Faiq Həşimlinin tərcümeyi-halı, təhsildə qazandığı uğurlar, imtahanda əldə etdiyi nəticələr qarşımdadır. O, 1997-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olub. Bu il Yaycı kənd 1 nömrəli tam orta məktəbini bitirib. Sınaq imtahanlarında, fənn olimpiadalarında uğurlu nəticələr əldə edib. Ən böyük arzusu iqtisadçı olmaq olub. Bu arzusuna çatmaq üçün gecəsini gündüzünə qatan Faiq II ixtisas qrupu üzrə qəbul imtahanı verərək 674 bal toplayıb. Ali təhsil almaq üçün “ADA” Universitetinin “biznesin idarə edilməsi” ixtisasını seçib.
Faiq qəbul olunduğu ali təhsil ocağında qeydiyyatdan keçmək üçün Bakı şəhərinə gedib. Onunla telefon əlaqəsi saxladıq, təəssüratlarını öyrəndik:
– Son sınaq imtahanlarında, adətən, 600-dən yuxarı bal toplayırdım. Amma qarşıma məqsəd qoymuşdum ki, qəbul imtahanında bundan yüksək bal toplayım. Valideynlərim, müəllimlərim – hamı mənə inanırdı. Sevinirəm ki, bu inamı doğrulda bildim. Uğur qazanmağımın başlıca səbəblərindən biri muxtar respublikada təhsilə göstərilən qayğıdır. Hər ay sınaq imtahanlarında iştirak edirdim. Qəbul imtahanında heç həyəcanlanmadım; sanki yenə sınaq imtahanı idi. Qəbul imtahanından belə yüksək nəticə əldə edəcəyimi bilirdim. İmtahanın gedişi də göstərdi ki, özünəinamım əbəs deyilmiş. Qardaşım da yüksək bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub və hazırda oranın tələbəsidir. Mən də bir daha bu sevinci valideynlərimə yaşatdım.
Faiq Həşimli onu da əlavə edir:
– Ən sevincli günlərimdən biri isə avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüşü oldu. Ali Məclis Sədrinin tələbə-gənclərin hərtərəfli inkişafına göstərdiyi qayğıkeş münasibətini həmin tədbirdə bir daha gördük. Biz bundan sonra da yaxşı oxumaqla göstərilən etimadı doğruldacağımıza söz verdik.
Azərbaycanın gələcəyi yüksək savada, intellektə və dünyagörüşünə malik vətənpərvər gənclərin əlindədir. İnanırıq ki, Faiq, özünün də dediyi kimi, gələcəkdə bacarıqlı mütəxəssis olmaqla, dövlətinə layiqli xidmət edəcək.
Bu yolda ona uğurlar arzulayırıq!
Sara ƏZİMOVA