2004-cü ilin sentyabrında Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan nümunəvi tam orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilmiş, məktəbin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və tədrisin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında”
2014-cü il 21 avqust tarixli Sərəncamından
2004-cü il sentyabrın 2-si. Muxtar respublika sakinlərinin yaddaşında uzun müddət yaşayacaq unudulmaz bir tarix. Həmin gün Naxçıvan şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağının binası istifadəyə verildi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri indi də həmin tədbirdə iştirak edənlərin yaddaşındadır: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız çox şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir. Deyə bilərəm ki, bu məktəb indi təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda bir nömrəli məktəbdir”.
Qürurverici haldır ki, məktəb ulu öndərin adına layiq fəaliyyəti ilə təhsildə qazandığı uğurlarla qabaqcıl təhsil ocaqları sırasında öz layiqli yerini tutmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 2014-cü il 21 avqust tarixli “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyinin qeyd olunması haqqında” Sərəncam məktəbin fəaliyyətinə verilən ən yüksək qiymətdir. Sərəncamda deyilir: “Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.
Heydər Əliyev adına tam orta məktəbdə maddi-texniki baza daim təkmilləşdirilmiş, təlim-tədris üçün əlverişli şərait yaradılmışdır. Hazırda müəllim və şagirdlərin istifadəsində ən müasir elektron lövhə və kompüterlər vardır. Yaradılmış şəraitdən düzgün istifadə edilmiş, gənc nəslin təhsili və əsl vətəndaş kimi formalaşdırılması sahəsində zəruri işlər görülmüşdür. 10 ildə məktəbin məzunlarından 300 nəfərinin və ya 83 faizinin ali məktəblərə qəbul olunması tədrisin səviyyəsinin günün tələbləri səviyyəsində təşkil olunmasının əyani sübutudur. Vətənpərvər gəncliyin formalaşdırılmasına da xüsusi diqqət yetirilmiş, məzun və şagirdlərdən 42 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur”.
Bəli, 10 ildir ki, məktəbin kollektivi çalışdıqları təhsil ocağında ölkə Prezidentinin tövsiyələrinə əməl edərək milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər gənclər yetişdirirlər. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş ulu öndərin adına layiq olmalıdır. Ötən dövr ərzində qazanılan nailiyyətlər də sübut edir ki, pedaqoji kollektiv ümummilli liderimizin təhsil siyasətini uğurla davam etdirir. 1206 şagird yerlik məktəbdə hazırda 1114 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 57 sinif komplekti, elektron lövhəli siniflər, 57 kompüter dəsti ilə təmin olunmuş 3 kompüter otağı vardır.
Keçilən dərslərdə dövlət rəmzlərinə, müstəqilliyimizə, Azərbaycan xalqının tarixinə, dilinə, adət və ənənələrinə, milli dəyərlərinə hörmət və qayğı aşılanır, şagirdlər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Bu gün muxtar respublikamızın ümumtəhsil məktəblərində fiziki cəhətdən hazırlıqlı, bilikli, eyni zamanda Azərbaycan dövləti və xalqı qarşısında öz məsuliyyətini dərk edən, Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən gənclər yetişdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sözləri pedaqoji kollektivlərin devizinə çevrilmişdir: “Bizim təhsilimizin məqsədi təkcə savadlı, intellektli gənclər yetişdirmək deyil, həm də yüksək mənəviyyatlı, Azərbaycan xalqının milli dəyərlərinə sadiq, vətənpərvər gənclər yetişdirməkdir. Bununla yanaşı, təhsilimizin məqsədi Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü yetişdirməkdir”.
Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərin adını daşıyan bu məktəb Ali Məclis Sədrinin bu sözlərini öz fəaliyyətində rəhbər tutmuşdur. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında öz layiqli yerini qorumaqdadır. 2013-2014-cü tədris ilində keçirilən fənn olimpiadalarında məktəbin 4 şagirdi uğurlu yerlərə sahib olmuş, məktəbi bitirən məzunlardan 43-ü ali məktəblərin, 3-ü isə orta ixtisas məktəblərinin tələbələri adına layiq görülmüşdür. Onlardan 14 nəfəri 500-700 intervalında bal toplamışdır. 6 nəfər 600-dən yuxarı bal toplayaraq məktəb kollektivinin etimadını doğrultmuşdur.
Təhsil ocağında şagirdlərin hərbi-vətənpərvərlik ruhunda böyüməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, bu il 3 məzun xüsusi təyinatlı ali hərbi məktəbə qəbul olunmuşdur. Bundan başqa, məktəbdən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunan şagirdlərin də sayı ilbəil artır. Bu cəhətdən sonuncu tədris ili də istisna deyil. Belə ki, 16 nəfər Hərbi Liseyə qəbul olunmaq üçün imtahan vermişdir.
Məktəbin uğurları saymaqla bitməz. Təhsil ocağı 2007-2008-ci tədris ilinin yekununa görə, ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Məktəbdə şagirdlərin fiziki hazırlığına da ciddi önəm verilir. Müasir standartlara uyğun şəkildə hazırlanan idman zalı və mini-futbol meydançasında məktəblilər idmanın müxtəlif növləri ilə məşğul olurlar. Bu da bəhrəsiz qalmır, şagirdlər respublika əhəmiyyətli idman yarışlarında və olimpiadalarda fəal iştirak edərək yüksək nailiyyətlər qazanırlar. Hazırda məktəbin şagirdləri arasında iki nəfər boks üzrə Avropa çempionu vardır. Məktəbin bir nəfər şagirdinin adı “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na salınmışdır.
Təhsil müəssisəsində şagirdlərin ideya-siyasi tərbiyəsinə, müasir düşüncə tərzinin formalaşdırılmasına, onların milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə, vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hər il əlamətdar günlərlə bağlı yaddaqalan tədbirlər keçirilir. Məqsəd isə ondan ibarətdir ki, şagirdlər intellektual səviyyədə biliklərə yiyələnməklə yanaşı, Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna, dövlətimizə, müstəqilliyimizə sadiq vətəndaşlar kimi yetişsinlər. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı keçirilən müsabiqələrdə məktəbin şagirdlərinin fəal iştirakını da xüsusi qeyd etməliyik. Hər il keçirilən müsabiqələrdə məktəb yeni uğurlara imza atır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə məktəbin 1 nəfər şagirdi birinci yerin sahibi olmuşdur. Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov bildirdi ki, təhsil ocağında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin şagirdlərə öyrədilməsində müxtəlif metodlardan istifadə olunur. Heydər Əliyev lektoriyalarında ulu öndərin Azərbaycan xalqı üçün həyata keçirdiyi cahanşümul tədbirlər, ümummilli liderin hər bir azərbaycanlı üçün örnək olan həyat və siyasi fəaliyyəti şagirdlərimizə aşılanır. Xüsusən də məktəbimizdə ulu öndərimizin hər kəsə örnək həyat və fəaliyyətini əks etdirən guşənin yaradılması şagirdlərin dövlətçilik və milli ideologiya ruhunda tərbiyə olunmalarına xidmət edir. Təhsil ocağında yaradılmış ənənələrdən biri də məktəbin birinci sinfinə qəbul edilən şagirdlərin və XI sinfi bitirib müstəqil həyata qədəm qoyan məzunların ümummilli liderin abidəsi önündə and içmələridir.
Heydər Əliyev adına tam orta məktəbin məzunu olmaq, bu məktəbdə bilik qazanmaq hər bir gənc üçün böyük şərəf, bu məktəbdə dərs demək, pedaqoji fəaliyyət göstərmək isə hər bir müəllim üçün böyük etimad və ciddi məsuliyyətdir. Ona görə də məktəbin müəllimləri öz bilik və təcrübələrinin yüksəldilməsini qarşıda duran əsas vəzifələrdən hesab edir, pedaqoji və metodik ustalıqlarının artırılması qayğısına qalırlar. Bu səbəbdəndir ki, məktəbin müəllimlərindən iki nəfər Londonda təşkil olunan Beynəlxalq dil və mədəniyyət kursunda iştirak etmişdir. Məktəbin müəllimləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi seminarlarda fəal iştirak edirlər. Məktəbdə hazırlanan elektron tədris vəsaitləri kompakt disklər şəklində muxtar respublikanın digər ümumtəhsil məktəblərinə də göndərilir. Kollektivin üzvləri ictimai-siyasi proseslərdə də öz fəallıqları ilə seçilirlər. Onlar Yeni Azərbaycan Partiyasının fəal üzvləri, ümummilli liderin ideyalarının təbliğatçısıdırlar. Qeyd edək ki, məktəbin müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Belə ki, məktəbin müəllimlərindən 3 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, 4 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir nəfər müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
İnsan ömrü! Onu günlərlə, aylarla, illərlə ölçmək nə qədər doğrudur? Ömür var ki, əsrə bərabər olsa da, günləri, ayları qum dənələri kimi barmaqlar arasından axıb tökülür, heç bir iz qoymadan ötüb keçir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə, qərinələrdə qalır, xalqının tarixinə düşür, onun həyatında yenidən yaşayır, sonrakı nəsillər üçün bir örnək, nümunə olur. Ümummilli lider Heydər Əliyev xalqımızın qəlbində məhz belə şəxsiyyətlərin fövqündə dayanan dahi rəhbər kimi yaşayır. Çünki O, möhkəm bir dövlət qurmağın və bu dövlətin əbədi olaraq yaşamasının yollarını bizə miras qoymuşdur. Xalqımız haqlı olaraq bu mirası Heydər Əliyev məktəbi adlandırır. Bu, elə bir məktəbdir ki, bizim hər birimiz ondan bəhrələnirik. Dahi rəhbərin qurduğu müstəqil Azərbaycanda gənclər öz vətənpərvərliyi və intellekti ilə müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin inkişafında öz fəallıqları ilə seçilirlər. Heydər Əliyev adına tam orta məktəbin kollektivi də məhz belə gənclərin yetişdirilməsi üçün əlindən gələni əsirgəmir. Bu təhsil ocağı bundan sonra da ölkəmizin qabaqcıl məktəbləri sırasında olacaq, məktəbin məzunları müstəqil Azərbaycanın və muxtar respublikamızın daha da çiçəklənməsi üçün böyük uğurlara imza atacaqlar.
Yazını isə məktəb kollektivinin dilində əzbərə çevrilmiş şeirlə bitirmək istəyirəm:
Yorulmadan qurdu kəndlər, şəhərlər,
Üzümüzə açdı nurlu səhərlər –
Bu yüksəliş düşmən ruhu zəhərlər.
Heydər baba qəlbimizdə yaşayır,
Məktəbimiz Heydər adı daşıyır.
Sara ƏZİMOVA