Son dövrlər Naxçıvan Muxtar Respublikası ərazisində beynəlxalq səviyyəli arxeoloji qazıntıların aparılması sayəsində uğurlu elmi nəticələr əldə olunmuşdur. Naxçıvanın qədim tarixinin öyrənilməsində ərazidəki antik, orta əsr və müasir dövr arxeoloji nümunələrin, tarixi və təbiət abidələrinin, ilk insanların yaşadığı mağaraların, istifadə etdikləri müxtəlif mənşəli alətlərin, qədim yaşayış sahələrinin, möhtəşəm qalaların, türbələrin, əhalinin etnogenezinin, epiqrafik və etnoqrafik nümunələrin sistemli şəkildə elmi araşdırmalara cəlb olunması mühüm rol oynamışdır.
Qeyd edək ki, regiondakı aborigen türk tayfalarının tarixinin öyrənilməsində paleontoloji dəlillərin toplanılması və elmi araşdırılması ərazidə insan cəmiyyətinin yaranmasını, birgəyaşayış qaydalarının təkamülünü, əkinçilik mədəniyyətinin və insan şüurunun formalaşmasının inkişafını izləməyə imkan verər. Bu baxımdan Naxçıvan ərazisində arxeoloji qazıntılar nəticəsində müxtəlif bitki mənşəli qalıqların tapılması, fitopaleontoloji dəlillərin toplanılması və öyrənilməsi qədim tariximizin araşdırılması üçün çox əhəmiyyətlidir.
Cənubi Qafqazda ən qədim əkinçilik mədəniyyətinin öyrənilməsi məhz Naxçıvandakı I Kültəpədən başlanmışdır. Erkən Tunc dövründə Naxçıvanda Kür-Araz mədəniyyəti ilə yanaşı, əkinçilik mədəniyyəti də formalaşmışdır.
Naxçıvanda buğda əkilməsinin 4-6 minillik tarixi vardır. Çalxanqala kəndi ətrafında yabanı təkdənli və ikidənli buğdanın tapılması bu ərazidə qədim əkinçilik ənənələrinin yaranmasından xəbər verir. Arxeoloji qazıntılar zamanı Şahbuz rayonunda xalq seleksiyası yolu ilə yaradılmış mədəni təkdənli buğda (pərinc) növünün toxumlarının kömürləşmiş qalıqlarının aşkarlanması ərazidəki türk tayfalarının zəngin əkinçilik təcrübəsinin sübutudur. Tarixi mənbələrdən məlumdur ki, Erkən Tunc dövründə buğda əkini sahələri xışla şumlanırdı.
Naxçıvan yaxınlığında Kültəpə ərazisində aparılan qazıntılarda çoxlu buğda növlərinin daşlaşmış dənləri aşkarlanmışdır. Bu ərazidə I Kültəpənin Erkən Tunc dövrü təbəqəsində arxeoloji qazıntılar nəticəsində arpa, buğda, noxud, darı qalıqlarının tapılması mədəni əkinçiliyin daha qədim dövrlərə söykəndiyini deməyə əsas verir. II Kültəpədə təsdiq olunmuş mənbələrə görə, 700-900 nəfərlik yaşayış məskəni olmuşdur ki, burada əhali taxılçılıq, maldarlıqla məşğul olmuşdur. Belə tapıntılar əkinçiliyin də şaxələndiyini göstərir.
Naxçıvan əhalisinin etnogenezi tarixinə əsasən, Erkən Orta əsrlərdə bu ərazidə hun, xəzər, sabir, bolqar, oğuz, suvar, xurs və digər türkdilli tayfalar yaşamışlar. Arxeoloji qazıntılar zamanı fitopaleontoloji tapıntıların əldə olunması bu ərazidə uzun tarixi inkişaf yolu keçmiş əkinçilik mədəniyyətinin aborigen türkdilli tayfalar tərəfindən yaradıldığını deməyə əsas verir.
Qeyd edək ki, artıq X-XII əsrlərdə Naxçıvanda kənd təsərrüfatının mühüm sahələrindən birini bağçılıq təşkil edirdi. O dövrdə bu ərazidə müxtəlif növ yabanı alma, armud, alça, badam növləri, həmçinin bu növlərdən seçmə yolu ilə yaradılan və bu günümüzə qədər gəlib çıxan çoxlu sayda alma, armud, gilas, gilənar, heyva, cəviz, badam, şaftalı, tut, ərik, zoğal sortları becərilirdi. Türk səyyahı Ö.Çələbi o dövrdə Naxçıvanda – Qarabağlarda bir bağda 26 sort armudun, o cümlədən “Abbasi”, “ Mələcə”, “Ordubadi” sortlarının və çox dadlı qovun, qarpız becərildiyini qeyd etmişdi.
Qeyd edək ki, hələ eramızdan əvvəl V minillikdə ərazidə yaşayan insanlar təsərrüfat fəaliyyətinin əsas formaları olan ovçuluq, balıqçılıqla yanaşı, meşə və dağlıq ərazilərdə yayılan yabanı meyvə, giləmeyvə, o cümlədən yabanı üzüm – Vitis sylvestris L növünün məhsullarından istifadə etmişlər.
Muxtar respublika ərazisində Araz çayının şərq hissəsində, III dövrün pliosen layından tapılmış daşların üzərində yabanı üzüm – V. sylvestris L növünün yarpaqlarının daşlaşmış qalıqlarına rast gəlinmişdir. Bu fitopaleontoloji tapıntı regionun ən qədim üzümçülük mərkəzlərindən biri olduğunu sübut edir.
İslam dininin qəbul edilməsinə qədərki dövrdə bu ərazidə üzümdən, əsasən, şərab məhsullarının hazırlanmasına diqqət yetirildiyindən üzüm bağlarında texniki sortlar üstünlük təşkil etmişdir. Lakin İslam dininin qəbul edilməsi ilə əlaqədar olaraq, şərab məhsulları istehsalı qadağan olunduğundan üzümlüklərdə daha çox süfrə sortlarının becərilməsinə başlanılmışdır.
Midiyanın şimal-qərb vilayətindən alınan vergilər sırasında şərab vergisinin də adı çəkilir. B.e.ə. 714-cü ildə II Sarqon Urartu üzərinə yürüş edərkən mannalılar Assuriya qoşunlarını un və şərabla təchiz edirmişlər. XIII əsrə aid “Əcaib-əd Dünya” (Dünyanın qəribəlikləri) salnaməsində göstərilir ki, Naxçıvanda çoxlu meyvə bağları və üzümlüklər vardır. Naxçıvanda “meyvələr çox dadlıdır, deyirlər, dünyanın heç bir yerində belə yaxşı və faydalı üzüm yoxdur”. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan və Naxçıvan ərazisindən tapılmış VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm yetişdirilməsi ilə məşğul olmuşdur.
Arxeoloji qazıntılar zamanı tapılmış üzüm toxumlarının daşlaşmış qalıqları, şərab küpləri, bağçılıqda işlədilən müxtəlif alətlər (toxa, bel, dəhrə, bıçaq, qayçı, üzüməzən daş alətlər, təknə və sair), habelə qablar (müxtəlifölçülü süzgəclər, kuzə, cam, qədəh, piyalə) regionda üzümçülüyün hələ ən qədim zamanlardan inkişaf etdiyini göstərir. Kəngərli rayonunun Qıvraq qəsəbəsinin, Şahtaxtı və Qarabağlar kəndlərinin, Babək rayonundakı II Kültəpə yaşayış yerinin ərazisindən bilavasitə üzümün emalında istifadə edilən çoxlu sayda daş alətlər tapılmışdır. Bu üzüməzən daşların ortasında dərin çökək, bir ucunda isə süzülməsi üçün novça vardır. Belə tapıntılar həmin ərazilərdə hələ eramızdan əvvəl III-II minillikdə üzümçülüyün inkişafını göstərir. Həmçinin Oğlanqalada tapılmış b.e.ə. IX-VIII əsrlərə aid qalıqlar içərisində yabanı üzüm – Vitis vinifera L növünə aid toxumlar aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, Dəmir dövrünə aid qazıntılarda belə qalıqlara daha tez-tez rast gəlinir.
Tarixi mənbələrdə Naxçıvan ərazisində 100-dən artıq üzüm sortunun becərildiyi qeyd olunur. Ona görə də Naxçıvanda yayılan yabanı üzümün mənşəyinin genotipcə elmi şəkildə araşdırılması elmi maraq doğurur. Naxçıvanda yayılan yabanı üzümün mənşəyinin qədimliyini tədqiq etmək məqsədilə Rusiya Federasiyası Kuban Dövlət Universitetinin Üzümçülük kafedrasının müdiri, professor N.P.Troşinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası ərazisində yayılan yabanı üzüm tənəklərinin morfoloji əlamətləri, genotipi Rusiya, Ukrayna, Şimali Qafqaz ərazilərində yayılan və etalon kimi götürülmüş 6 növ yabanı üzümlə müqayisəli şəkildə müvafiq kompüter proqramı əsasında çoxölçülü analizləri aparılmışdır. Əldə olunan elmi nəticələrlə Naxçıvanda yayılan yabanı üzüm növünün Rusiya və Ukrayna ərazilərində yayılan yabanı üzüm növlərindən mənşəcə daha qədim tarixə malik olduğu aşkar edilmişdir.
Zənnimizcə, gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji qazıntılara bioloqların da qatılması ərazidə sistemli şəkildə fitopaleontoloji, zoopaleontoloji və homopaleontoloji dəlillərin toplanılmasına, nəticədə, Naxçıvanın tarixinə dair yeni maddi sübutların əldə olunmasına səbəb olar.
Varis QULİYEV
aqrar elmləri doktoru