24 Dekabr 2024, Çərşənbə axşamı

Sağlam cəmiyyətdə sağlam övladlar yetişir. Bugünkü gəncliyin xoşbəxtliyi ondadır ki, onlar məhz belə bir cəmiyyətdə böyüyür, formalaşır, təhsil alırlar. Bir neçə ildir ki, ali və orta ixtisas təhsili müəssisələrinə test üsulu ilə keçirilən qəbul imtahanları özünün yüksək səmərəsini verir. Belə ki, gənclərimiz bu şəraitdə onlara göstərilən etimadı doğrultmağa çalışır və buna nail olurlar. Savadlı, bilikli və intellektli gənclərə ali məktəblərin qapıları açıqdır. Bu il də qəbul imtahanları şəffaf və obyektiv şəkildə aparılıb, məzunların məktəblərdə qazandıqları bilik özünün müsbət nəticəsini göstərib. Budur, uğur qazanan dörd gəncin tərcümeyi-halı və təhsildə qazandıqları uğurlar. Onları sizinlə tanış etmək istəyirəm. Öncə bir məqamı qeyd edim ki, bu gəncləri birləşdirən bir neçə ortaq cəhət var. Culfa rayonundan olan bu dörd gəncin hər biri builki qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “müalicə işi” ixtisasına qəbul olunub. Həmin gənclərlə həmsöhbət oldum, təəssüratlarını öyrəndim.

Süleyman ƏLƏKBƏROV: – Mən 1997-ci ildə Culfa şəhərində anadan olmuşam. Culfa şəhər 3 nömrəli tam orta məktəbi “Qızıl” medalla bitirmişəm. Tələbə adını qazanmaq hər bir insanın arzusudur. Amma mən ən çox ona görə sevinirəm ki, arzuladığım ixtisasa qəbul olunmuşam. Çəkdiyim zəhmət hədər getmədi. Ali məktəb auditoriyasına qədəm qoyacaq bir tələbə kimi onu da yaxşı dərk edirəm ki, üzərimə böyük məsuliyyət düşür. Çünki biz – bugünkü tələbələr ölkəmizin sabahına cavabdeh olan mütəxəssislər olmalıyıq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün hərtərəfli biliyə malik kadrlar kimi yetişməliyik. Ulu öndər Heydər Əliyevin bizə əmanəti olan müstəqil dövlətimizi qorumaq və Vətəninə layiqli övlad olmaq hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsi olmalıdır.


Pəri MƏMİŞOVA: – Mən Culfa rayonunun Əlincə kənd tam orta məktəbini “Gümüş” medalla bitirmişəm. Uşaqlıqdan həkim olmaq ən böyük arzularımdan biri olub. Ona görə var gücümlə çalışdım və zəhmətimin bəhrəsini gördüm. Tələbə adını qazanmağımda dövlətimizin biz gənclərə qayğısını, yaradılmış şəraiti başlıca amil hesab edirəm. Yaşadığımız dövr indiki gənclərdən yüksək bilik, intellektual səviyyə tələb edir. Bunlara nail olmaq üçün yaradılan şəraitdən düzgün və səmərəli istifadə edən hər kəs istəyinə nail ola bilər. İndi muxtar respublikada təhsilə qayğı əsas vəzifəyə çevrilib. Qəbul imtahanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü biz gənclərin həyatında ən mənalı anlardan biri oldu. Təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımızı bildirir, bütün sahələrdə etimadı doğruldacağımıza söz veririk.


Kənan NİFTİYEV: – Mən Culfa rayon Saltaq kənd tam orta məktəbini “Qızıl” medalla bitirmişəm. Ağ xalat geyinib insanların sağlamlığı keşiyində durmaq ən böyük arzularımdan olub. İndi dünyanın ən xoşbəxt insanlarından biriyəm. Çünki həkimlik peşəsinə yiyələnmək üçün atdığım ilk addım uğurlu oldu. Bu uğurum üçün, ilk növbədə, müəllimlərimə ürəkdən minnətdarlığımı bildirirəm. Çalışacağam ki, tələbəsi olduğum ali məktəbdə elmin sirlərini dərindən öyrənim, ixtisasıma mükəmməl yiyələnim, Vətənimizin çiçəklənməsi naminə əlimdən gələni edim.


Heydər HÜSEYNBƏYLİ: – Mən isə Bənəniyar kənd tam orta məktəbinin məzunuyam. Tələbə adını qazandığımı, xüsusən də arzuladığım ixtisasa qəbul olunduğumu eşidəndən sevincimin həddi-hüdudu yoxdur. Ancaq bilirəm ki, məsuliyyətim bundan sonra daha çox olacaq. Yaxşı həkim olmaq üçün daim öz üzərimdə çalışmalıyam. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin biz tələbə-gənclərə tövsiyəsi də bu oldu. Çalışacağam ki, təhsilimi uğurla başa vurum, savadlı həkim kimi xalqımın sağlamlığının keşiyində dayanım. Ən əsası isə vətənpərvər bir gənc olum.
Həmsöhbət olduğum bu gənclər qəbul olunduqları ali təhsil ocağının yerləşdiyi Bakı şəhərinə yola düşəcəklər. Yolları uğurlu olsun! İnanırıq ki, gələcəyin həkimləri Naxçıvanda gənclərə göstərilən etimadı doğruldacaq, sübut edəcəklər ki, bu qədim diyarda bu gün təhsil müasir standartlar səviyyəsində qurulub, inkişafı ən üstün istiqamət verilən sahələrdən birinə çevrilib. Təkcə bir rayonun timsalında onlar da bunu vurğuladılar. Söz verdilər ki, ali təhsil aldıqları müəssisələrdə Naxçıvanın adını uca tutacaqlar. İntellektual səviyyəli mütəxəssislər kimi doğma diyarımıza qayıdacaq və əhalinin sağlamlığı keşiyində duracaqlar.

 Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR