24 Dekabr 2024, Çərşənbə axşamı

İbtidai təlim dövrü uşaq həyatının çox əhəmiyyətli mərhələlərindən biridir. Bu zaman onun təbii imkanlarının üzə çıxması üçün hər cür şərait yaratmaq mümkündür. Şagirdlərdə müxtəlif qabiliyyət və yönümün vaxtında üzə çıxarılması, möhkəmləndirilməsi, materialın şüurlu surətdə mənimsədilməsi, onların idrak qabiliyyətlərinin inkişaf etdirilməsi üçün təlimin inteqrasiyası vacibdir. “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”nda təhsilin inteqrativliyi əsas prinsip kimi nəzərdə tutulmuşdur. Milli kurikulum təhsildə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi önəm verir. Müxtəlif sahələr üzrə biliklərin inteqrasiyası şagird təfəkküründə ətraf aləm haqqında vahid, sistemli dünyagörüşün formalaşmasına kömək edir.
İnteqrativ kurikulum şagirdyönümlü, humanistləşən təhsilin fəlsəfəsidir və təlim strategiyalarının qurulması işində böyük rol oynayır. Qeyd olunan konsepsiyada ümumi təhsilin pillələri və bu pillələr arasında əlaqə və ardıcıllığın gözlənilməsi, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik inkişaf etdirilməsi vacib pedaqoji tələb kimi qoyulmuşdur.

“İnteqrasiya” termini XX əsrin sonundan daha fəal istifadə olunmağa başlasa da, onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən mövcud olmuş, onun varlığını təşkil etmişdir. Zaman-zaman diferensial yanaşmalar hissələrə bölünməni, ayrılmaları tənzimlədiyi kimi, inteqrasiya prosesləri də bütövləşmələrin, tamamlanmaların nəticəsi kimi meydana çıxmışdır. Bütün elm sahələrində, o cümlədən sosiologiyada və pedaqogikada inteqrasiya önəmli yer tutmuşdur. Ona görə də pedaqogikada “inteqrasiya”, “inteqrativlik”, eləcə də “təhsildə inteqrasiya” və sair anlayışlardan daha çox istifadə olunmağa başlanmışdır.
Müasir dünyada sürətlə gedən sosial, mədəni və texnoloji dəyişikliklər qlobal düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. Belə olan halda şagirdlər təlim prosesində ayrı-ayrı fənlər üzrə verilən bilik və bacarıqların passiv iştirakçısı olmurlar. İnteqrativlik şagirdlərə ətraf aləmin dərk edilməsinə yaradıcı idraki münasibət bəsləyən subyektlər kimi yanaşılmasına imkan yaradır. Bu, o zaman mümkün olur ki, təhsil pillələrində öyrənilən fənlər və onların əhatə etdiyi mövzular ayrı-ayrı deyil, əlaqəli, inteqrativ şəkildə tədris olunur. Digər bir tərəfdən inteqrativ kurikulum şagirdlərin dərsliklərdə verilən materiallara yaradıcı yanaşmasına kömək edir.
Təcrübə göstərir ki, tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərslərin maraqlı və məzmunlu qurulması, uşaqlarda tədqiqatçılıq meyillərinin yaranması üçün vacib şərtdir. Fəndaxili inteqrasiya müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi, fənn daxilində səpələnmiş faktların sistemləşdirilməsidir. Bu mənada inteqrasiya olunmuş məzmun informativ cəhətdən daha tutumlu olur, şagirdlərin daha əhatəli kateqoriyalarla düşünmə bacarığı formalaşdırmalarına kömək edir. İbtidai təhsil pilləsi fənlərinin tədrisində geniş şəkildə istifadə olunan fəndaxili inteqrasiya üçün konsentrik prinsipə əsaslanan spiralvari quruluş daha xarakterikdir. Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər.
Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə etdiyi ortaq bilik və bacarıqların sintezi olmaqla, bir fənnə aid anlayışların və metodların digər bir fənnin tədrisində istifadəsini nəzərdə tutur. Belə inteqrasiya müxtəlif fənlər arasında məntiqi əlaqələrin qurulmasına xidmət edir. Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin etməklə təlim prosesinin səmərəliliyinin artırılmasına şərait yaradır. Fənlərarası və fəndaxili münasibətlərin, sadəcə, əlaqə deyil, inteqrasiya xarakteri daşıması bu münasibətlərin daha sıx və möhkəm olmasına, onun bütöv bir prosesə çevrilməsinə şərait yaradır. Müəllimlər pedaqoji prosesdə ondan daha səmərəli qaydada istifadə etmək imkanı qazanırlar. Bundan əlavə, fənlərarası və fəndaxili inteqrasiya interaktiv öyrənməyə geniş yol açır, şagirdlərin təbiət, cəmiyyət və insanlar haqqında qarşılıqlı əlaqələr şəraitində qurulmuş biliklərə yiyələnməsini stimullaşdırır.
İnteqrasiya nəticəsində tədris materialının yığcamlılığı təmin edilir, təkrara yer verilmir, şagirdlər artıq yüklənmir və tədris vaxtına qənaət edilir. Onlar az vaxt içərisində çox, həm də bir-biri ilə üzvi əlaqədə formalaşmış biliklər əldə edirlər. Bu məqsədlə uşaqları inteqrativ biliklər əldə etməyə hazırlayan fənlərarası əlaqəyə geniş yer verilməlidir. Bunun təmin edilməsi üçün müəllim bütün fənlər üzrə proqram materiallarına yaxşı bələd olmalı, fənlərarası əlaqədən istifadə etməyin yollarını, onun metodikasını dərindən bilməlidir.
Fənlərarası əlaqə prosesində tədris fənni şagirdlər tərəfindən yaxşı mənimsənilir, bir neçə fənn üzrə bilik, bacarıq və vərdişlər təkrarlanır, nəticədə, biliyin şagirdlər tərəfindən sistemli mənimsənilməsi təmin edilir.
Belə qənaətə gəlmək olar ki, fənlərarası əlaqədən ardıcıl şəkildə istifadə etmək tədrisin səviyyəsini yüksəldir, şagirdlərin təfəkkürünü inkişaf etdirir, dünyagörüşünü genişləndirir. Buna görə də məktəblərdə təhsilə ayrı-ayrı fənlərin öyrədilməsi kimi deyil, XXI əsrin tələb etdiyi həyati bacarıqların inkişaf etdirilməsi prosesi kimi baxılmalı, şagirdlər həyat boyu öyrənməyə hazırlanmalıdır.

Rumiyyə PİRİYEVA
Naxçıvan Dövlət Universitetinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR