24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının fransız dili müəllimləri üçün beşgünlük pedaqoji staj keçilir.
Pedaqoji staj başlamazdan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dünya təhsilinə inteqrasiya istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, dünyanın 80-dən çox tanınmış universitetləri ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəbdə 300-dən çox xarici vətəndaş təhsil alır. Müxtəlif beynəlxalq layihələrdə uğurla təmsil olunan universitetdə Avropa dillərinin, eləcə də fransız dilinin, ədəbiyyatının tədrisinə xüsusi əhəmiyyət verilir. Hər il keçirilən ənənəvi Frankofoniya bayramı vasitəsilə tələbələrdə fransız dilinə, tarixinə və mədəniyyətinə maraq yaradılır. Rektor Fransanın Azərbaycandakı səfirliyinin ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirərək ölkələrarası əlaqələrin inkişafında elm və təhsil sahəsindəki tərəfdaşlığın rolundan bəhs edib. Qeyd olunub ki, Naxçıvanda ilk dəfə tanınmış mütəxəssislərin iştirakı ilə keçiləcək pedaqoji staj fransız dilinin mənimsənilməsi və tədrisi baxımından faydalı olacaq.

Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini Azərbaycan və Fransa arasında bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın inkişafından danışıb, səfirliyin təşkilatçılığı ilə keçiləcək “Fransız şəhərciyi” adlanan pedaqoji staj və həyata keçirilməsi nəzərdə tutulan digər layihələr haqqında məlumat verib. Sonra pedaqoji staja start verilib. Qeyd edək ki, Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və əməkdaşlıq şöbəsinin və Azərbaycanda Fransız İnstitutunun təşkil etdiyi bu pedaqoji staj hər il Azərbaycanın müxtəlif rayonlarında keçilir. Sayca onuncu olan və Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçilən “Fransız şəhərciyi” adlı pedaqoji staj zamanı iştirakçılar fransız dili mütəxəssisləri ilə ünsiyyətdə olacaq, bu dildə fəal şəkildə dialoq quracaqlar. 21-25 iyul tarixlərində keçiləcək pedaqoji stajda muxtar respublikada fəaliyyət göstərən 40-a yaxın fransız dili müəllimi iştirak edəcək. Pedaqoji staj zamanı Parisdən dəvət olunan fransız dili müəllimləri xanım Selin dü Şene, Mişel Bondüran və Azərbaycandakı Fransız İnstitutunun müəllimi xanım Elsa Furtado fransız dilinin qrammatikası, leksikologiyası və semantikası ilə bağlı mövzular tədris edəcək, praktik məşğələlər aparacaqlar. Sonda pedaqoji staj keçən müəllimlərə sertifikatlar təqdim olunacaq.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR