Bu gün bir çox cəhətdən dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanan Azərbaycanda elmin inkişafına daha çox ehtiyac duyulur. On bir iqlim qurşağının doqquzu bizim məmləkətdədir, zəngin yeraltı-yerüstü sərvətlərimiz var. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da zəngin təbii ehtiyatlara malikdir. Deməli, burada elmin meydanı daha genişdir. AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun fəaliyyəti ilə maraqlanmağımızın səbəbi məhz muxtar respublikada bu istiqamətdə aparılan elmi-tədqiqat işləri ilə bağlı oxucularımızı bilgiləndirməkdir. İnstitutun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasovla görüşüb həmsöhbət olduq. Müsahibim muxtar respublikanın zəngin ehtiyatlara malik mineral sərvətlərindən və bu sərvətlərin öyrənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərindən danışdı. Əvvəlcə Əliəddin müəllimi Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilməsi münasibətilə təbrik etdik, yeni yaradıcılıq uğurları arzuladıq:
– Çox sağ olun. Elmi işlə məşğul olanlar üçün Azərbaycan Milli Elmlər Akademiyasına üzv seçilməyin, Azərbaycanın elmi elitasına daxil olmağın nə qədər şərəfli və məsuliyyətli olduğunu elmi işlə məşğul olan hər kəs çox yaxşı anlayır. 308 iddiaçı arasından bu ada layiq görülmək çox böyük şərəfdir. Bu hadisə Naxçıvanda artıq formalaşmış elmi mühitin daha da güclənməsinə əsaslı stimuldur. AMEA Naxçıvan Bölməsi yaradılanadək bu diyarda fəaliyyət göstərən kiminsə akademiyaya üzv seçiləcəyi heç kimin ağlına belə, gəlməzdi. Bugünkü hadisələr ölkədə gedən ictimai-siyasi və iqtisadi proseslərin gerçək nəticəsidir. Bu gün istər bütün ölkə miqyasında, istərsə də Naxçıvanda, sözün tam anlamında, elmə və elm adamlarına çox böyük qayğı və diqqət göstərilir. Son bir neçə ildə dəyəri milyon manatlarla ölçülən cihaz və avadanlıqların, kimyəvi reaktivlərin alınmasına çəkilən xərclər elmi araşdırmaların miqyasını və səviyyəsini xeyli yüksəltmişdir. İnstitut əməkdaşlarının elmi işlərinin nəticələrinin çox nüfuzlu beynəlxalq konqres və konfransların materiallarında dərc olunması bu gün kimisə təəccübləndirmir. Hamı aydın dərk edir ki, bu uğurların arxasında hər bir tədqiqatçının əməyi ilə yanaşı, dövlət qayğısı dayanır.
Elmi araşdırma ilə məşğul olduğum sahəyə gəlincə, sorbsiya vasitəsilə mürəkkəb tərkibli məhlullardan və qarışıqlardan qiymətli elementlərin fərdi şəkildə ayrılması və flotasiya prosesləri məni maraqlandıran əsas sahələrdir. Birinci halda xüsusi uduculardan – ionitlərdən istifadə olunur, ikinci metodda isə uyğun flotoreagentlər seçilməklə minerallardan tələb olunan komponenti ayırmaq mümkün olur. Hazırda dünyada hər il emal olunan 2,5 milyard tona yaxın mineralların, təxminən, 90 faizi bu metodla zənginləşdirilir. İnstitutumuzda flotasiya metodu ilə Gümüşlü polimetallik və Parağaçay molibdenit filizinin zənginləşdirilməsi istiqamətində tədqiqat işləri aparılır.
– Rəhbərlik etdiyiniz institutda təbii ehtiyatların öyrənilməsi nəzəri və praktik baxımdan hansı səviyyədədir? Alınan nəticələr elmi baxımdan sizi qane edirmi?
– Əvvəlcə bir faktı qeyd edim ki, institutumuzda muxtar respublikanın təbii ehtiyatlarının öyrənilməsinə muxtar respublika rəhbərinin qayğısı sayəsində alınan müasir avadanlıqlar əsaslı stimul olmuşdur. İnstitut əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 3 qrant layihəsinin qalibi olmuş, bu qrantlar hesabına fond vasitəsilə dəyəri 100.000 manatdan artıq avadanlıq və kimyəvi reaktivlər alınmışdır. Məhz bunun hesabına Gümüşlü polimetallik yatağı filizinin kompleks emalının elmi və praktik əsaslarının işlənib hazırlanması, yerli xammal materialları əsasında dərman preparatlarının alınması və Naxçıvanın seolitləri əsasında istiliyədavamlı izolyasiya materiallarının alınması istiqamətində əhəmiyyətli tədqiqat işləri yerinə yetirilmişdir. Bunlardan başqa, Parağaçay molibdenitindən molibdenin ayrılması üzərində də intensiv araşdırmalar aparılır. Muxtar respublikanın çox zəngin dolomit yataqlarının öyrənilməsi çox maraqlı olardı. Günəş batareyalarına alternativ strukturlar yaradılması istiqamətində böyük udma əmsalları və optimal qadağan olunmuş zona ilə xarakterizə olunan perspektivli birləşmələrin sintezi ilə bağlı intensiv araşdırmalar bəhrəsini verməkdədir. Naxçıvanın rekreasiya imkanları, landşaftı, iqlimi, hidroloji şəraiti ilə bağlı aparılan araşdırmalar və əldə edilən nəticələr olduqca maraqlıdır. Aparılan tədqiqat işlərinin səviyyəsi əldə olunan nəticənin nüfuzlu jurnallarda, beynəlxalq statuslu konqres, simpozium və konfransların materiallarında dərci ilə qiymətləndirilir. Bu baxımdan uğurlarımız çoxdur, desəm yanılmaram. Nəticələrimiz ümumdünya, ümumavropa beynəlxalq konfranslarının materiallarında dərc olunur. Mən özüm neçə ildir, xarici ölkələrdə keçirilən belə elmi tədbirlərdə iştirak edirəm.
