Hər il olduğu kimi, builki qəbul imtahanlarında da yüksək nəticə göstərən gənclərimiz çoxluq təşkil edir. Onlardan ikisini sizinlə tanış etmək istərdim: Bənövşə Qasımova 667 balla Naxçıvan Dövlət Universitetinə qəbul olunub; digəri – Nurlanə İbrahimli isə 657 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasının tələbəsi adını qazanıb.
Bənövşə QASIMOVA: – 1996-cı ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşam. Bu il Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Qardaşımla uşaqlıqdan ən böyük arzumuz həkim olmaq olub. Arzumuza çatmaq üçün var gücümüzlə çalışdıq. Nəticədə, ikimiz də Naxçıvan Dövlət Universitetinin “müalicə işi” ixtisasına qəbul olunduq. Ailəmizin sevincinin həddi-hüdudu yoxdur. Onu da deməyi özümə borc bilirəm ki, məzunu olduğum tam orta məktəbdə yaradılan şərait uğur qazanmağımın başlıca səbəblərindən biridir. Ümumilikdə isə muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərimizin müasir informasiya texnologiyaları, dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi şagirdləri daha yaxşı oxumağa həvəsləndirir. İndi bir arzum da var: tələbəsi olduğum ali məktəbdə mükəmməl təhsil alıb, yaxşı həkim kimi ən şirin nemət olan cansağlığının keşikçisi olmaq, insanların xidmətində durmaq.
Nurlanə İBRAHİMLİ: – 1996-cı ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşam. Tam orta məktəbi yüksək qiymətlərlə bitirmişəm. Oxuduğum illərdə məktəbin ictimai işlərində yaxından iştirak etmişəm. Fənn olimpiadalarında bir çox uğurlar qazanmışam. Qardaşım Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir. Mən də tələbə adını qazanıb ailəmə böyük sevinc yaşatmaq istəyirdim. Sevinirəm ki, bu arzuma çatdım. Artıq Azərbaycan Tibb Universitetinin tələbəsiyəm. Əvvəlcə onu deyim ki, əgər tələbə adını qazanmaq, gələcəkdə öz xalqına və dövlətinə layiq vətəndaş kimi yetişmək istəyirsənsə, təbii ki, çox oxuyub, çox öyrənməlisən. Uşaqlıqdan həkim olmaq ən böyük arzularımdan biri olub. Ona görə var gücümlə çalışmağa qərar verdim. Tələbə adını qazanmağımda məktəbimizdə yüksək tədris üçün yaradılan şərait əsas amildir. Onu da dərk edirəm ki, yaxşı həkim olmaq üçün çox çalışmalıyam. İnanıram ki, təhsilimi uğurla başa vuracaq, savadlı həkim kimi insanların sağlamlığının təmin olunmasına töhfə verməyə çalışacağam.
Bu yolda hər iki gəncə uğurlar arzulayırıq!
Sara ƏZİMOVA
* * *
Rahimə Əliyeva ali məktəblərə qəbul imtahanında 644 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “beynəlxalq əlaqələr” ixtisasına qəbul olunub. Rahiməni yüksək balla tələbə adı qazanması münasibətilə təbrik etdik.
Onun dediklərindən:
– Bitirdiyim təhsil ocağındakı fənn kabinələri, işıqlı dərs otaqları, zəngin kitabxana hər bir şagirdin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açır. Belə yüksək şəraitdən müəllimlərimiz və şagirdlərimiz səmərəli istifadə edirlər. Biz şagird olduğumuz illər ərzində üzərimizdə hər zaman qayğı, oxumağımız, bilik sahibi olmağımız üçün diqqət hiss etmişik. Bunların müqabilində, belə yüksək diqqət və qayğının əvəzində çox çalışmalı, yaxşı oxumalı, ümidləri doğrultmalı olduğumuzu da vaxtında anlamışıq. Qarşıma məqsəd qoymuşdum: 600 balı keçməliydim. İmtahana girərkən həyəcanlı idim. Ancaq sual kitabçasındakı suallara ötəri nəzər yetirdikdən sonra həyəcanım keçdi. Çünki sualların hamısı mənə tanış idi. 600-dən yuxarı bal toplayacağıma isə elə imtahanda əmin olmuşdum. Siyasi elmlərə marağım çox olub. Ona görə də ixtisas seçimində “beynəlxalq əlaqələr” ixtisasını seçdim. Amma iş hələ bununla bitmir. Qarşıda bizi daha məsuliyyətli tələbəlik illəri gözləyir. Biz bundan sonra da daha yaxşı oxumalı, seçdiyimiz ixtisasa dərindən yiyələnməliyik.
Bu gün muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı, təhsil işçilərinin əməyinin ən ali mükafatlarla qiymətləndirilməsi, məktəblər üçün müasir standartlara uyğun binaların inşa olunması, məktəblərin lazımi dərs vəsaitləri, avadanlıqlar, fənn kabinələri ilə təchiz edilməsi uğurları artıran başlıca səbəblərdəndir. Rahimə Əliyeva da yaradılan bu cür şəraitdən bəhrələnərək öz arzusuna çatıb. Ali təhsil illərində gələcəyin politoloquna uğurlar arzulayırıq.
Sona MİRZƏYEVA