Muxtar respublikamızda ən üstün istiqamət verilən sahələrdən biri təhsildir. Bu sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır, hər il yeni məktəb binaları inşa olunur, təhsil ocaqlarının maddi-texniki bazaları gücləndirilir. Bütün bunlar öz bəhrələrini verir. Ali məktəblərə builki qəbul imtahanlarında 500-700 intervalında bal toplayan naxçıvanlı abituriyentlərin sayı bir qədər də artaraq 347 nəfərə çatıb. Müqayisə üçün bildirək ki, bu rəqəm 2012-ci ildə 267, ötən il isə 312 nəfər olmuşdu. Builki qəbulun nəticələrinə görə, 231 nəfər 500-600, 88 nəfər 600-650, 28 nəfər 650-700 intervalında bal toplayıb.
Yüksək bal toplayan abituriyentlər sırasında 33 ucqar dağ kənd məktəbinin məzunları var. Bu da onunla bağlıdır ki, son illər muxtar respublikamızda geniş vüsət almış tikinti-quruculuq işlərinin tərkib hissəsi olan yeni məktəb binalarının tikintisi belə ünvanlarda daha çox aparılır.
Xəbərlər şöbəsi