Bu gün Naxçıvan Muxtar Respublikasında müasir standartlara cavab verən, informasiya texnologiyaları ilə təmin olunan məktəblər şagirdlərin rahat və keyfiyyətli təhsil almalarına geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edən gənclər isə ali məktəblərə qəbul imtahanlarında göstərilən etimadı doğruldurlar. Bunu son illərdə yüksək bal toplayanların sayının artmasında da görmək mümkündür.
III ixtisas qrupu üzrə yüksək bal toplayan Samirə Əliyeva onlardan biridir. O, 682 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “politologiya” ixtisasına qəbul olunub.
Samirə bizimlə söhbətində bildirdi ki, muxtar respublikamızda təhsil quruculuğu sahəsində aparılan islahatlar gənclərin savadlı, dünyagörüşlü və fiziki cəhətdən sağlam böyümələrinə imkan verir.
Qeyd edək ki, Samirə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Təhsil aldığı illərdə elmlərin sirlərinə dərindən yiyələnmək üçün bütün imkanlardan istifadə edib, əlavə ədəbiyyatlar oxuyub. Test-sınaq imtahanlarında daim yüksək bal toplayıb.
Söhbət zamanı Samirə xüsusi vurğuladı ki, Azərbaycanın gələcəyi biz gənclərə etibar olunacaqdır. Ölkəmizin rifahı üçün çalışmalı, müstəqil dövlətimizə, Vətənimizə və xalqımıza layiq mütəxəssislər kimi yetişməliyik.
* * *
Nuranə Məmmədli ali məktəblərə qəbul imtahanında 631 bal toplayaraq Qafqaz Universitetinə qəbul olunub. Nuranəni yüksək balla tələbə adı qazanması münasibətilə təbrik etdik. O, “qəbul imtahanında böyük uğur qazanmağında hansı amilləri əsas görürsən?” sualını belə cavablandırdı:
– Əvvəlcə onu deyim ki, əgər tələbə adını qazanmaq, gələcəkdə xalqın və dövlətin üçün layiqli vətəndaş kimi yetişmək istəyirsənsə, təbii ki, çox oxuyub, çox öyrənməlisən. Uşaqlıqdan tələbə olmaq ən böyük arzularımdan biri olub. Ona görə var gücümlə çalışmağa başladım. Tələbə adını qazanmağımda dövlətimizin biz gənclərə göstərdiyi qayğını, yaradılmış şəraiti əsas amil hesab edirəm.
Yaşadığımız dövr indiki gənclərdən yüksək bilik, intellektual səviyyə tələb edir. Yaradılan şəraitdən düzgün və səmərəli istifadə edən hər kəs buna nail ola bilər. İndi muxtar respublikada təhsilə qayğı əsas vəzifəyə çevrilib. Qəbul imtahanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tələbələrlə görüşünü də həyatımın ən yaddaqalan, unudulmaz hadisələrindən biri hesab edirəm. Bu görüş zamanı muxtar respublika rəhbərinin biz gənclərə verdiyi tövsiyələr yaddaşımdan hec vaxt silinməyəcək.
Sona MİRZƏYEVA