– Bu illər ərzində institutda neçə elmlər doktoru və fəlsəfə doktoru hazırlandığı haqda məlumat verməyinizi istərdim.
– Ümumiyyətlə, institut fəaliyyətə başladığı gündən burada 2 elmlər, 8 fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir. İnstitutumuz çoxprofilli olduğundan bu spektrdə kimyaçılar, fiziklər, iqtisadçılar və texnika elmləri nümayəndələri təmsil olunurlar. 5 nəfər əməkdaşımızın müxtəlif ixtisaslar üzrə fəlsəfə doktoru dissertasiyaları hazır olduğundan bu ilin sonuna və ya gələn ilin əvvəllərinə müdafiələri planlaşdırılır. Elmi əməkdaşlarımız çox güvənilən, istedadlı, öz üzərlərində ardıcıl işləməyi sevən, sabaha inamla və nikbinliklə baxan, arzularının gerçəkləşməsinin öz əllərində olduğunu dərk edən istedadlı gənclərdir. Üç əməkdaşımız isə elmlər doktoru hazırlığı üzrə dissertasiyaları üzərində çalışır. Aydındır ki, bütün bunlar elmin inkişafının göstəricisidir. Fikrimcə, daha bir əlamətdar hadisə artıq Naxçıvanda elmi məktəblərin yaranmasıdır. Canlı elmi mühit, intellekti ilə seçilən alimlərin elmi məktəbləri olmasa, elmin inkişafından söhbət gedə bilməz.
– Elmi işlərin mövzuları necə müəyyənləşdirilir?
– İnstitutumuzda aparılan elmi-tədqiqat işləri, əsasən, Naxçıvanın elmi problemlərindən doğan mövzuları əhatə edir. Çalışırıq ki, aldığımız elmi nəticələri praktika ilə uzlaşdırıb praktik elmin payını və əhəmiyyətini yüksəldə bilək. Azərbaycanda elmin humanitar, sosial elmlər, iqtisadiyyat kimi sahələri beynəlxalq səviyyədə, demək olar ki, təmsil olunmadığından ölkə elminin 10 prioritet sahəsinə üstünlük verilir: fizika və astronomiya, tibb, kimya, materialşünaslıq, mühəndislik, riyaziyyat, yer elmləri, kimya mühəndisliyi, kompüter elmləri və energetika. Fundamental araşdırmaların öncül inkişafı olmadan dövlətin çağdaş problemlərini həll etmək imkanları mümkünsüz olur. Başqa sözlə, fundamental elmlər ölkəmizin ən yüksək milli maraqları ilə bir cərgəyə qoyulur. Bu məntiqdən yola çıxaraq biz də fəaliyyətimizdə fundamental araşdırmaların xüsusi çəkisinin yüksək olmasına çalışırıq. Ümumiyyətlə, yekdil rəy belədir ki, Azərbaycan elminin dinamik inkişafını təmin etmək üçün mövcud vəziyyətə korrektələr edilməli və təbiət elmləri üzrə alimlərin sayı və elmi faydalılıq əmsalı artırılmalıdır. Formalaşmış prioritetlər elmin, texnika və texnologiyaların çağdaş sahələri və istiqamətlərindən ibarətdir. Azərbaycan elmində formalaşmış sahə və istiqamətlər bundan sonra da maliyyələşmədə, kadr hazırlığında üstünlüklərə və imtiyazlara malik olmalı, maddi-texniki baza əhəmiyyətli dərəcədə son nəsil avadanlıqlarla gücləndirilməlidir. Başqa sözlə, mövcud prioritetlər elmimizin gələcək inkişaf proqramlarının tərkib hissəsi olmalıdır. Başqa cür hansısa uğura nail olmaq mümkün deyil.
– Bir neçə kəlmə də institutun gələcək planları haqda.
– Təbii ehtiyatların öyrənilməsi, son nəticədə, nəzərdə tutulan komponentin əldə edilməsinə hesablanır. Bu isə o qədər də asan məsələ deyil. Çoxlu riyazi hesablamalar apara bilmək istedadı, texnoloji proseslərdən baş çıxarmaq bacarığı, yaxşı eksperimentatorluq qabiliyyəti, alınan nəticələrin interpretasiyası – bunlarla silahlanan alim üçün istənilən problemin həlli mümkündür. Naxçıvanın çox zəngin təbii ehtiyatlarının – molibden, sink, arsen, qurğuşun, qızıl, gümüş, kobalt, mis, renium birləşmələrindən bu metalların alınması, müxtəlif gil, seolit, şora və kükürd yataqlarının tələb olunan elementə görə işlənməsi institutun əməkdaşlarının və təbii ki, gələcək ardıcıllarımızın əsas araşdırma obyektləri olacaq. Naxçıvanın ilbəil güclənən dinamik iqtisadiyyatını izləmək, bundan uyğun nəticələr çıxarmaq isə, təbii ki, iqtisadçıların araşdırma mövzuları olacaq. Antropogen təsirlərdən yaranan deformasiyalar, doğma diyarın hələ nə qədər kəşf olunmamış gizlinləri coğrafiyaçıların araşdırmaları ilə aydınlığa qovuşacaq. Göründüyü kimi, işləmək üçün araşdırılacaq elmi sahələrimiz yetərincədir.
– Müsahibə üçün sağ olun.
Müsahibəni apardı:
Sara ƏZİMOVA