Gənc nəslin inkişaf etdirilməsində, onların bacarıq və istedadlarının aşkara çıxarılmasında məktəbdənkənar təhsil müəssisələrinin böyük rolu vardır. Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların asudə vaxtlarının səmərəli təşkilini təmin edir. Belə məktəbdənkənar müəssisələr sırasında texniki yaradıcılıq mərkəzlərinin də öz yeri var. Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi də belə ünvanlardan biridir.
Mərkəzdə təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursiyalar təşkil olunur, onların respublika səviyyəli tədbirlərdə iştirakları diqqət mərkəzində saxlanılır. Bu günlərdə məktəbdənkənar müəssisənin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün həmin ünvanda olduq. Mərkəzin direktoru Sevinc Mirzəyeva ilə söhbətimizdə bildirdi ki, mərkəz 1954-cü ildən Gənc Texniklər Stansiyası adı ilə fəaliyyətə başlayıb. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirir. Bu gün dövlətimizin təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan bu mərkəzə də pay düşdüyünü vurğulayan müsahibim qeyd etdi ki, mərkəzin fəaliyyət göstərdiyi bina əsaslı təmir olunaraq 2007-ci ildə müəllim və şagirdlərin istifadəsinə verilib. Mərkəz müasirtipli avadanlıqlarla, materiallarla təchiz olunub. 2014-cü ildə mərkəzin binası yenidən əsaslı şəkildə təmir edilib. Bu qayğı, yaradılan şərait dərnəklərin fəaliyyətini daha da yaxşılaşdırıb, dərnək rəhbərlərini öz işlərinə daha məsuliyyətlə yanaşmağa sövq edib.
Öyrəndik ki, mərkəzin pedaqoji kollektivi şəhər ümumtəhsil məktəbləri şagirdlərinin texniki dərnəklərə cəlbini yaxşılaşdırmaq, onların yaradıcılıqlarını daha da inkişaf etdirmək, boş vaxtlarını səmərəli təşkil etmək məqsədilə tədbirlər həyata keçirir. Mərkəzə 13 adda 102 qrupa 1020 nəfər məktəbli cəlb edilib. Bu şagirdlərlə 32 nəfər ali təhsilli müəllim məşğul olur.
Şagirdlər könüllü olaraq marağına, istəyinə, bacarığına görə dərnəklərə qəbul edilirlər. “İnformatika”, “Kağız əl işləri”, “Əyləncəli fizika”, “Bədii tikmə”, “Memarlıq”, “Dizayn”, “Bacarıqlı əllər”, “Texniki ekologiya”, “Texniki rəsmxətt”, “Təyyarə-raket modelçiliyi”, “İbtidai texniki modelləşdirmə”, “Təsviri estetika” dərnəklərində dərnək üzvləri müxtəlif modellər, əl işləri hazırlayırlar. Dərnəklərin əksəriyyəti Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərində fəaliyyət göstərir. Həmin dərnəklərə mərkəzin şöbə müdirləri nəzarət edir, məşğələlərin keçirilməsi yoxlanılır və ayrılmış məlumat kitabında mütəmadi olaraq qeydlər aparılır. Mərkəzdə tarixi və əlamətdar günlərdə tədbirlər keçirilməsinə böyük önəm verilir.
Müxtəlif tədbirlərdə fəal iştirak edən dərnək üzvlərinin əl işləri diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sevinc Mirzəyeva onu da vurğuladı ki, məktəblilərin yay tətili günlərini səmərəli keçirmək üçün mərkəzdə tədbirlər planı hazırlanıb. Plana əsasən, uşaqlar ekskursiyalara aparılır, maraqlı viktorinalar keçirilir. Naxçıvan şəhərində yerləşən Hüseyn Cavid məqbərəsi, Xan sarayı, Möminə xatın türbəsi, Naxçıvanqala, Nuh Peyğəmbərin məzarüstü türbəsi və bir sıra muzeylər şagirdlərin mütəmadi olaraq aparıldığı yerlərdir.
Müsahibim sonda bildirdi ki, dövlətimizin gənc nəslə göstərdiyi diqqət və qayğıya cavab olaraq öz işimizdə daha da dönüş yaratmaq üçün bundan sonra da səy və bacarığımızı əsirgəməyəcək, müstəqil Azərbaycanımızın gələcək qurucuları olan gənc nəslin istedad və bacarığının üzə çıxarılmasına çalışacağıq.
Sona MİRZƏYEVA