Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat və Sənaye nazirliklərinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. 18 iyul 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası istiqamətində təşkil olunan tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov və təhsil naziri Piri Nağıyev çıxış ediblər. Bildirilib ki, muxtar respublikamızın təhsil müəssisələrində müəllim, tələbə və şagirdlərin vahid geyim formaları ilə təmin edilməsi, tədris ləvazimatlarının keyfiyyətinə və təhsil ocaqlarında yerləşən ictimai-iaşə obyektlərinin fəaliyyətinə nəzarət edilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir. Qeyd olunub ki, ümumtəhsil məktəblərində 2025-i kişi, 4955-i qadın olmaqla, cəmi 6980 müəllim fəaliyyət göstərir. Müəllimlərin vahid geyim formasına olan illik tələbatı 10 min 471 dəst, məktəb daxilində geyilən yüngül ayaqqabıya olan illik tələbatı isə 7 min 25 cüt təşkil edir. Ümumtəhsil məktəblərində 21 min 441-i oğlan, 22 min 676-sı qız olmaqla, cəmi 44 min 117 şagird təhsil alır.
Onların vahid geyim formasına olan illik tələbatı 66 min 176 dəst, məktəb daxilində geyilən yüngül ayaqqabıya olan illik tələbatı isə 44 min 200 cüt təşkil edir. Müəllim və şagirdlər üçün geyim formalarının istehsalını “Zümrüd” Kiçik Müəssisəsi həyata keçirir.
Muxtar respublikanın lisey, kollec və peşə məktəblərində isə 86-sı kişi, 233-ü qadın olmaqla, 319 müəllim fəaliyyət göstərir. Onların vahid geyim formasına olan illik tələbatı 480 dəst, yüngül ayaqqabıya olan illik tələbatı isə 319 cüt təşkil edir. Adıçəkilən təhsil müəssisələrində 2080 şagird, müdavim və tələbə təhsil alır ki, bunların da vahid geyim formasına olan illik tələbatı 3120 dəst, yüngül ayaqqabıya olan tələbatı isə 2080 cüt təşkil edir. Bu müəssisələrin geyim formalarının tikilişini Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyəti, Naxçıvan “Alt Trikotaj” Açıq Səhmdar Cəmiyyəti və “Zümrüd” Kiçik Müəssisəsi həyata keçirir.
Ali məktəblərdə isə 285-i kişi, 259-u qadın olmaqla, 544 müəllim fəaliyyət göstərir. Professor-müəllim heyətinin vahid geyim formasına olan illik tələbatı 815 dəst, sayı 4921 nəfər təşkil edən ali məktəb tələbələrinin geyim formasına olan tələbatı isə 7 min 382 dəst təşkil edir. Ali təhsil müəssisələrinin müəllim və tələbələrinin vahid geyim formalarının tikilişini isə Naxçıvan “Tikiş” və “Alt Trikotaj” Açıq Səhmdar cəmiyyətləri həyata keçirir.
Vurğulanıb ki, ümumilikdə, muxtar respublikada bütün müəllim, şagird və tələbələrin vahid geyim formasına olan illik tələbatı 88 min 444 dəst, məktəb daxilində geyilən yüngül ayaqqabıya olan illik tələbatı isə 53 min 624 cüt təşkil edir. Hazırda muxtar respublikada illik istehsal gücü 156 000 dəst olan Naxçıvan “Tikiş” Açıq Səhmdar Cəmiyyəti, illik istehsal gücü 156 000 dəst olan Naxçıvan “Alt Trikotaj” Açıq Səhmdar Cəmiyyəti və illik istehsal gücü 397 000 dəst olan “Zümrüd” Kiçik Müəssisəsinin fəaliyyəti bütün təhsil müəssisələrində vahid geyim formalarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödəməyə imkan verir. “Zümrüd” Kiçik Müəssisəsində 2014-cü ildə illik istehsal gücü 312 000 ədəd olan köynək istehsalı sahəsi də qurulub ki, bu da gələcəkdə köynəyə olan tələbatı tam təmin edəcəkdir. Yeni tədris ilinə hazırlıqla əlaqədar hazırda həmin müəssisələrin anbarlarında 13 min 500 dəst vahid geyim forması ehtiyatı mövcuddur. Təhsil müəssisələrindən daxil olan sifarişlər nəzərə alınmaqla vahid geyim formalarının tikilişi davam etdirilir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən muxtar respublikada tikilən vahid geyim formalarının keyfiyyətinə nəzarət daim diqqətdə saxlanılır, tikiş mallarının satışını həyata keçirən ticarət obyektlərində mütəmadi olaraq monitorinqlər keçirilir. Bundan əlavə, müntəzəm olaraq təhsil ocaqlarında yerləşən ictimai-iaşə obyektlərində müəyyənləşdirilmiş qaydaların tələblərinə əməl olunması, yerli istehsal məhsullarının satışına üstünlük verilməsi diqqətdə saxlanılır, satışda olan malların keyfiyyətinə nəzarət olunur. Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərini ərzaq məhsulları ilə təchiz edən müəssisələrdə istehsal olunan məhsulların keyfiyyətinə mütəmadi olaraq nəzarət olunur və həmin məhsullar “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən laboratoriya təhlillərindən keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdiri Namiq Əhmədovun, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Rauf Rüstəmovun çıxışları olub.
Sonda qeyd olunan məsələlər ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi