Haqqında söhbət açacağım Fatimə Əliyeva öz məqsədinə çatmaq üçün heç bir zaman oxumaqdan, öyrənməkdən çəkinməyib, sonda uğur onun qapısını döyüb. O, 1998-ci ildə Babək rayonunun Bulqan kəndində ziyalı ailəsində anadan olub. Fatimə elm və bilik dünyasına ilk kövrək addımlarını Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə atıb. Yaxşı oxumasına, davranışına, nizam-intizamına görə müəllimlərin təqdirini qazanıb. Məktəbdə keçirilən hər bir test imtahanı onun üçün uğura doğru gedən yolda bir mərhələ rolunu oynayıb. Dəfələrlə diplom və fəxri fərmanlarla təltif edilib. Orta məktəbi yüksək nəticələrlə bitirib, qazandığı bilikləri 3-cü ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında sınayıb. Nəticə ürəkaçan olub. Fatimə bu imtahanda 626 ballıq yüksək göstərici ilə yaxınlarını, ona bu yolda işıq tutan, doğru yolu göstərən müəllimlərini sevindirib. Onun dediklərindən:
– Test vərəqini və sual kitabçasını qarşıma qoyanda bir anlıq düşündüm və belə qərara gəldim ki, üstündə dairələr olan bu vərəq, yuxusuz gecələrimi sınağa çəkən bu kitabça mənim üçün həyatımın ən gözəl mərhələlərindən birinə, daha dəqiq desəm, tələbəlik illərinə biletdir. Sadəcə, o biletin üzərində adımı yazdırmağım lazımdır. Onun üçün də çox məsuliyyətlə işə başladım və imtahan müddətində bir anlıq da olsa, heç bir şey haqda düşünmədim. Sualları bir-bir cavablandırdıqca elə bilirdim ki, xoş, parlaq gələcəyin qapıları mənim üçün açılır. Beləliklə, bəlkə də, həyatımın ən böyük sınağı başa çatanda üzərimdən ağır bir yükün götürüldüyünü hiss etdim. Zarafat deyildi, bizim üçün ən yaxşı təhsil şəraiti yaradanların, valideynlərimin, ən əsası isə müəllimlərimin qarşısında məsuliyyət daşıyırdım və açığını deyim ki, yaxşı nəticə göstərməkdən başqa çıxış yolum yox idi. Nəticələrim uğurlu oldu və mən Naxçıvan Dövlət Universitetinin “xarici dil (ingilis dili) müəllimliyi” ixtisasını seçdim. Bundan sonra da seçdiyim peşəni sevərək daha yaxşı oxumaqla bizə göstərilən etimadı doğruldacağıma söz verirəm.
Sevindirici haldır ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ali təhsilin təcrübə sahələrinə yaxınlaşması, tələbələrin praktik vərdişlərini artırmaları üçün hər cür şərait yaradılıb. Çalışın ki, yaradılanlardan lazımınca bəhrələnə biləsiniz. Çünki əsl mütəxəssis kimi yetişmək qazanılan bilikləri təcrübədə doğrultmaqla mümkündür. Bu yolda bütün tələbələrimizə uğurlar arzulayırıq.
Sona MİRZƏYEVA