Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəbdə təhsil almaq hər bir Azərbaycan gənci üçün qürurvericidir. Heydər Əliyev adına tam orta məktəb yaradıldığı ilk gündən keçən 10 il ərzində ulu öndərin adına layiq fəaliyyəti ilə təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin təhsil sistemində öz qabaqcıl yerini tutmaqdadır. Builki qəbul imtahanlarında məktəbi bitirən məzunlardan 43-ü ali məktəblərin, 3-ü isə orta ixtisas məktəblərinin tələbəsi adına layiq görülmüşdür. Onlardan 14 nəfər 500-700 intervalında bal toplamışdır. Həmin gənclərin bir neçəsini oxucularımızla tanış edirik:
Gültac ZEYNALZADƏ: – Bu gün muxtar respublikamızda geniş quruculuq işləri həyata keçirilir. Bu quruculuq işlərinin önündə isə təhsil quruculuğu dayanır. Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumaları üçün stimuldur. Bizim məktəbdə şagirdlərin hərtərəfli biliyə yiyələnməsi üçün hər cür şərait yaradılıb. Təbii ki, yaradılan bu şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Təhsil aldığım müddətdə bir çox uğurlar qazanmışam. 2013-2014-cü tədris ilində “fizika” fənni üzrə fənn olimpiadasında üçüncü yerə layiq görülmüşəm. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bir məktəbin məzunu olmaqdan qürur duyuram.
Qəbul imtahanında yüksək bal topladığım üçün sevincimin həddi-hüdudu yoxdur: 644 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “kompüter elmləri” ixtisasına qəbul olunmuşam. Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşündə çıxış etdim. Həyatımın ən unudulmaz anı idi. Ali Məclis Sədrinin tələbə-gənclərin hərtərəfli inkişafına göstərilən qayğıkeş münasibətini həmin tədbirdə bir daha gördük.
Durna ZEYNALZADƏ: – Muxtar respublikada təhsil sahəsinin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər gənclərin parlaq gələcəyindən xəbər verir. Muxtar respublikanın məktəblərinin, o cümlədən məzunu olduğum Heydər Əliyev adına tam orta məktəbin ən müasir informasiya texnologiyaları ilə təmin olunması təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd edim ki, bacım Gültacla eyni məktəbdən məzun olduq. Hər ikimizin informasiya texnologiyalarını öyrənməyə böyük marağımız var idi. Sevinirik ki, ikimiz də 600-dən yuxarı bal toplayaraq arzuladığımız ixtisasa qəbul olunduq. Söz veririk ki, yaradılmasının 10 illiyi tamam olan Heydər Əliyev adına tam orta məktəbin adına layiq gənclər kimi təhsilimizi başa vuracağıq. Hələ məktəbdə oxuduğum illərdə məktəbimizin məzunlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tələbələrlə görüşünü eşidir və belə bir görüşün mənə də qismət olmasını arzulayırdım. Və təhsilə göstərilən qayğıdan bəhrələnərək artıq bu arzuma da çatdım.
Nurlan HƏSƏNOV: – Dəqiq elmlərə böyük marağım olub. Dərslərimi əla qiymətlərlə oxumuşam. Bütün bunların sayəsində təhsil aldığım müddətdə bir sıra uğurlarım olub. Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “fizika” fənni üzrə olimpiadanın respublika turunda I yerə layiq görülmüş, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş “Mənim hüquq və vəzifələrim” adlı hüquq olimpiadasında I yeri qazanmışam. Bu gün tələbə adını qazanmaq, məncə, heç də çətin deyil. Bunun üçün bizə yaradılan şəraitdən düzgün və səmərəli istifadə edilməlidir. Mən də bu qayğıdan bəhrələnərək Bakı Dövlət Universitetinin “dünya iqtisadiyyatı” ixtisasına qəbul olundum. Onu da qeyd edim ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan tam orta məktəbin məzunu olmağımla qürur duyuram. Bundan sonra da öz üzərimdə çalışacaq, harada oxumağımdan, harada olmağımdan asılı olmayaraq, savadlı, vətənpərvər vətəndaş kimi yetişəcək, Azərbaycan gəncliyinin adını qoruyaraq biz gənclərə göstərilən etimadı doğrultmağa səy göstərəcəyəm.
Azərbaycan xalqının gələcəyi möhkəm əllərdədir. İnanırıq ki, həmsöhbət olduğum bu gənclər, özlərinin də dediyi kimi, gələcəkdə bacarıqlı mütəxəssis olmaqla dövlətimizə layiqli xidmət edəcəklər.
Bu yolda gənclərimizə uğurlar arzulayırıq!
Sara ƏZİMOVA