24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 avqust tarixli sərəncamı ilə bu ali təhsil müəssisəsi müstəqil instituta çevrilərək Naxçıvan Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır.
Ötən 11 ildə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyəti genişləndirilmiş, ali təhsilli kadrların hazırlanması sahəsində bir sıra nailiyyətlər əldə edilmişdir. Bu dövrdə institut ixtisaslı müəllim kadrları ilə təmin edilmiş, ali təhsil ocağının binası yenidən qurulmuş, lazımi tədris şəraiti yaradılmış, maddi-texniki bazası gücləndirilmiş, yeni ixtisaslar açılmışdır. 2003-cü ilə qədər Naxçıvan Müəllimlər İnstitutunda “ibtidai təhsil pedaqogikası və metodikası” və “məktəbəqədər tərbiyənin pedaqogikası və metodikası” ixtisaslarında təhsil verilirdisə, bu gün “ibtidai sinif müəllimliyi”, “riyaziyyat və informatika müəllimliyi”, “təsviri incəsənət müəllimliyi”, “məktəbəqədər təlim və tərbiyə”, “təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə bakalavr, “ibtidai sinif müəllimliyi”, “təhsildə sosial-psixoloji xidmət”, “ibtidai təhsilin pedaqogikası və metodikası” və “pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasları üzrə isə magistr kadrları hazırlanır.

21 tələbə ilə fəaliyyətə başlayan institut ötən müddətdə böyük yol keçmişdir. Hazırda 1000-ə yaxın bakalavr və 44 magistrantın təhsil aldığı bu təhsil ocağında 82 professor-müəllim heyəti çalışır. Müəllimlərdən 9-u elmlər, 40-ı isə fəlsəfə doktorudur. İnstitutda Dillər və ədəbiyyat, Pedaqogika və psixologiya, Humanitar və təsviri incəsənət, Riyaziyyat və tədris metodikası, Ali riyaziyyat və informatika, eləcə də Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Son 5 ildə institut əməkdaşlarının 630 məqaləsi, 284 tezisi, 32 kitabı, o cümlədən 18 mono­qrafiya, 4 dərslik, 28 dərs vəsaiti və həmçinin 81 metodik vəsait və fənn proqramları nəşr edilmişdir. İnstitut əməkdaşları tərəfindən mətbuatda müasir dövrün aktual problemlərinə dair məqalələr, yazılar dərc olunmuş, radio və televiziya verilişlərində mütəmadi çıxışlar edilmiş, diskussiyalar aparılmışdır.
Bu gün ali təhsil ocağında mütərəqqi təhsil metodlarının tətbiqinə diqqət artırılır. Dünyada qəbul edilmiş müasir tədris metodlarından istifadə tələbələrin bilik və dünyagörüşünün inkişaf etdirilməsinə əlverişli şərait yaratmışdır. Hazırda institutda təhsil Boloniya sistemi üzrə aparılır. Bu da Avropa təhsil sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Müəllimlər İnstitutunda elmi tədbirlərin təşkili və elmi-pedaqoji kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılır, əlamətdar günlərdə konfrans və simpoziumlar keçirilir, elmi müzakirələr aparılır. 2003-cü ildən başlayaraq hər ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda elmi-praktik konfranslar keçirilir. Konfranslarda ali təhsil müəssisələri əməkdaşları ilə bərabər, təhsil şöbələrinin əməkdaşları və orta məktəb müəllimləri də fəal iştirak edir, ulu öndərin zəngin siyasi fəaliyyəti ətraflı təhlil olunur, müxtəlif mövzularda mühazirələr dinlənilir. Bununla yanaşı, hər il institutda “Heydər Əliyev və Azərbaycan”, “Milli Qurtuluş Günü”, “Dövlət Müstəqilliyi Günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı və deportasiya tarixi”, “Beynəlxalq Ana Dili Günü”, “Azərbaycan gəncliyi inkişaf yollarında” mövzularında və görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş elmi-praktik konfranslar təşkil olunur.
İnstitut ölkəmizdə, eləcə də muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil ocaqları və elm müəssisələri ilə mütəmadi əlaqələr saxlayır. 2007-ci ildən başlayaraq, Naxçıvan Müəllimlər İnstitutu Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Astronomiya Cəmiyyəti və Marağa Astronomiya, eləcə də Astrofizika Elmi-Tədqiqat institutları ilə birlikdə müxtəlif mövzular üzrə beynəlxalq simpozium və konfranslar keçirmişdir. Naxçıvan Müəllimlər İnstitutu ilə xarici ölkə universitetləri arasında da elmi əməkdaşlıq vardır. İnstitutun Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Türkiyə Respublikasının Kocaeli, Ərzurum Atatürk, Qars Qafqaz, Kırşehir Ahı Evran və Doğu Akdeniz universitetləri, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Qazaxıstan Respublikasının Almatı Milli Universiteti ilə əlaqələri mövcuddur.
Naxçıvan Müəllimlər İnstitutunda zəngin kitabxana fəaliyyət göstərir. 40 min kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi monoqrafik xarakterli ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. Hazırda fondda 2500 ədəd elektron kitab vardır. Həmçinin institutun “Xəbərlər” elmi-metodik jurnalı beynəlxalq kodla ildə 4 dəfə nəşr olunur. Bu günədək jurnalın 38 nömrəsi işıq üzü görmüşdür.
İnstitut əməkdaşları elmi araşdırmalar sahəsində də bir sıra uğurlar əldə etmiş, yeni elmi əsərlər yazılmışdır. Elmi naliyyətlərin istehsalatda tətbiqi ilə bağlı olaraq əməkdar elm xadimi, professor Oruc Həsənlinin “Sosial psixopedaqogikada istedadlı uşaqlar problemi” və “Məktəb psixoloqunun stolüstü kitabı”, professor Akif İmanlının “Uşaqların körpəlik dövründə tərbiyəvi iş və nitq inkişafı məsələləri”, dosent Qızıltac Şahbazovanın “Milli təhsilimizin himayədarı”, dosent Arif Ağalarovun “Ana dilindən praktik məşğələ”, pedaqogika üzrə fəlsəfə doktoru Solmaz Həsənlinin “Ailə tərbiyəsində etnopedaqoji materiallardan istifadə imkanları”, dosent Həsənəli Eyvazlı və Tamara Baxşəliyevanın “Milli kurikulum yeni təlim metodlarında ” adlı dərs vəsaitləri, metodik vəsaitlər və digər elmi ədəbiyyatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhər təhsil şöbələrinə paylanmışdır.
Elmi kadrların hazırlanması intellektual inkişafın əsas şərtidir. Ona görə də ötən müddətdə institutda elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdir. Belə ki, son beş ildə institut əməkdaşlarından 5-i elmlər doktoru, 14-ü fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. İnstitutun müəllim kollektivinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, professor-müəllim heyətindən 1-i Əməkdar elm xadimi, 2-si “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 9-u “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi”, 1-i “Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi”, 1-i isə “Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adlarına layiq görülmüş, 3 əməkdaş “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunun kollektivi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, ixtisaslı pedaqoji kadrların hazırlanması sahəsində fəaliyyətini gücləndirir və peşəkar müəllimlər ordusunun hazırlanmasına, gələcəyimiz olan gənclərin hərtərəfli yetişdirilməsinə və ölkəmizin intellektual potensialının yaradılmasına öz töhfəsini verməyə çalışır.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR