İyulun 27-də Naxçıvan Dövlət Universitetində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçirilib. Naxçıvan şəhərində keçirilən imtahanda 26 namizəd iştirak edib. Saat 1100-də başlanan imtahanda namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib.
Qeyd edək ki, namizədlərə ixtisas fənləri üzrə hər bir test tapşırığının cavabı 1 balla qiymətləndirilən 100 test tapşırığı təqdim olunub; səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı bal 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.
Qeyd edək ki, rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılır. Namizədlər müəyyən olunmuş müddət ərzində internet üzərindən elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi 30 mart 2014-cü il tarixdə keçirilib və müsabiqə şərtini ödəyənlər (ən azı 40 bal toplayanlar) imtahanın II mərhələsinə buraxılıblar.
Məlumat üçün bildirək ki, həmin gün Heydər Əliyev adına Hərbi Liseyə də qəbul imtahanı keçirilib.
Səbuhi HƏSƏNOV