24 Dekabr 2024, Çərşənbə axşamı

Qəzetimizin ötən sayında yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunan gənclərimizi oxucularımızla tanış etdik. Bu dəfə isə gələcəyin hüquqşünasları haqqında məlumat verəcəyik. Həmin gənclər builki qəbul imtahanında yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisasına qəbul olunublar. Həmin gəncləri redaksiyamıza dəvət etdik, təəssüratlarını öyrəndik.


Aynur CƏFƏROVA:
– 1997-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Orta təhsilimi Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə almışam. 671 bal toplayaraq tələbə adını qazandım. Seçdiyim ixtisasın – “hüquqşünaslıq” ixtisasının tələbəsi olmaq ən böyük arzum olub. Valideynlərim ali təhsil almağımı çox istəyirdilər. İstədiyim ixtisasa qəbul olunduğum üçün valideynlərim çox sevinirlər. İndi mən daha çətin və şərəfli yola qədəm qoyuram. XXI əsr tələbəsi milli mentalitetimizə sadiq olmalı, əxlaqı ilə, davranışı ilə seçilməli, ictimaiyyət arasında dərin biliyi ilə nümunə olmalıdır. Bu günün tələbəsi sabahın qurucusu olmaq məsuliyyətini dərk edib müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi üçün üzərinə düşən vəzifəni şərəflə yerinə yetirməlidir. Bu keyfiyyətlərə malik bir gənc olmağa çalışacağam.


Vilayət SEYİDOV: – 2014-cü ildə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbi “Gümüş” medalla bitirmişəm. Məzunu olduğum tam orta məktəb kollektivi mənə çox güvənirdi. “Gümüş” medal alanda düşünürdüm ki, hər şeydən əvvəl, müəllimlərimin mənə olan etimadını doğrultmalıyam. 632 bal topladığımı eşidəndə bu sevinci də ilk olaraq müəllimlərimlə bölüşdüm. Tələbə olacağım qarşıdakı illərdə də, ondan sonra da əsl azərbaycanlı olmağa, bu adı bütün ömrüm boyu uca tutmağa çalışacağam. Qəbul imtahanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü mənim üçün unudulmaz oldu. Ali Məclis Sədrinin bizə verdiyi dəyərli tövsiyələr gələcək təhsil həyatımda və peşəkar kadr kimi yetişməyimdə mənə mayak olacaq.
Bəli, o dövlət, o cəmiyyət güclüdür ki, onun gəncliyi xalqa sədaqətlidir, vətənpərvərdir, təhsillidir. Heç şübhə yoxdur ki, həmsöhbət olduğum bu gənclər Azərbaycanın adını, azərbaycanlı şərəfini daim uca tutacaq, bu ada layiq olacaqlar.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR