24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması haqqında imzaladığı sərəncamdan on iki il keçir. Düz on iki il bundan əvvəl – 2002-ci il avqustun 7-də ulu öndərimizin xeyir-duası ilə akademiyanın Naxçıvan bölməsi yaradılmışdır. Naxçıvan bölməsinin yaradılması zəruriliyindən bəhs edən ümummilli liderimiz demişdir: “Mən bununla Naxçıvan Muxtar Respublikamızın indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.

Beləliklə, Naxçıvanda ötən əsrin 70-ci illərindən fəaliyyət göstərən elmi qurumların – Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan elmi-tədqiqat bazası və Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyalarının bazasında AMEA-nın Naxçıvan Bölməsi təşkil edildi. Bölmənin tərkibində altı elmi-tədqiqat müəssisəsi – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası yaradıldı.
İlk növbədə, Naxçıvan bölməsinin rəhbərliyi, elmi-tədqiqat müəssisələrinin direktorları müəyyənləşdirildi, aparılacaq elmi-tədqiqat işlərinin istiqamətləri və mövzular dəqiqləşdirildi. Bölmənin Əsasnaməsi hazır­landı və təsdiq olundu. Naxçıvan bölməsi üçün bina məsələsi həll edildi. Ayrılmış binada yenidənqurma və təmir işlərinə başlandı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu işə xüsusi diqqət göstərməsi nəticəsində təmir işləri yüksək səviyyədə aparıldı və avqust ayında elmi işçilərin ixtiyarına verildi. Sonrakı illərdə bu proses davam etdirildi. 2004 və 2005-ci illərdə Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu, Batabat Astrofizika Rəsədxanası üçün yeni binalar istifadəyə verilir. Təbii Ehtiyatlar İnstitutu üçün inzibati binanın açılışında ölkə Prezidenti cənab İlham Əliyev iştirak və proqram xarakterli çıxış etdi. Bölmənin Nəbatat bağının sahəsi genişləndirildi, yenidən quruldu və abadlaşdırıldı, ikimərtəbəli inzibati bina tikildi, su problemini birdəfəlik həll etmək üçün subartezian quyusu istifadəyə verildi, yeni texnika alındı. Batabat Astrofizika Rəsədxanası üçün ikimərtəbəli müasir layihə əsasında tikilmiş inzibati bina istifadəyə verildi. Rəsədxananın teleskop sistemi yenidən qurularaq tam avtomatlaşdırıldı. Rəsədxana sürətli internet sisteminə qoşuldu, müasir avadanlıqlarla təchiz edildi, elmi işçilərin tədqiqat aparmaları üçün normal şərait yaradıldı.
Yeni yaradılan elmi-tədqiqat müəssisələrinin struktur bölmələri – şöbə və laboratoriyalar təşkil edildi, onların maddi-texniki bazası möhkəmləndirildi. Qısa müddətdə 10-dan çox laboratoriya – Mineral xammalın kimyası və texnologiyası, Sorbsiya prosesləri, Fiziki tədqiqatlar, Avtomatlaşdırma və seysmologiya, Meyvə, tərəvəz və üzümçülük, Dənli, taxıl və paxlalı bitkilər, Torpaq ehtiyatları, Zooloji tədqiqatlar və başqa laboratoriyalar quruldu, yeni cihaz və avadanlıqlar alındı. Biokimyəvi tədqiqatlar laboratoriyası üçün Ordubad rayonunun Aşağı Əylis kəndində üçmərtəbəli inzibati bina tikildi, ən müasir cihaz və avadanlıqlarla təchiz edildi, elmi-tədqiqat işləri üçün lazımi şərait yaradıldı.
AMEA Naxçıvan Bölməsi fəaliyyətə başlayarkən ən vacib və həlli tələb olunan məsələlərdən biri kadr potensialının yaradılması idi. 2003-cü ilin yanvarında 139 əməkdaşla, o cümlədən 51 elmi işçi ilə fəaliyyətə başlanıldı. Magistr təhsilli, elmə həvəs göstərən gənclər də işə dəvət edildi, onların elmi fəaliyyətlərinə, təhsillərinin artırılmasına ciddi fikir verildi. AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarına, təhsil müəssisələrinin doktoranturalarına gənc elmi kadrlar göndərildi. Naxçıvan bölməsinin fəaliyyətə başladığı ilk illərdə başqa elm və təhsil müəssisələri bölmə üçün kadr hazır­layırdısa, artıq son illərdə Naxçıvan bölməsi nəinki Naxçıvan Muxtar Respublikası, həm də Azərbaycanın elm və təhsil müəssisələri üçün kadr hazırlığına başlamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2011-ci ildən Naxçıvan bölməsinə doktorantura və dissertantura yolu ilə kadr hazırlamağa icazə vermişdir. Artıq Naxçıvan bölməsində Rusiya Federasiyasından, Türkiyə Cümhuriyyətindən və İran İslam Respublikasından dissertantlar da elmi- tədqiqat işi üzərində işləyirlər. Ümumiyyətlə, hər il bu məqsədlə 8-10 nəfərin doktorant və dissertant mövzularının təsdiqinə, elmi istiqamətlərin müəyyən edilməsinə nail olunur.
İlk vaxtlarda doktorant və dissertantı, elmlər doktoru olmayan, cəmi 12 nəfər elmlər namizədi ilə fəaliyyətə başlayan AMEA-nın Naxçıvan Bölməsinin işçilərinin sayı artaraq 260 nəfərə, fəlsəfə doktorlarının sayı 52 nəfərə, elmlər doktorları 12 nəfərə, doktorant və dissertantlar 45 nəfərə çatdırıldı. Ulu öndər Heydər Əliyevin qayğısı sayəsində akademiyada 2003-cü ilin aprel ayında Naxçıvan bölməsi üzrə seçkilər keçirildi, 2 nəfər AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir üzvü seçildi. Bu diqqət və qayğı sonrakı illərdə də davam etdirildi. 2007 və 2014-cü il seçkilərində bölmə əməkdaşlarından 9 nəfər həqiqi və müxbir üzv seçildi, əməkdaşlardan 6-sı professor, 17-si dosent elmi adı aldı.
2006-cı ilin may ayından Naxçıvan bölməsində 3 ixtisas üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. Kadr hazırlığında şuranın özünəməxsus xidmətləri olmuşdur. Dissertasiya Şurasında həm Naxçıvan bölməsinin əməkdaşları, həm də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşları fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları müdafiə etmişlər. Müdafiə edənlər arasında 10 nəfər elmlər doktoru, 44 nəfər isə fəlsəfə doktoru olmuşdur.
Naxçıvan bölməsi fəaliyyətə başladığı ilk günlərdən elmi işçilərin fəaliyyətləri ciddi elmi-tədqiqat işlərinə yönəldilmiş, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, folkloru, onomastikası, ədəbi mühiti, mədəniyyəti, biomüxtəlifliyi, təbii ehtiyatları, nadir əlyazmaları tədqiqat istiqaməti üçün seçilmişdir. Aparılmış elmi işlər nəticəsində uğurlu nəticələr əldə edilmişdir. 127 mühüm nəticə AMEA-nın illik hesabatlarına daxil edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi... yaranmış şəraitdən məqsədyönlü istifadə etməli, elmi araşdırmalar nəticəli olmalı, onların praktikada tətbiqi işinə diqqət artırılmalı, muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatlar davam etdirilməli, fundamental nəşrlər hazırlanmalıdır”.
Bu gün bölmənin elmi-tədqiqat işlərinin nəticələri çap məhsullarında özünü aydın göstərir. Təkcə belə bir faktı qeyd etməliyik ki, 2014-cü ilin avqust ayının əvvəllərinə kimi elmi işçilərin müxtəlif nəşrlərdə 4887 məqaləsi, 153 tezisi, 4 tövsiyəsi, 36 bukleti, 14 metodik vəsaiti, 143 kitabı, 97 monoqrafiyası çap edilmişdir. 15 kitab, 9 monoqrafiya, 938 məqalə, 54 tezis, cəmi 1016 əsər xarici ölkələrdə nəşr və çap olunmuşdur.
Naxçıvan bölməsinin əməkdaşları bir sıra fundamental və ümumiləşdirici əsərlərə də müəlliflik etmişlər. Onların yaxından iştirakı ilə ikicildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi”, “Naxçıvan: tarixi və abidələri”, “Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri”, “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları” və başqaları hazırlanaraq nəşr edilmişdir. Bəhs edilən dövrdə bölmə əməkdaşları 18 xəritə tərtib etmiş, 19 patent və 5 yeni birləşmə nümunəsi almışlar. Bioloq tədqiqatçılar “Qılçıqlı-85” arpa sortu, “Qaraca-85” noxud sortu və “Süfrə bayan şirə” üzüm sortu əldə etmişlər. Onlar “Üzüm genefondu” bağı salmış, 9 kişmişi, 29 süfrə, 19 universal və 35 texniki üzüm sortlarının ampeloqrafik tədqiqini aparmışlar. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının florasının taksonomik spek­tri dəqiqləşdirilmiş və ərazidə 170 fəsiləyə, 874 cinsə daxil olan 2835 ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitki növünün olduğu müəyyən edilmişdir. Bölmənin tədqiqatçı alimləri iki beynəlxalq, səkkiz respublika səviyyəli qrant layihələrində qalib gəlmişlər.
AMEA Naxçıvan Bölməsinin mövcud Əsasnaməsinə görə il ərzində aparılmış elmi-tədqiqat işlərinin yekunlarına aid elmi hesabat hazırlanmalı və həmin hesabat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə və AMEA-nın Rəyasət Heyətinə təqdim edilməlidir. Naxçıvan bölməsi fəaliyyət göstərdiyi dövrdə ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin Naxçıvana gəlmiş üzvləri qarşısında, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə 2009-cu ilin fevral ayının 21-də 2008-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına aid hesabatını təq­dim etmişdir. Hesabat yığıncağında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov geniş və bölmənin gələcək fəaliyyəti üçün proqram xarakterli çıxış etmişdir. Naxçıvan bölməsinin elmi əməkdaşları respublikamızın müxtəlif elm və təhsil müəssisələrində fəaliyyət göstərən dissertasiya şuralarına rəsmi opponent kimi dəvət olunur, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsində iştirak edirlər. Onlar həm də doktorant və dissertantlara elmi məsləhətçi və elmi rəhbərlik edirlər. Bölmə əməkdaşlarının elmi səviyyəsi və elmi dərəcəsi artdıqca müxtəlif ixtisaslar üzrə müdafiəyə təqdim olunan dissertasiyalar, kitab və monoqrafiyalar rəy üçün Naxçıvan bölməsinə göndərilir.
Bölmədə arxeoloji ekspedisiyalara, çöl-tədqiqat işlərinə, folklor materiallarının toplanılmasına xüsusi əhəmiyyət verilir. Arxeoloq alimlərimiz ABŞ-ın Corciya və Pensilvaniya universitetlərinin, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşları ilə birgə arxeoloji ekspedisiyalarda iştirak edirlər. Artıq 2006-cı ildən beynəlxalq ekspedisiya Şərur rayonunun Oğlanqala və Ovçular təpəsi arxeoloji ekspedisiyasında arxeoloji qazıntılarda, kəşfiyyat xarakterli axtarışlarda səmərəli fəaliyyət göstərirlər. Arxeoloq alimlər Qazma mağa­rasında, Ərəbyengicədə, Şahtaxtıda, Meydantəpədə, Nəhəcirdə, Xaraba Gilanda, Plovtəpədə, Duzdağda, I Kültəpədə, I Maxta Kültəpəsində və başqa arxeoloji abidələrdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları ilə birgə fəaliyyət göstərmişlər. Bioloq və filoloq alimlər də çöl-tədqiqat işləri ilə mütəmadi məşğul olmuş, Naxçıvanın bitki aləminə və folkloruna aid zəngin materiallar toplamışlar.
AMEA Naxçıvan Bölməsində müxtəlif elm və tədris müəssisələrinin iştirakı ilə beynəlxalq və respublika səviyyəli simpozium və konfranslar keçirilir. Onun materialları kitab halında çap olunur. Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90 illiyinə həsr edilmiş “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, təbii sərvətlərinin öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, AMEA-nın 60 illiyinə həsr edilmiş “Azərbaycanda elmin inkişafı və regional problemlər”, “Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri”, “Naxçıvan bu gün: islahatlar, perspektivlər”, “Mustafa Kamal Atatürk-Heydər Əliyev – Naxçıvan: həyat və inkişaf modeli”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa mövzularda keçirilən simpozium və konfranslar dediklərimizə ən yaxşı nümunədir.
Elmi əməkdaşlarımız dünyanın 39 şəhərində keçirilən 248 beynəlxalq tədbirdə iştirak və çıxış etmişlər. 12 il ərzində bölmənin 66 nəfər əməkdaşı beynəlxalq konqres, simpozium və konfranslara qatılmışdır.
Naxçıvan bölməsinin elmi əməkdaşlarının məqalələri əsasında “İrs”, “Naxçıvan”, “Yol”, “Folklor/Ədəbiyyat”, “Qafqaz”, “Elm və həyat” jurnallarının xüsusi nömrələri Naxçıvana həsr edilmişdir. Naxçıvan bölməsi fəaliyyət göstərdiyi müddətdə bölmənin emblemi qəbul edilmiş, Tusi nəşriyyatı yaradılmış və 2005-ci ildə “Xəbərlər” jurnalı təsis edilmişdir. İki seriyadan ibarət olmaqla, hər il jurnalın 4 nömrəsi işıq üzü görür. İndiyədək “Xəbərlər”in 36 nömrəsi çıxmışdır. Jurnal 2010-cu ildə isə beynəlxalq kod almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə AMEA Naxçıvan Bölməsinin elmi kitabxanası elektron kitabxanaya çevrilmiş və lazımi avadanlıqlarla təchiz edilmişdir. 2011-ci ildən bölmədə “Axtarışlar” adlı jurnalın nəşrinə başlanılmış və indiyədək 11 nömrəsi çıxmışdır.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 80 illiyi ilə əlaqədar bölmədə “Heydər Əliyev lektoriyası” yaradılmışdır. Lektoriyada ulu öndərimizin mənalı həyatı və çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif istiqamətlərinə aid məruzələr dinlənilir, bu dahi insanın tarixi xidmətləri öyrənilir. İndiyə kimi lektoriyanın 61 məşğələsi keçirilmişdir. Naxçıvan bölməsində görkəmli şəxsiyyətlərlə görüşlər, kitab müzakirələri və təqdimat mərasimlərinin keçirilməsi də ənənə halını almışdır.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları ölkəmizdə, eləcə də onun ayrılmaz bir parçası olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvanın tarixi, tarixi abidələri və mədəniyyəti ilə bağlı verdiyi sərəncamların icrasında fəallıq göstərirlər. Bir qrup əməkdaşımız Ali Məclis Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində var qüvvə ilə çalışırlar. Bölmə əməkdaşları Naxçıvan ərazisində 1202 tarix və mədəniyyət abidəsini aşkar etmiş və onlar pasportlaşdırılmışdır. Pasportlaşdırılmış abidələr arasında 600-ə yaxın dünya və ölkə əhəmiyyətli abidələr olmuşdur. Bölmənin internet saytı yaradılmış, “Arxeologiya və etnoqrafiya muzeyi” qurulmuşdur. Bölmədə seysmoloji xidmət mərkəzi də fəaliyyət göstərir.
Fəaliyyət göstərdiyimiz 12 il ərzində hər cür diqqət və qayğı ilə əhatə olunmuş, qarşıya çıxan bütün problemlər vaxtında aradan qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyətinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2014-cü il 1 avqust tarixli Sərəncamı ilə bölmə işçilərinin vəzifə maaşları 50 faiz artırılmışdır. Həmişə olduğu kimi, bu sərəncam da Ali Məclis Sədrinin elmə, təhsilə göstərdiyi diqqət və qayğının daha bir əyani ifadəsidir.
Fəaliyyətimiz dövründə əməkdaşlarımızın elmi fəaliyyətləri yüksək qiymətləndirilmiş, 2 nəfər “Əməkdar elm xadimi”, 1 nəfər “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 3 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. 2 nəfər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəxri fərmanı, 8 nəfər isə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşlər.

Azərbaycan xalqının ümummilli lideri Heyər Əliyev tərəfindən əsası qoyulan AMEA-nın Naxçıvan Bölməsi 12 il ərzində muxtar respublikada elmi mühitin canlandırılması və inkişaf etdirilməsinə öz töhfələrini verməkdədir. Naxçıvan bölməsinin bütün əməkdaşları qarşıya qoyulan vəzifələrin bundan sonra da yüksək səviyyədə yerinə yetirilməsinə, Naxçıvanın tarixinin, mədəniyyətinin, təbii ehtiyatları və biomüxtəlifliyinin obyektiv və hərtərəfli öyrənilməsinə bütün bilik və bacarıqlarını sərf edəcəklər.

İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR