasiya texnologiyalarının sirlərinə dərindən bələd olmalı, müasir elmi-texniki yenilikləri öyrənməlisiniz. Bu gün gəncliyin təhsildə əsas missiyası istənilən sahə üzrə mütəxəssis kimi yetişmək, Vətən üçün, xalq üçün faydalı olmaqdır. Çalışmaq lazımdır ki, verilən təhsil yalnız qazanılmış biliklə məhdudlaşmasın. Gənclər öz dünyagörüşlərini inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlidirlər. Müasir həyat insanlardan daha çox bilik və təcrübə tələb edir. Ona görə də siz təhsil almaqla yanaşı, həm də seçdiyiniz sahə üzrə yaxşı mütəxəssis kimi yetişməli, özünüzü cəmiyyət üçün hazırlamalısınız. Hansı sahədə işləməyinizdən və harada yaşamağınızdan asılı olmayaraq, daim doğma Azərbaycanımıza sədaqətli olun!”
Muxtar respublikamızda qabaqcıl təhsil ocaqları çoxdur. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan məktəb isə nəinki muxtar respublikada, Azərbaycanda fərqlənən təhsil ocağıdır. Önündə müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılan məktəb binası memarlıq baxımından da diqqəti çəkir.
Naxçıvan şəhərinin hüsnünə gözəllik bəxş edən bu məktəbdə sabahımızın qurub-yaradanları olacaq şagirdlər təhsil alır, elmin ilkin sirlərinə yiyələnirlər. 1206 şagird yerlik məktəbdə 57 sinif komplekti, elektron lövhəli siniflər, 57 kompüter dəsti ilə təmin olunmuş 3 kompüter otağı vardır. Qeyd edək ki, məktəbin müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə, dövlətçiliyimizə, müstəqilliyimizə sədaqət ruhunda formalaşmasına xüsusi diqqət yetirilir. Bunun üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna sadiq olan vətəndaşlar kimi yetişsinlər.
Görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq, burada çalışmaq məsuliyyətli olduğu kimi, bir o qədər də qürurvericidir. Həyatını öz xalqına həsr edərək milyonların qəlbində heykəlləşən ümummilli liderin davamçılarını yetişdirmək həm ciddi, həm də şərəfli vəzifədir. Məktəbin pedaqoji kollektivi bu müqəddəs vəzifənin məsuliyyətini dərindən dərk edir. Heydər Əliyev adına tam orta məktəbin ilbəil artan uğurları ulu öndərin, ölkə Prezidentinin və Ali Məclis Sədrinin qiymətli tövsiyələrinə əməl edilməklə qazanılır, yeni təhsil ənənələri yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 21 avqust tarixli “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncamı kollektivimizin böyük sevincinə səbəb olmaqla məsuliyyət hissimizi daha da artırır. Sərəncamın imzalanmasını pedaqoji kollektivimiz, valideynlər və şagirdlər ulu öndərə böyük ehtiramın ifadəsi kimi dəyərləndirir, fəaliyyətimizə verilən yüksək qiymət hesab edirlər.
Ulu öndərin bütün həyatı bizim gələcəyimizə işıq saçacaq dəyərli bir xəzinədir. Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda gənclər öz vətənpərvərliyi və intellekti ilə gələcəkdə müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında bu xəzinədən daim bəhrələnəcəklər. Heydər Əliyev adına tam orta məktəbin kollektivi də məhz belə gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
Namiq MƏMMƏDOV
Heydər Əliyev adına tam orta məktəbin direktoru